“Azəraqrartikinti” də dövlət vəsaiti belə “yeyilib”:1400000-dən 838000
Ağalar Vəliyev filial müdirini 242000 manat borca salıb(?)
Xeberinfo.com: Redaksiyamıza “Azəraqrartikinti” ASC-nin Biləsuvar filialının müdiri Quliyev Dilavər Həbib oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Maliyyə naziri cənab Samir Şərifova ünvanlanmış müraciətinin surəti daxil olub. Müəllif müraciətində “Azəraqrartikinti” ASC-nin rəhbərliyi tərəfindən qarşılaşdığı haqsızlıqdan, dövlət vəsaitinin mənimsənilməsindən və bu səbəbdən də 242000 manat borca düşməsindən bəhs edir.
Müraciətlə bağlı “Azəraqrartikinti” ASC-nin rəhbərliyinin mövqeyini öyrənmək istəsək də alınmadı. Xeberinfo.com-a “danışan” hörmətli Ağalar Vəliyevin köməkçisi Səmayel müəllim (Soy adını demədi.) gözlənilmədən təhqir və təhdidlə bu işin prokurorluqda araşdırıldığını bildirdi. Ardınca da bizə əxlaq dərsi keçməyə çalışdı(?) Olsun, biz qarşıdakı günlərdə aidiyyatı dövlət orqanlarına müraciət etməklə mövzunu davam etdirəcəyik. Hələlik isə müraciəti olduğu kimi dərc edirik:
“Bildirirəm ki, rəhbəri olduğum “Azəraqrartikinti” ASC-nin Biləsuvar filialına ASC-nin göstərişi ilə Biləsuvarda Kənd Təsərrüfatı Nazirliyinin inzibati – laboratoriya binasının tikintisinin inşa edilməsi tapşırılmışdır.
Həmin binanın tikintisinə bizim filial tərəfindən 2014-cü ilin avqust ayından başlanılmış, 2016-cı ilin sentyabr ayında isə tam şəkildə başa çatdırılmışdır. Smeta-layihə üzrə nəzərdə tutulmuş işlər keyfiyyətlə tam başa çatdırılmışdır. Sözügedən binanın tikintisinə smeta-layihə sənədlərində ƏDV-siz 1 milyon 400 min manat dövlət büdcəsindən vəsait ayrılmışdır.
Həmin binanın tikintisinə filialımız tərəfindən 802 000 manat vəsait xərclənmişdir. ”Azəraqrartikinti” ASC tərəfindən tikinti başlayandan sona çatana qədər cəmi 562000 manat vəsait ödənilmişdir. Qalan 242000 manat vəsaiti dəfələrlə şifahi və yazılı müraciət etməyimizə baxmayaraq ASC-i tərəfindən ödənilmir.
Möhtərəm Prezident qalan vəsaitin ödənilməsi ilə əlaqədar olaraq “Azəraqrartikinti” ASC-nin idarə heyətinin sədri Bayram Heydərova və Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədova çoxsaylı müraciətlərimizdən sonra məlum olmuşdur ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən smetada nəzərdə tutulmuş vəsait “Azəraqrartikinti” ASC-yə tam ödənilmişdir.
Möhtərəm Prezident ödənilməyən 242000 manat vəsaitə görə bizim filialın da vətəndaşlara və müxtəlif tikinti dükanlarına borcumuz ödənilmədən qalır. Bu da böyük narazılıqlara səbəb olur.
Bu məsələnin araşdırılaraq ödənilməyən qalan 242000 manat vəsaitin “Azəraqrartikinti” ASC-nin Biləsuvar filialına ödənilməsinə kömək etməyinizi xahiş edirəm”.