Cəlilabadda polis dana oğruları ilə “yumurta çaqqışır”?!:RƏZALƏT
Heydər Əliyev:“Dövlət iki şeydən sarsıla bilər:
Cinayətkar cəzasız qaldıqda və günahsızlara cəza verildikdə”.
Yenixeber.org: Redaksiyamıza Cəlilabad rayon Cəfərxanlı kənd sakini Mehdiyev Şakir Dilavər oğlunun cənab prezident İlham Əliyevə ünvanladığı müraciətin surəti daxil olub. (Müraciətin surəti bir neçə yüksək dövlət instansiyalarına da ünvanlanıb.) Şakir müəllim müraciətində iki danasının oğurlanmasından və Cəlilabad Rayon Polis Şöbəsində qarşılaşdığı haqsızlıqlardan, özbaşınalıqlardan bəhs edir. Məlum səbəblərdən müraciəti olduğu kimi dərc edirik.
“Hörmətli Prezident, sizin daxili və xarici siyasi fəaliyyətiniz, ölkəmizdə mövcud olan əminamanlıq təkcə Azərbaycan, Qafqaz yox, ümumdünya əhəmiyyətli qlobal məsələlərə yanaşma və nailiyyətləriniz bütün azərbaycanlılar kimi mənim də qəlbimi fəxarət hissi ilə doldurur, Çox hörmətli möhtərəm Prezident bu məktubu yazmağa məni məcbur edən amil Respublikamızın paytaxtı ilə mənim yaşadığım bölgə arasında iki saatlıq məsafə olmasına baxmayaraq sizin parlaq fəaliyyətinizlə Cəlilabad rayon inzibati orqanlarında olan qaranlıq işlərdəki təzadların olmasıdır. Tutduqları vəzifəni özləri üçün "əyləncə yeri" hesab edən harınlaşmış burjua əsilzadələrin mövqeyini öyrənmək istəyimdir.
Mən bir sıravi kənd müəllimiyəm və mənim vəzifəm həmişə dövlətimizin mövqe və mənafeyini əldə rəhbər tutaraq məktəb və məktəbdənkənar işlərdə ulu öndər Heydər Əliyevin və onun layiqli varisi olan sizin siyasi mövqeyinizi təbliq və təşviq etməkdən ibarət olub.
Cəlilabad rayon polis şöbəsində 22.01.2017- ci ildən mənim heyvanlarımın tövləmdən oğurlanması ilə əlaqədar olaraq başıma gətirilməyən iyrəncliklər, dilətutmalar, heç bir insan ləyaqətinə sığmayan yalanlarla üzləşməli oldum. DİN-İ Ramil Usubovun "layiqli kadrosu" Namiq Camalovun "uğurlu" təhqiqat işi Cəlilabaddan Sabirabada yerdəyişməsi ilə yarımçıq qoyduğu işi kimə tövsiyə edilmişdir.
Ümumiyyətlə, mənə belə məlum oldu ki, Cəlilabad RPŞ-nin əməkdaşları ABS-in MKN- in əməkdaşlarından daha zəkidirlər, Onlar nə qədər ki, belə kollektiv şəkildə malı oğurlananlara qarşı mübarizə aparırlarsa bir nəfər cinayətkar həbs olunmayacaq.
Mənim növbəti şikayətim AŞPA-nın insan haqları üzrə müdafiə komissiyasına olacaqdır.
Hörmətli Prezident və dövlət məmurları!
Yazıb sizə bildirirəm ki, 21.01.2017-ci il tarixindən 22.01.2017-ci il tarixə keçən gecə mənə məxsus olan tövlədən bir yaşı olan iki baş erkək danam oğurlanmışdır. Həmin gecə, yəni 22.01.2017-ci il tarixində gecə saat 300-da 102 xidmətinə məlumat verdim. 22.01,2017-ci il tarixdə saat 3-də polis şöbəsindən zəng edərək məni şöbəyə dəvəl etdilər. Mənə bildirdilər ki, gözlə əməliyyat axtarış qrupu hazır olsun. Təqribən bir saat keçdi, amma nədənsə əməliyyat qrupundan bir xəbər olmadı. Sonradan mənə yaxınlaşan bir polis içşisi mənə dedi ki, “bunlar bir iş görən deyil, sən özün get bazara axtarış et bəlkə özün tapdın”.
