Şakir Musayevlə Cəlilabadın baş həkimini hansı maraqlar birləşdirir?: ARAŞDIRMA
Cəlilabadda ana və uşaq ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mövqeyi birmənalıdır…
Xeberinfo.com: Cəlilabad rayonunda doğuş zamanı ana və uşaq ölümünün ənənə halını alması ilə bağlı ötən ay yazmışdıq. “Baş həkimin “ginekoloji müqaviləsi”-Cəlilabadda” sərlövhəli yazımızda “Cəlilabad rayon sakini 33 yaşlı Xanım Yusifovanın Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirməsi və az sonra qəfildən halının pisləşməsi qeyd olunurdu. Bu üzdən paytaxdan rayona həkim briqadası dəvət olunur və xəstə Respublika Klinik Xəstyəxanasına gətirilir. Təəssüf ki, həkimlərin səyi nəticə vermir və xəstə dünyasını dəyişir...
Bu hadisə təkcə mərhumun qohumlarının deyil, rayon sakinlərinin də kəskin narazılığına səbəb olur. Bu haqda Cəlilabad rayonundan xeberinfo.com-a daxil olan məlumatda deyilir. Demək olar ki, 2 aydan bir bu hadisələr təkrarlanır. Rayon sakinləri artıq ənənəyə çevrilmiş doğuş zamanı ana və uşaq ölümü ilə bağlı aidiyyatı dövlət qurumlarının ölçü götürməsini tələb edir. Hətta bu faciələr səbəbindən rayon sakinlərinin doğuşla bağlı qonşu rayonlara üz tutmalı olduqları da deyilir”.
Baş həkimlə bağlı digər məlumatda Respublika Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktor müavini işləyən tələbə yoldaşı Ədalət Həsənovla “əməkdaşlığ”ından bəhs olunur. Məlumata görə bütün ölüm hadisələrində məlum ekspertiza rəyinin alınmasında İlham Əliyevə məhz bu tələbə yoldaşı yardımçı olur. Sonuncu hadisədə olduğu kimi... Məlumatlarda Ədalət Həsənovla yanaşı Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru professor Şakir Musayevin də adı hallanır.
Biz bu və digər məlumatlara aydınlıq gətirilməsindən ötrü professor Şakir Musayevə 11. 12. 2015-ci il tarixli 062/015-№-li sorğu ünvanladıq. Məqsəd məlum prinsiplərə uyğun olaraq əldə etdiyimiz məlumatlara aydınlıq gətirməklə, mövzunu davam etdirmək idi.
Hörmətli professora ünvanladığımız sorğunun tarixindən bir aydan da artıq vaxt keçir. Təəssüf ki, bu istiqamətdə heç bir cavab yoxdur. Səbəb? Səbəb bizim üçün də anlaşılmaz olaraq qalmaqdadır.
İnanmırıq ki, təcrübəli baş direktor KİV Haqqında və Məlumat Azadlığı Haqqında qnunları bilməmiş olsun. Elə isə, professorun sorğumuza cavabda susqunluğunu necə başa düşək. Məlum qanunlarımıza və mətbuata sayqısızlıq yoxsa,… ?
Mövzunun davamı ola bilər.
Mirdaməd