Avropa Birliyinin koronavirus imtahanı: "qoca qitə" böhran və tənəzzüldən qurtula biləcəkmi? -ARAŞDIRMA
Sübhan PADARSOY,
tədqiqatçı
Yenixeber.org: Bütün dünyada sürətlə yayılan, indiki mərhələsində 3 milyondan çox insanın yoluxmasına, 200 mindən çox insanın isə həyatını itirməsinə səbəb olan COVİD-19 pandemiyası eyni zamanda çox ciddi siyasi və iqtisadi kollapslarla müşahidə olunur. Onlardan biri də Avropa Birliyinin (AB) yaşadığı daxili böhran, birlik üzvləri arasında kəskinləşən ixtilaflardır.
Mövcud pandemiyanın episentri olaraq qalan Avropada yoluxanların sayı 1 milyon 200 mindən (əsəasən İspaniya 210 min, İtaliya 197 min, Almaniya 155 min, İngiltərə 152 min, Fransa 154 min), dünyasını dəyişənlərin sayı isə 110 mindən (əsasən İtaliya 26500, İspaniya 23100, Fransa 23200, İngiltərə 21 min, Belçika 7 min) çoxdur. Hazırkı situasiya daxilində köhnə qitə nəzarət edilməsi qeyri-mümkün bir dezinteqrasiyaya yuvarlanmaqdadır. Dünyanın ən böyük iqtisadiyyatı iflic vəziyyətinə düşməkdə, planetin ən açıq cəmiyyətləri qorxu içərisində donmaqdadır.
Bu, üfüqdə sonu görünməyən, habelə Avropa Birliyinin siyasi liderlərinin öncədən görə bilmədikləri bir böhrandır. Onlar gecikmiş karantin tədbirlərinin qeyri-effektivliyinin sübut edildiyi haqqında xəbərləri eşidə, heç bir ölkənin virusla öz başına mübarizə apara bilməyəcəyini vurğulayan ekspertləri duya, dünyanın ən böyük səhiyyə xidməti sistemlərinin kollaps ilə üzləşə biləcəklərini dərk edə bilmədilər. Onlar İtaliyanın hətta Avropa siyasi liderlərinin hərəkətinə məhdudiyyət gətirən qadağaları elan edənədək, kardinal addımların zərurətini anlamadılar.
XIV əsrdə “pestilens” – taun olaraq da adlandırılan “qara ölüm”ün, Birinci Dünya Müharibəsindən sonra isə “ispan qripi”nin vurduğu Avropa yenə də çox təhlükəli bir pandemiyanın mərkəzinə çevrilib. AB dövlətləri hər zaman çox sıx birlik və qərarvermə mexanizmindən bəhs etsələr də, onlar hələ də köhnə qitənin üzləşdiyi bu təhdid qarşısında eqoistik və xaotik şəkildə davranmağa davam edirlər. Brüsseli öz hazırlıqlığı haqqında yanlış yönləndirən dövlətlər ən zəruri ehtiyaclarını toplayaraq ani bir şəkildə sərhədlərini bağladılar.
Çin yeni növ SARS koronavirusun ortaya çıxdığı Hubei əyalətinin paytaxtı, Vuhan şəhərini bağlayaraq misligörünməmiş karantin və blokada tədbirləri aldığı zaman, Brüssel və bütün Avropada koronavirus hələ də distant təhdid olaraq görülürdü. “Səmimi olsaq, Avropada heç kəsin bu virusun buranı – Avropanı da ehtiva edəcəyinə inanmırdı. Çünki öncəki təcrübələr avropalıları çox arxayınlaşdırmışdı. Məsələn, xatırlayırsızsa SARS, MERS, Zika və ya Ebola kimi yoluxucu xəstəliklər ya lokallaşmış, ya da geniş yayılmadan yox olub getmişdi” – deyə AB-in böhran menecmenti üzrə komissarı, sloven diplomat Yanetz Lenarçiç “Politoco”ya verdiyi müsahibəsində qeyd edirdi.
