RUSİYA VƏ NATO ARASINDA RAKET GƏRGİNLİYİ
Rusiyanın Kalininqrad anklavında yerləşdirdiyi ən müasir raketlərlə əlaqədar NATO və Kreml arasında qarşılıqlı ittihamlar başlayıb.
Xeberinfo.com: “The Guardian”-ın yazdığına görə, NATO-nun ittihamlarına cavab olaraq, Vladimir Putin deyib ki, Rusiya sadəcə olaraq NATO-nun aqressiyasına reaksiya göstərir. Bu ifadələr Donald Trampın prezidentliyinin “köhnə qitə”nin təhlükəsizlik sisteminə necə təsir edəcəyinin Avropanın maraqla gözlədiyi bir zamanda səslənir.
Özünün seçki kampaniyası vaxtı Tramp jurnalistlərə verdiyi müsahibəsində deyib ki, NATO müttəfiqlərinə bildirmək istəyir: ”Sizi təbrik edirəm, bundan sonra özünüz-özünüzü qoruyacaqsınız!”.
Bəs, əgər alyans üzvləri Trampın istədiyi kimi, NATO büdcəsinə lazımı qədər maliyyə vəsaiti köçürməslər, onda o nə edəcək?
Noyabr ayının 22-də Avropa parlamenti böyük səs çoxluğu ilə (369 lehinə, 255 əleyhinə) üzv ölkələr arasındakı qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi planına səs verib. Bu cür addım müəyyən mənada Trampın bəyənatının təsirindən də qaynaqlanıb.
Qətnaməni hazırlayan Avropa parlamentinin üzvü və Estoniyanın keçmiş xarici işlər naziri Urmas Paet deyib: “Bizim ittifaq nəhəg hərbi gücə qarşı durmaq imkanına hazır deyil. Avropa hələ də NATO–nun və ABŞ-la əməkdaşlıq potensialına güvənir”.
Tramp özünün seçki kampaniyasında NATO-nu köhnəlmiş təşkilat adlandıraraq, Rusiya ilə Suriyada hərbi alyans yaratmağın mümkünlüyünü bildirmişdi. Moskva Trampın bəyanatını ehtiyatla qarşılasa da, lakin onun bu sözləri əksər Avropa paytaxtlarında və xüsusən də üç Pribaltika respublikasında dəhşətlə qarşılanıb. Gələn məlumatlara əsasən, hazırda Rusiya gəmilər əleyhinə “Bastion” raketlərini Kalininqrad vilayətində yerləşdirib. Rusiya Federasiya Şurasının senatoru Yuri Ozerov isə bildirib ki, Rusiya bu ərazilərdə ballistik “İskander” raketləri və “S-400” Raket Əleyhinə Müdafiə sistemi yerləşdirəcək.
Putinin mətbuat katibi Dmitri Peskov deyib: ”Kalininqrad vilayətinə raketlərin yollanması düşmənçilik əhvalına bürünmüş Qərbə qarşı verilən məntiqi cavabdır. Rusiya NATO-nun ekspansionist hərəkətləri fonunda öz sərhədləri boyunca təhlükəsizliyini təmin etməyə çalışır. Alyans həqiqətən də aqressiv blokdur və hazırkı vəziyyətdə Rusiya suveren hüququndan istifadə edərək, Rusiya Federasiyasının bütün ərazisində lazımı tədbirlər görür”.
Hazırda raket kompleksləri Kalininqradda yerləşdirilibmi və ya daimi olmaq şərti ilə orada yerləşəcəkmi sualına Peskov cavab verməyib.
Bir neçə gün əvvəl Oliver Stounun Rusiya televiziyası ilə nümayiş etdirilən “Ukrayna od içində” filmindəki müsahibəsində Putin deyib: ”Hansı ölkə ki, NATO-nun üzvü olur, onda onun ABŞ kimi NATO-nun böyük dövlətlərinin təzyiqinə müqavimət göstərməsi çox çətin olur. Belə olan halda həmin ölkənin ərazisində istənilən bir şeyin peyda olması asandır. Həm Raket Əleyhinə Müdafiə sistemləri və həm də yeni bazalar, əgər lazım olarsa yeni zərbə kompleksləri də. Bəs, biz nə etməliyik? Belə olan halda biz əks-tədbirlər görmək məcburiyyətində qalırıq, yəni bizim raket sistemlərimizi təhlükə altında qoyan həmin obyektlərə qarşı tədbir görürük. Bununla da vəziyyət gərginləşir”.
B.Britaniya baş nazirinin rəsmi nümayəndəsinin müavini, baş nazir Tereza Mey və Yens Stoltenberqin görüşündə NATO-ya münasibətdə Trampın yanaşması müzakirə ediləcəkmi sulalını belə cavablandırıb: “Təbii ki, müzakirənin bir hissəsi NATO-nun maliyyələşməsinə və hər bir üzv ölkənin ÜDM-in iki faiz hərbi xərclərə yönəldəyəcəyi öhdəliyini yerinə yetirməsinə həsr ediləcək. Amma ümumiyyətlə bu alyansın problemləri barəsində geniş bir söhbət olacaq. O ki qaldı iki faiz barəsində, biz hələ bu məsələ barəsində NATO-nun Uels sammitində israrlı idik. Biz digər ölkələrin də bunu həyata keçirməsi fikrinin üstündə dururuq. Və biz bəzi ölkələrin bu göstəriciyə necə yaxınlaşmağa başlamasını artıq görürük. Hesab edirik ki, bu öhdəlik çox vacibdir”.