ABŞ kəşfiyyatı: Rusiya ordusu Suriyaya yerləşir
Amerikan kəşfiyyatı Suriyadakı vətəndaş müharibəsində Rusiyanın iştirakının artması barəsində əsaslı sübutlar əldə edib.
"Xeberinfo.com": Məlumata görə, “Los Angeles Times” yazır ki, Rusiya hərbçilərinin və onların ağır silahlı texnikasının Suriya ərazisində yerləşdirilməsinə dair peykdən çəkilmış görüntülər var.
Bundan əlavə, amerikalı məmurların sözlərinə görə, Rusiya Suriya ilə sərhəd ölkələrinin birinə öz hərbi təyyarələrini onun ərəzisindən keçirməklə Suriyaya aparılmasını da xahiş edib. Onlar bu ölkənin adını çəkməsələr də, hər halda məlumdur ki, Rusiya ilə Suriya arasında Türkiyə yerləşir.
Hələlik amerikalı məmurlar Rusiyanın Suriyadakı əsas niyyətinin nədən ibarət olması məsələsində yekdil bir fikrə gəlməyiblər. Amma amerikanlar ehtiyat edirlər ki, Moskva Suriya hökumətinin əleyhdarlarına qarşı hücum etmək üçün Əsəd güclərinə əsaslı yardım göstərəcək. Suriya hökumətinə qarşı olan bəzi müxalifət qüvvələrinə isə ABŞ kömək edir. Rusiyanın müdaxiləsi Əsədin mövqeyini gücləndirməklə yanaşı, Dəməşq hökumətinə qarşı vuruşan İŞİD və digər müxtəlif qruplaşmaların da iştirak etdiyi vətəndaş müharibəsini daha da uzada bilər.
Amerikalı məmurlardan biri məsələ ilə əlaqədar deyib: ”Bütün bunların hamısı ciddi narahatçılıq yaradır. Əgər onlar Suriya hökumətinə kömək məqsədi ilə silah və hərbi ləvazimat yollayırlarsa, bu ayrı bir məsələdir. Ancaq onların Suriyaya quru qoşunları yeritməsi və yaşayış rayonlarını bombalaması isə tamamilə başqa məsələdir”.
İndiyədək Rusiya Əsəd hökumətinə silah və müxtəlif hərbi avadanlıqlar, maliyyə yardımı göstərməklə yanaşı, onu kəşfiyyat məlumatları ilə də təmin edib. Amma Moskva Suriyaya öz qoşunlarını göndərməyib.
Yüksək vəzifəli ABŞ dövlət nümayəndəsinin sözlərinə görə, Rusiyanın Suriyadakı hərbi əməliyyatlara qoşulması barəsindəki məruzə çox diqqətlə izlənilir. Beləki, Suriya müxalifət qüvvələrinin internet səhifələrində Rusiya təyyarələri və pilotsuz kəşfiyyat uçuş aparatlarının şəkiləri peyda olmağa başlayıb.
Ağ Ev nümayəndəsi Cosh Ernest isə məsələ ilə əlaqədər bildirib: ”Əsəd rejiminə edilən istənilən hərbi yardım – təyyarə, silah göndərilməsi və ya onların maliyyələşdirilməsi vəziyyətin kəskin şəkildə gərginləşməsinə aparır”.
Vaşinqtondakı Rusiya səfirliyi vəziyyətin izah olunması barəsində onlara göndərilən heç bir sorğuya cavab verməyib. Lakin avqust ayında Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirmişdi ki, Rusiya Suriyaya qoşun göndərməyi planlaşdırmır.
Suriya hökuməti Rusiyanın bu bölgədəki azsaylı müttəfiqlərindən biridir. Rusiyanın keçmiş SSRİ ərazisindəki yeganə hərbi bazası Suriyanın Tartus şəhərindədir (bu hərbi donanma bazasıdır). Ola bilər ki, müqavimət qüvvələrinin irəliləməsi nəticəsində Əsəd ordusu xeyli sayda insan və silah itirib. Digər yandan isə Əsədin paytaxtada nəzarəti itirəcəyi halda, Rusiya onun sığınacağa çəkilməsi üçün yeni məkan yaratmaq və ələvilərin ərazisinin müdafiə olunmasını təmin etmək istəyir.