Yanvar ayının 24-də Fransa ikisi Parisdə, biri isə Bordo şəhərində olmaqla Çinə səyahətlə edən üç nəfərdə koronavirusa yoluxma halını aşkar etdi. Həmin vaxt Xəstəliyin Qarşısının Alınması və ona Nəzarət üzrə Avropa Mərkəzi (ECDC) Avropa ölkələrinin yoluxma hallarını aşkar etməyə və onların müalicəsinə tam olaraq hazır olduğunu bildirdi. Bundan 3 gün sonra Almaniyada, Robert Kox Institutunun prezidenti Lotar Viler ZDF-e verdiyi müsahibəsində bildirmişdi ki, müxtəlif ölkələrdə bəzi yoluxma hallarının baş verəcəyini gözləyirik, indiki halda yoluxmanın sürətlə yayılma potensialı aşağıdır. Lakin yanvarın 29-da Birliyin Səhiyyə Komissarı Stella Kiriakides Avropanın misligörünməmiş situasiya ilə üz-üzə qaldığını və atılacaq hər bir addımın mükəmməl elmi tövsiyələrə əsaslanmalı olduğunu bəyan edirdi. Yanvarın sonu isə Avropa Birliyinin Epidemiyalara qarşı Hazırlıq üzrə Platformasının koordinatoru, belçikalı mikrobioloq Hermann Qossens “Biz başa düşmədən virus burnumuzun altında yayılırdı, mən artıq virusun İtaliyada yanvarın ikinci yarısından etibarən, digər ölkələrdə isə daha sonra yayılmağa başladığına inanmışam” – deyə bildirmişdi. Fevral ayında ECDC-in direktoru Andrea Ammon, Avropanın adekvat laboratoriya gücünün olduğuna və önləyici addımlar strategiyasının işləyəcəyinə əminliyini qeyd edirdi.
Bundan sonra isə bəzi Avropa ölkələrində Səhiyyə nazirləri qitənin qeyri-adekvat səhiyyə siyasətinə etiraz edərək öz vəzifələrindən istefa verdilər. İlkin olaraq parlamentdə koronavirus müzakirəsindən sonra Niderlandın Tibbi Qayğı naziri Bruno Bruins, daha sonra Rumıniyada koronavirus testi strategiyasının qurulmamasına görə baş nazir Lüdovik Orbana etiraz edərək, ölkənin Səhiyyə naziri Viktor Kostak istefa verdilər. “Le Monde” qəzetinə verdiyi müsahibəsində Fransanın Səhiyyə naziri Anye Büzin ölkəsinin koronavirus ilə mübarizədə hazırlıqsızlığı ilə bağlı “Mən hayqırırdım, çünki bizi qarşıda sunaminin gözlədiyini bilirdim” – deyə qeyd etmişdi.
Fevralın 26-da S.Kiriakides, İtaliyanın Səhiyyə naziri Roberto Speranza və ÜST-ün Avropa üzrə regional direktoru H.Kluge birgə mətbuat konfransı keçirdilər. Kiriakides bu virusu “mövcud qlobal fövqəladə vəziyyətə cavab mexanizmləri, habelə AB daxilində əməkdaşlıq üçün bir test” olaraq dəyərləndirdi, Kluge “panikaya heç bir ehtiyacın olmadığını”, Speranza isə “problemin virus deyil, İtaliya olaraq görülməsinin” onları narahat etdiyini bildirdi.
