“Rusiya yapon texnologiyasından hərbi məqsədlər üçün istifadə edə bilər”
Bu ayın əvvəlində Rusiyanın müdafiə sənayesi ilə bağlı olan məmurları Yaponiyanın böyük robotqayırma şirkətini ziyarət ediblər və lazımı texnologiyanın alınması barəsində danışıqlar aparıblar. Özəl şirkətlər tərfindən hazırlanan qabaqcıl texnologiyaları hərbi məqsədlər üçün də istifadə etmək mümkündür.
Xeberinfo.com: Mütəxəssislər Rusiya silahlarının modernləşdirilməsi üçün, onların yapon texnologiyasından istifadə edəcəyindən ehtiyat edirlər. 2014-cü ildə Yaponiya və Qərb ölkələri anti-Rusiya iqtisadi sanksiyaları tətbiq edərək, hərbi məqsədlər üçün istifadə edilə biləcək məhsulların idxalına qadağa qoyublar. Ancaq hər halda ekspertlər bildirirlər ki, sanksiyalar sadəcə formal xarakter almağa başlayır.
Beynəlxalq KİV-lərin məlumatına görə, Rusiya Federasiyasının ticarət və sənaye naziri Denis Manturovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyanı ziyarət edib. Rusiya nümayəndə heyəti Fudziyama dağının ətəklərində yerləşən və Yaponiyanın robot texnikası istehsal edən “FANUC” şirkətinə məxsus zavodda olublar. Bu şirkətin illik dövriyyəsi 700 milyard yen təşkil edir. ”FANUC” istehsalın avtomatlaşdırılması sahəsində dünya lideridir. Dünyanın 43 ölkəsində bu şirkətin nümayəndəliyi var. Onlar 2003-cü ildə Rusiyada müştərək müəssisə yaradıblar.
2007-ci ilə qədər Denis Manturov, hərbi vertolyotlar və təyyarələr üçün mühərriklər istehsal edən “Oboronprom” dövlət müəssisəsinin rəhbəri olub. Zavodla tanışlıq zamanı rusiyalı nazır “FANUC” rəhbərliyi ilə sənaye robotlarının və həmçinin də bütövlükdə Rusiya sənayesinin modernləşdirilməsi üçün lazımı texnologiyaların alınması məsələsini müzakirə edib.
KİV-lərin məlumatına əsasən, Rusiya nümayəndələrini müşayət edən “FANUC” şirkətinin prezidenti Yoşiharı İnaba, yapon şirkətinin Rusiya bazarında təmsil edilməsini arzuladığını söyləyib. Mümkün ola biləcək əməkdaşlığın detalları isə hələlik məlum deyil. Yaponiya səfəri öncəsi cənab Manturov qeyd edib ki, Yaponiyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, ölkələr arasındakı əməkdaşlığa ziyan vermir.
“FANUC” şirkətinin PR şöbəsinin rəhbəri müsahibəsində deyib ki, hazırkı məqamda görüşün təfərrüatını aça bilməz, ancaq şirkətin bütün fəaliyyətləri tamamilə qanunidir. O ki qaldı Yaponiya avadanlıqlarının ixracatına, hələ SSRİ 1987-ci ildə “Toshiba Machine” şirkətindən yüksək dəqiqlikli metalkəsən dəzgahlar almışdı. Yeni texnologiya ilə hazırlanmış avarlı vintlər sovet atom sualtı qayıqlarının şəs-küyünü dəfələrlə azaltmışdı. Beləliklə, o dövrdə ”Toshiba Machine” strateji məhsulların ixracı üzərində nəzarət komitəsinin qaydalarını pozmuşdu.
Həmin komitə SSRİ-nin dağılmasından sonra 1994-cü ildə öz fəaliyyətini dayandırıb. Ona görə də, indi hər hansı bir eksport məhdudiyyəti mövcud deyil.
Böyük Britaniyanın “Birləşmiş Krallıq Müdafiə Araşdırmaları” (Royal United Service İnstitute) institutunun aparıcı əməkdaşı İqor Suyaqin qeyd edir: “Rusiyadakı hərbi sənaye, mülkü sənayedən heç cür ayrılmayıb. Mülkü texnologiyalar hərbi məqsədlər üçün istifadə edilə bilər. Rusiya hərbi sənayesi texnoloji və istehsal nöqteyi-nəzərdən çətinliklə üzləşdiyinə görə, robot texnikasına aid olan aparıcı yapon texnologiyasına böyük ehtiyac duyur. Yapon texnologiyasının köhnəlmiş “Tu-160” strateji bombardmançılarında istifadə olunması təhlükə var.”
(“Senkey Simbun” – Yaponiya)