Qərbin Əsədin tutduğu vəzifəsindən gedib, yerini yeni hökumətə buraxması tələbini Rusiya prezidenti Vladimir Putin daima etirazla qarşılayıb. Lakin bu yaxınlarda Kreml lideri bildirib ki, onun Suriya rəhbərinə göstərdiyi müdafiənin də müəyyən bir sərhəddi var. Beləki, bu ilin iyun ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə görüşündən sonra jurnalistlərə bildirmişdi ki, o Rusiya liderinin Əsəd rejiminə qarşı münasibətində dəyişikliklər olduğunu hiss edib. Bu barədə Ərdoğan deyib: ”Putin artıq Rusiyanın Əsəd rejiminə axıra qədər kömək göstərməsi ideyasını tam olaraq müdafiə etmir. Güman edirəm ki, Rusiya prezidenti Əsəddən üz döndərə bilər”.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Suriyadakı münaqişənin sülh yolu ilə həll olunması və Bəşər Əsəd üçün də müəyyən rolun ayrılması planına tərəfdar tapmaqdan ötrü son həftələr xeyli səy göstərir. Amma onun Səudiyyə Ərəbistanı nümayəndələri və digər Yaxın Şərq dövlətləri ilə apardığı danışıqlar heç bir nəticə verməyib. Rusiyanın Suriyadakı hərbi iştirakının gücləndirilməsi, Moskvanın aparılan danışıqların nəticəsizliyini görməsinin təzahürü də ola bilər. Bu baxımdan da Kreml Əsədə kömək etməyin vacibliyini anlayır.
Vaşinqtondakı Müharibələrin öyrənilmsi İnstitutunun hərbi analitiki Kristofer Harmer bu barədə deyib: ”Aydındır ki, bütün bu maddi-texniki vasitələrin hazırlanması, Əsədə əsaslı yardım olunması üçün nəzərdə tutulub. İndiki anda görülən hazırlıqlar çox ciddi olduğuna görə, onu hamının çaşdırılmasına cəhd kimi qiymətlədirmək yanlış olardı”.
ABŞ və onun müttəfiqləri Bəşər Əsədə prezident postunu buraxmaq barəsində dəfələrlə çağırışlar ediblər. Amma indiki halda Amerika hərbçiləri öz diqqətlərini hal-hazırda zərbə endirdikləri İŞİD-ə qarşı yönəldiblər.
Obama administrasiyasının nümayəndəsi bidirib ki, onlar İŞİD-in məhv edilməsi kampaniyasında Rusiyanın da iştirak etməsinə şad olardılar. Amma indiyədək Rusiya İŞİD-ə qarşı mübarizəyə qoşulmayıb. Putindən Rusiyanın İŞİD-ə qarşı mübarizədə iştirakı məsələsini soruşduqda, o buna qətiyyətlə yox deyib.
Suriyada vətəndaş müharibəsinin başlandığı 2011-ci ildən indiyədək Rusiya Əsəd rejiminə silah və müxtəlif hərbi avandanlıqla hərtərfli yadım göstərib. Amma kəşfiyyat orqanlarının tərtib etdikləri yeni məruzəyə əsasən, Moskvanın hərbi sahədəki yardımının həcmi bir neçə həftədir ki, dəfələrlə çoxalıb. Məsələn, avqust ayında Suriyada çəkilmiş video materiallarda Rusiya ordusuna məxsus olan “BTR-82A” zirehli maşınlarını döyüş mövqelərində görmək olar. Bu maşınlar yeni texnikadır və onlar əvvəllər Suriya ordusunda olmayıb. Digər video materialda isə tank komandasından rus dilində verilən əmirləri eşidirik. Həmçinin Qara dəniz və Aralıq dənizindəki Rusiya desant gəmisinin göyərtəsində kamuflyaja bürünmüş bir neçə zirehli maşının fotoları da çəkilib.
Bəşər Əsədə qarşı vuruşan “Ən-Nüsra cəbhəsi” bu həftə internet səhifəsində Rusiya istehsalı olan pilotsuz uçuş aparatlarının və “Su-34” təyyarələrinin fotolarını dərc edib. Fotoların müəllifləri iddia edirlər ki, bu şəkillər müxalif güclərin Suriya ordusunu sıxışdırdıqları İdlib şəhəri yaxınlığında çəkilib.
AzPolitika.info