İslam sammitinin pərdəarxası -Azərbaycan İrana qarşı koalisiyada yer alacaq?
Siyasi təhlilçilər ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfərini və ölkəmizin prezident səviyyəsində təmsilçiliyini şərh edirlər; “Azərbaycan öz müttəfiqlərinin – Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yanında yer almalıdır”
Yenixeber.org: “Ərəb və müsəlman dövlətləri liderlərinin, o cümlədən ABŞ prezidentinin iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilən zirvə toplantısı nəticəsindən asılı olmayaraq mühüm hadisədir”.
Politoloq Elçin Mirzəbəyli bu fikirləri Səudiyyə Ərəbistanında Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi “İslam dünyası-ABŞ zirvəsi” kimi təqdim olunan sammiti “Yeni Müsavat”a dəyərləndirərkən söylədi.
ABŞ prezidenti Donald Trampın ilk xarici səfərini məhz Əl-Riyaddan başlamasını və onlarla İslam dövlətlərinin başçıları ilə bir araya gəlməsindən bəhs edən siyasi şərhçi burada müəyyən hədəflərin olduğunu vurğuladı: “Sammitin gündəmində müzakirə olunan məsələlər – qlobal sülh və sabitliyin təmin olunması, terrorizmə və zorakılığa qarşı birgə mübarizə həm islam ölkələri, həm də ABŞ üçün prioritet təşkil edir. Zirvə toplantısında diqqət çəkən məqamlardan biri ABŞ prezidentinin islam ölkələrini İranı izolyasiya etməyə çağırması, Səudiyyə Ərəbistanı liderinin isə İranı İŞİD terror təşkilatı ilə eyniləşdirilməsidir. Rusiya və İran mətbuatının toplantını “İran əleyhinə zirvə” kimi dəyərləndirməsi də diqqət çəkir. Rusiyanın bu prosesdə nə dərəcədə maraqlı olduğunu deyə bilmərəm, lakin indiki mənzərə Moskvanın da İranla bağlı proseslərdə maraqlı olduğunu göstərir. Çünki İranın Suriyadan sıxışdırılması və enerji bazarına çıxışdan təcrid edilməsi Rusiyanın da maraqlarına uyğun gəlir. Kremlə yaxın mətbuatın zirvə toplantısı ətrafında aşırı hay-küy salması isə sübuta yetirir ki, Moskva İranı öz maraqlarına qurban verib. Günahkarlar adətən günahsız olduqlarını sübuta yetirmək üçün daha möhkəm canfəşanlıq edirlər”.
Lakin E.Mirzəbəyli bildirdi ki, zirvə toplantısının bütövlükdə İrana qarşı koalisiyaya çevriləcəyini düşünmür:“Azərbaycan da bu prosesdə hər hansı bir formada yer almayacaq. Bununla yanaşı, toplantıdan sonra İrana qarşı sanksiyaların daha sərt şəkil alacağı gözləniləndir. ABŞ prezidentinin İranla bağlı bəyanatları bu prosesin daha tez həyata keçiriləcəyi ehtimalını yaradır. İrana qarşı kampaniya Trampın ictimai rəydəki mövqelərinin möhkəmləndirilməsi üçün də əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, sözügedən toplantıya bölgənin ən böyük və iddialı dövlətlərindən biri olan İran dəvət olunmamışdı və bu da ciddi müzakirələrə yol açıb. Hətta zirvədə İrana qarşı hədələrin səslənməsi belə ehtimallar yaradır ki, əslində ABŞ bölgədə İrana qarşı koalisiya qurmaq niyyətindədir. “İran rejimi Xomeynidən sonra terrorizmin bayrağını daşıyır. Bizim xoş niyyətli qonşuluq münasibətlərimizi də rədd etdi. Bu niyyətlərimizə regionda sərt siyasət və terror aksiyaları ilə cavab verdi”. Bunu Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud ərəb və müsəlman liderlərinin ekstremizmə qarşı mübarizəyə həsr edilmiş sammitində çıxışı zamanı deyib. “İran rejimi susmağımızı zəiflik, hikmətimizi isə geri çəkilmək kimi başa düşdü. Bu gün burada əhalisinin sayı 1.5 milyarddan çox olan 55 ölkənin lideri ilə bir yerdəyik. Bu ölkələr dünyada sülh, sabitlik və təhlükəsizliyin əldə edilməsi üçün terror və radikalizmlə mübarizədə önəmli müttəfiqlərimiz oldu” - kral bildirib.