Polis işçiləri mənim tövləmə baxış keçirmək üçün 22.01,2017-ci il tarixdə saat 9-10 radələrində gəlib tövləmə və sahədə oğruların, heyvanların və maşının izlərinə baxdılar. Mən onlara bu qədər gec gəlmələrinin səbəbini soruşdum. Onların isə mənə cavabları belə oldu: Sən Allahına şükür et ki, saat 10-da gəlmişik. Əməliyyat içşisi Rasim Yaqubov və sahə müvəkkili Şahin adlı polis işçiləri mənə ərizəmi dəyişməyi məcbur etdilər. Onlar mənə dedilər ki, hansı vətəndaş bizimlə razılaşırsa biz də onun işinə "vicdanla" baxırıq. Yox, ərizəsini dəyişməyən vətəndaşların oğurluq işləri qalır seyfdə. Yuxarı təşkilatlara məlumat versən də yenə də onlar məsələni bizə tapşırırlar. Biz də bu işlə məşğuluq deyə cavab yazırıq. Rasim Yaqubovun həmin gecə növbətçi olduğunu öyrəndim. İki gündən sonra Rasim Yaqubovdan soruşdum ki, nəyə görə İlyas sənə zəng edəndə gəlmədin. O isə mənə belə cavab verdi: Sən olsan iki danadan ötrü gecə saat 4-də arvadın yanından çıxıb gələrsən. Hal-hazırda doğrudan da həmin iş seyfdə qalır.
Mən 26.01.2017-ci il tarixdə əməliyyat üzrə müavin Səfər Nuriyevin qəbulunda oldum. O, mənə dedi ki, Xəzər xəbər televiziyasını niyə çağırmısan. Bu məsələ ilə əlaqədar bir neçə dəfə Səfər Nuriyevin qəbulunda olmuşam, ancaq hər dəfə yalan vədlər verir. Antena dairəsi haqqında məlumat yazmışam deyir. Bəzən əsəbləşib mənə deyir ki, siz müəllimlər şagirdlərlə yumurta çaqqışırsınız. Bizim elə bəzi işçilərimiz oğrularla yumurta çaqqışır. Mən heç kimdən qorxmuram. Nə qədər də yaza bilirsən yaz. Onsuz da onlar sənə dana tapan deyil.
Əvvəlki ərizəmdə Cəlilabad rayon polis şöbəsinin xidmət üzrə müavini Eldar Səfərovun 02.03.2017-ci il tarixdə qəbulunda olmuşdum. Mənə ərizəmi dəyişməyi təklif etmişdi. Həm də çoxdan danaları kəsib yeyiblər dedi. 15.03.2017-ci il tarixdə Eldar Səfərov məni şöbəyə çağırıb dedi ki, eşitmişəm 17.03.2017-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru Cəlilabada gələndə onun qəbuluna yazılmısan. Mənim fıkrimi öyrənəndən sonra həmin vaxt Namiq Camalovun qəbuluna girdik. Keçmiş Cəlilabad RPŞ-nin rəisi mənə bildirdi ki, Prokurorun qəbuluna girmə bu məsələ mənlikdir, mən qısa bir zamanda həll edəcəm deyə mənə boğaz çəkdi və söz verdi. Ancaq yenə mən onun yalan vədlərinə aldandım.
Çox təəssüf edirəm ki, bizlərin talehlərini gör kimlərə tapşırmısınız. Azərbaycan Respublikasının Prezidenti və baş idarələrin rəhbərləri Sizlərə inanaraq bu məktubumu yazdım.
Sizdən xahiş edirəm bir ziyalı xadim kimi mənim harayıma cavab verərək həmçinin də məni və ailə üzvlərimin təhlükəsizliyini təmin edəsiniz”.
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.