Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya" fraksiyasının üzvü İlya Ponomaryovölkəsinin Dağlıq Qarabağda və ətraf regionlarda apardığı siyasətdən danışıb. Xeberinfo.com: Məlumata görə, deputat Rusiyanın həyata keçirdiyi aqressiv siyasəti neftin qiymətinin kəskin enməsi ilə əlaqələndirib.
Son vaxtlar Rusiya və Türkiyə arasında baş verən gərginliklər fonunda diqqətlər Dağlıq Qarabağ münaqişəsinə yönəlir. Bəzi ekpertlərin fikrincə, Türkiyə və Rusiyanın növbəti qarşıdurma məkanı Dağlıq Qarabağ ola bilər.
İlya Ponomaryov isə Rusiyanın belə çətin vəziyyətdə Dağlıq Qarabağda münaqişəni alovlandırmaq üçün cəhdlər etməyəcəyini deyir.
“Amma Ermənistan rəhbərliyinin istəyi və mövqeyi var. Heç kim zəmanət verə bilməz ki, belə bir hal baş verəməyəcək. Nəzərə almaq lazımdır ki, Ermənistanda Kremlin təsir dairəsi xeyli daralıb. Lakin Rusiyanın az sayda qalan sadiq müttəfiqləri sırasında Ermənistan hələ də var. Bu səbəbdən Ermənistan bu sadiqliyin qarşılığında nəsə qazanmaq istəyəcək.”
İlya Ponomaryov - Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya" fraksiyasının üzvü
Ponomaryov bildirib ki, əgər Azərbaycan öz ərazilərini hərbi yolla azad etməyə cəhd etsə, Dağlıq Qarabağda müharibənin yeni mərhələsi başlaya bilər: “Bu zaman Rusiya Ermənistana görə Azərbaycanla müharibəyə başlayacağını ehtimal etmirəm. Lakin əgər bu baş verərsə, Rusiya qoşun göndərməsədə silah və hərbi texnika ilə köməklik edəcək. Rusiya Qarabağda münaqişəyə birbaşa qoşulsa müharibənin miqyası böyüyəcək”.
Ümumilikdə isə Rusiya və Türkiyə arasında münasibətlərin pisləşməsindən sonra Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan əraziləri ətarfında ziddiyətli fikirlər dolaşmaqdadır. Çünki hər iki ölkənin regionda öz maraqları var. Ermənistan və Rusiya ekspertləri Azərbaycanın və Türkiyənin ünvanına ziddiyətli fikirlər səsləndirirlər. Bəzi siyasi şərhçilər İlya Ponomaryov kimi müharibə ehtimalının az olduğunu qeyd etsələr də, bəziləri bu gərgin geosiyasi vəziyyətdə yeni Qarabağ müharibəsinin yaxın olduğunu qeyd edirlər.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Dağlıq Qarabağda müharibənin başlanması ehtimalı işğal olunmuş rayonlar Azərbaycana qaytarılmayana qədər yüksəkdir: “Dağlıq Qarabağdakı müharibənin Rusiya və Türkiyə münasibətlərindən aslı olduğuna inanmıram. Türkiyə və Rusiya arasında münasibətlər gərgin olmadığı vaxtlarda da atəşkəs pozulurdu və hər iki tərəf itki verir. Bu Azərbaycan və Ermənistan arasında baş verən münaqişədir. Türkiyə və Rusiya arasındakı münasibətlər Qarabağda müharibə ehtimalını artırmır”.
Elxan Şahinoğlu - "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri
E.Şahinoğlu bildirir ki, əgər Qarabağda müharibə başlayarsa, Rusiya Ermənistana birbaşa hərbi yardım göstərəcək: “İki ölkə müttəfiqdirlər və aralarında təhlükəsizliklə bağlı müqavilələr var. Rusiyanın Ermənistana göndərdiyi silahların bir hissəsi Dağlıq Qarabağa yerləşdirilə bilər. Müharibə zamanı Rusiya əsgərlərinin Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşmə ehtimalı yüksəkdir”.
Amma Rusiyanın hazırki iqtisadi vəziyyəti onu daha da aqressivləşdirir. Hazırda Səudiyyə Ərəbistanı Avropaya qaz və nefti ixracını artırmaqla Rusiyanın bu regiondakı mövqeyini zəiflədir.
Dağlıq Qarabağ və ətafındakı rayonlar
Rusiya və Türkiyə arasında yaranan süni münaqişə də yəqin ki, buna hesablanıb. Çünki Rusiya Dağlıq Qarabağ, Ukrayna, Suriyada və digər münaqişə bölgələrində vəziyyəti gərginləşdirməklə neftin qiymətini qaldırmaq istəyir.
Rusiyanın əsas məqsədlərindən biri Dağlıq Qarabağla Cənubi Qafqazı, İŞİD-i bombalamaq adı altında daxil olduğu İraq və Suriyada isə kürdlərinə dəstək verməklə Yaxın Şərqi nəzarətdə saxlamaqdır. Hər iki regionun iqtisadi cəhətdən inkişafında neft böyük rol oynayır.
Əlbəttə ki, regionda baş verən bütün bu iqtisadi və siyasi müharibələr həm Azərbaycanın iqtisadiyyatına, həm də işğal altında olan ərazilərinin geri qaytarma imkanlarına zərbə vurur.