Türkiyənin İraqdakı “gizli müharibəsi”
“The Daily Telegraph” qəzetinin müxbiri Sofia Barbaraninin İraqdakı Başiqa məntəqəsindən hazırladığı eksklüziv reportaja görə, bu ölkədə Türkiyənin min əsgərlik quru qüvvələri İslam Dövləti adlandırılan təşkilatla məxfi müharibə aparır.
Xeberinfo.com: Müxbir yazır ki, İŞİD-in istehkamı – Mosul şəhərinin cəmi 15 kilometrliyində bir neçə tank artıq aylardır, Ninəva çölləri üzərində qərar tutub.
Kürd peşmərgə generalının dedyinə görə, türk tanklarının lülələri Mosula tuşlanıb və türk əsgərləri buradan İŞİD qüvvələrini aramsız atəşə tuturlar.
Türkləri kim çağırıb?
General Bəhram Yasin deyir ki, əgər Amerika burada kifayət qədər iş görsəydi, türklərin gəlmələrinə ehtiyac qalmazdı.
Yerli sakinlər deyirlər ki, Türkiyə tankları bazanın ətrafında dövrə vuraraq İŞİD-in mövqelərinə mərmi yağdırırlar.
Burada “The Telegraph”ın müxbirinə iki Sabra (M60T) tankının şəkillərini də göstəriblər.
Məqalədə deyilir ki, Kürd Peşmərgə Nazirliyinin qərargah rəisi Cabar Yavərin dediyinə görə Başiqa məntəqəsində minlə 2 min arasında türk əsgəri qüvvəsi var.
“Türklər ora Bağdad hökuməti ilə razılaşma əsasında göndəriliblər. Bizim onlarla koordinasiya və əlaqəmiz yoxdur və biz onların gəlişi üçün xahiş etməmişik” – deyib cənab Yavər.
“The Telegraph” müxbiri yazır ki, bu bölgədə türk əsgərlərinin olmasına görə kürd regional hökuməti və Bağdad, biri digərini məsul sayır.
Qəzet yazır ki, Türkiyə hökuməti ilə prezident Məsud Bərzaninin Kürdüstan Demokratik Partiyası arasında getdikcə artan müttəfiqlik Bağdadı ciddi narahat edir.
Türkiyənin “öz kürdləri”
Məqalədə deyilir ki, Türkiyə “öz kürdləri” ilə 40 ildir silahlı münaqişədə olmasına baxmayaraq, Ankara və İraq kürdlərinin hökuməti arasında sıx siyasi və iqtisadi münasibətlər yaranıb.
Müxbir yazır ki, “bu təmənnalı izdivac” Ankaraya İraqın şimalında, ələxüsus da Mosulun həndəvərində möhkəmlənmək imkanı verib. Bu şəhər 1918-ci ilədək Osmanlı imperiyasına daxil idi.
Atlantika Şurasından baş tədqiqatçı Aaron Stein deyir ki, burada ayaq tutmaq Türkiyəyə, Bağdad və Diyalada fəal olan İrana balans yaratmaq üçün lazımdır. Ekspertin fikrincə, bu hərəkət Ankaranın Mosulun İŞİD-dən sonrakı dövründə fəal rol oynamaq istədiyini göstərir. Məqalədə deyilir ki, ötən dekabrın əvvəllərində buraya 150-dək türk əsgəri gətirilib və onlardan əvvəl burada artıq 90 təlimçi olub. Bu qüvvələrin burada olmasından türklərin və kürdlərin yaxın müttəfiqi, keçmiş Mosul qubernatoru Atil əl-Nucayfi də xəbərdardır. (BBC azeri)