Fevralın sonu, martın əvvəllərində Rusiya və Türkiyənin Suriyada hərbi-siyasi toqquşması zamanı R.T.Ərdoğanın artıq qaçqınları Türkiyə ərazisində saxlamayacağını bildirməsindən sonra, yüzlərlə qaçqın Yunanıstan sərhədinə hücum etdi. AB yeni bir miqrant böhranı ilə üzləşəcəyindən qorxarkən Şimali İtaliyada vəziyyət pisləşir, xəstəxanalar koronavirusa yoluxanlar ilə dolub-daşırdı. Rəsmilər tibbi təchizat çatışmazlığını açıq dillə ifadə edirdilər. Martın əvvəllərində Y. Lenarçiç qeyd etdi ki, Avropa Komissiyasında bizim üçün ən böyük həyəcan təbili İtaliyanın kömək istədiyi zaman idi. Lakin heç bir cavab olmadı. Həyəcan təbili isə getdikcə daha güclü şəkildə çalırdı, başa düşdük ki, Avropanın qarşı-qarşıya qalacağı bu tibbi böhran ilə bağlı bizə heç kim heç nə deməyib. Həmin dövrdə koronavirus yalnız Avropa ölkələrinin Səhiyyə nazirlərinin gündəmində idi, Avropanın siyasi liderlərinə verilən suallar, demək olar ki, ancaq Türkiyə-Yunanıstan sərhədindəki vəziyyət ilə bağlı idi.
12 mart tarixində isə Avropalılar D.Trampın elan etdiyi və köhnə qitənin hava limanlarında xaos yaradan bir şok ilə sarsıldılar. ABŞ prezidenti 30 gün müddətinə bütün AB ölkələri vətəndaşlarına Amerikaya səyahət qadağası qoyulduğunu bildirdi. Lakin İrlandiya və Böyük Britaniya bu qadağadan kənar tutuldu. Həmin gün ECDC virusa qarşı tədbirlərin daha da sərtləşdirilməli və dövlətlərin İtaliyanın aldığı qərarları izləməli olduğunu elan etdi: sosial distansiya, məktəblərin bağlanması, böyük hadisələr – yarışların, tədbirlər və s. ləğvi. Fransa prezidenti E.Makron yalnız məhdud səviyyədə addımların atılacağını, yaşlı insanların evdə qalmalı, şirtkətlərin isə distant iş rejiminə keçməli olacağını, lakin bazar günü (19 mart) keçiriləcək seçkilərin təxirə salınmayacağını bildirdi. Baş nazir Eduard Filip də ciddi karantin qaydaları tətbiq etmək üçün yetəri qədər elmi konsensusun olmadığını qeyd etdi. Bələdiyyə seçkilərinə (Paris meriyası) qoşulmaq üçün Səhiyyə və Həmrəylik naziri postundan istefa verən Anye Büzin qeyd edirdi: “İlk əvvəldən yalnız bir şey haqqında düşünürdüm: koronavirus. Hər şeyi dayandırmalı idik. Hər görüşdə qorxu içərisində idim. Çox dissosiativ tərzdə bu kampaniyanı yaşadım”.
Hadisələrin bu axarında Avropanın bəzi siyasi liderləri koronavirus riski ilə şəxsi olaraq üz-üzə qaldılar. İspaniyanın baş naziri Pedro Sançez xanımının koronavirus testinin pozitiv çıxmasından sonra özünü təcrid etməli oldu, AB-in Breksit üzrə baş müzakirəçisi Mişel Barniye də Tvitter hesabından virusa yoluxduğunu elan etdi.
Növbəti həftə isə (26 mart) Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, koronavirusla mübarizədə “sürətli nəğd” yardım ilə bağlı onlayn səsvermə keçirən, demək olar ki, boş Avropa Parlamentinə müraciət edərək bildirdi: “İndi Avropanın “hamı bir qayə üçün” reaksiyasına ehtiyac duyduğu andır. Biz açıq hava Birliyi olmadığımızı sübut etmək istəyərkən, əksər dövlətlər öz çətirlərini bölüşməyi rədd edirlər”.
Avropa liderlərinin virtual sammitində ən ağır iqtisadi zərbəyə məruz qalan ölkələrin – İspaniya və İtaliyanın baş nazirləri C.Konte və P.Sançez “korona bondları” adlı müştərək borc instrumentini tələb edərək, yeni avrobondların çapı ideyası ilə çıxış etdilər. Fransanın da bu ideyanı dəstəkləməsinə rəğmən, başda Almaniya və Niderland olmaqla digər ölkələr buna qarşı çıxdılar.