Bu, Tehranla Əl-Riyad arasındakı münasibətlərin kifayət qədər gərgin olduğunu son xəbərdarlıq bir daha sübut edir. Bir məqamı da vurğulamaq lazımdır ki, zirvədən öncə ortada “İslam NATO”sunun yaradılması ideyasının olduğu da dartışılırdı. Bəzi ekspertlər ABŞ-ın Şimali Koreya sahillərində fəallaşmasını əslində diqqəti yayındırmaq cəhdi sayıb böyük savaşın İrana qarşı hazırlandığını güman edirdilər. Bu mənada beynəlxalq koalisiyanın Suriyada Rusiya ilə bərabər, İranın müqaviməti ilə üzləşməsini xatırladıb Tehrana qarşı qəti addımların planlaşdırıldığını vurğulayırdılar.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə fərqli mövqedədir: “İslam NATO”su Donald Trampın ideyası deyil. Bu ideya Səudiyyə Ərəbistanında yaranıb, keçmiş ABŞ prezidenti Barak Obama administrasiyası isə ona dəstək verib. Amerika özü “İslam NATO”sunun üzvü olmayacaq. Tramp administrasiyasının məqsədi İrana qarşı halqanı daraltmaqdır. Çünki Obamadan fərqli olaraq, Tramp Tehranla münasibətləri istiləşdirmək istəmir. Tramp hesab edir ki, İran nüvə çülışmalarından müvəqqəti əl çəkib və bölgədə destruktiv fəaliyyətini davam etdirir. Ancaq “İslam NATO”sunun bölgədə sabitlik yaratmaq kimi çoxfunksiyalı məqsədləri də ola bilər”.
E.Şahinoğlu da İrana qarşı koalisiyanın təşkil olunacağı halda, Bakının burada yer alacağını düşünmür: “Azərbaycan prezidenti İlham Əlivev də Ər-Riyaddakı toplantıda iştirak edib. Bu, doğru qərar idi. Çünki Səudiyyə Ərəbistanı Azərbaycanın müttəfiqidir. Bəziləri mənim bu fikirimlə razılaşmırlar. Mənim də onlara dediyim arqument bundan ibarətdir: Azərbaycan torpaqlarının işğalına görə Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibət qurmayıb, ərazi bütövlüyü məsələsində ölkəmizi birmənalı dəstəkləyir. Müttəfiq ayrı necə olmalıdır? Ona görə də İlham Əliyev Səudiyyə Ərəbistanı kralının dəvətini qəbul etməyə bilməzdi. O başqa məsələdir ki, rəsmi Bakı Azərbaycanın “İslam NATO”suna üzvlük qərarı verməyib. Rəsmi Bakı məncə, İran və Rusiya amilini nəzərə alır. Ancaq şəxsən mənim fikrimcə, Ermənistanla sıx əlaqələri olan ölkələrin necə reaksiya verəcəyini düşünməkdənsə, Azərbaycan müttəfiqlərinin – Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yanında yer almalıdır”.
Prezident Trampın Səudiyyə Ərəbistanında başlayan ilk xarici səfərinin ardınca onun İran üçün arzuolunmaz dövlət olan İsrailə yollanması da çox mətləblərdən xəbər verir. İranın növbəti sanksiyalarla təhdid olunduğu bir ərəfədə bu, heç də yaxşı perspektivlərdən xəbər verməyən turnedir.