2 apreldə Avropa Komissiyasının rəhbəri Birliyin İtaliyaya qarşı etinasız yanaşmasına görə üzr istəyərək, əsasən İtaliyaya fokuslanan 100 milyard avro dəyərində Ümumavropa İqtisadi Rekonstruksiya və Bərpa Planı sözünü verdi. Fon der Leyen əlavə etdi ki, böhranın ilk günlərində, ümumi Avropa cavabının zəruriliyi qarşısında etiraf edilməlidir ki, əksər dövlətlər yalnız öz problemlərini düşündü. İtaliyanın baş naziri C.Konte isə İspaniyanın “La Sexta” televiziyasına verdiyi müsahibəsində, Avropanın İkinci Dünya Müharibəsindən bu yana ən böyük sınaq qarşısında olduğunu, dövlətlərin vahid, nizamlı, güclü və sürətli “Avropa cavabı”nın yeganə həll yolu olduğunu başa düşəcəklərinə inandığını və əks halda, İtaliyanın Birliyi tərk etməsinin masa üzərində bir opsiya olduğunu bəyan etdi. İspaniyanın təklif etdiyi Avropa Stabillik Mexanizminə (ESM) qarşı çıxan İtaliya Şimal Liqasının lideri Matteo Salvini bu təklifi qəbul etməyərək, “hollandlar və almanların bizim uşaqlarımızdan pul tələb etmək üçün gəlmələrini istəmirəm, ESM italyanların gələcəyi üzərində ipotekadır” deyə qeyd etdi. Avropa Birliyinin iqtisadi və maliyyə məsələləri üzrə komissarı Paolo Centiloni isə “Birliyin böhranla mübarizəsi üçün kolossal həcmdə maliyyə yardımına, 1.5 trilyon avroya ehtiyac var, əks halda AB misli görünməmiş – 7.5 faiz həcmində ÜDM azalması riski ilə üzləşə və vahid bazar məkanı parçalana bilər”- dedi.
İtalyanların söz verilən bu yardım planına qarşı kəskin sekptisizmi, ölkənin hər yerində AB bayraqlarını söküb atmaları təbiidir. Çünki onlar ölkələrini vuran pandemiyanın ən ağır günlərində yalnız qaldılar. Növbəti günlərdə baş verənlər isə italyanların skeptisizminin haqlılığını ortaya qoydu. AB-in elan etdiyi Koronavirusa Cavab üzrə İnvestisiya Təşəbbüsü 180 mindən çox insanın bu pandemiyaya yoluxduğu, 25 mindən çox insanın isə dünyasını dəyişdiyi İtaliyanın iqtisadi yaralarını sağlatmaq üçün 2.3 milyard, həmin zaman üçün cəmi 200 insanın öldüyü və 2 minə qədər yoluxmanın olduğu Macarıstana 5.6 milyard dollar dəyərində yardım etdi. Məsələnin ironiyası odur ki, Avropa Parlamenti üzvləri pandemiya ilə mübarizə dövründə baş nazirə müstəsna səlahiyyətlər verən macar parlamentini tənqid etməklə bərabər, baş nazir V.Orbanı “hakimiyyət oğurluğu”nda ittiham edərək, Macarıstanı bütövlükdə blokdan çıxarmaqla hədələyirdi.
Fransa və Almaniya başda olmaqla heç bir Avropa dövləti İtaliyadan xəstə qəbul etmədi. Roma sivlizasiyasının mənəvi varisi qurucu üzvü olduğu İttifaqdan yalnız sözdə “yardım” ala bilir. Yalnız pandemiya Fransada geniş yayılmağa başladıqdan sonra Almaniya bəzi fransız xəstələrini qəbul edə biləcəyini açıqladı. Lakin bu heç də almanların fransızlara dəstəyini göstərmirdi. Son günlər Almaniyanın Fransa ilə simvolik sərhəddə yerləşən Gerşaym bölgəsində almanlar işləmək, alış-veriş etmək üçün gündəlik olaraq buraya gələn fransızları küçələrdə, apteklərdə və super-marketlərdə təhqir etməyə, onlara “koronavirusun vurduğu ölkənizə geri qayıdın” deməyə başlayıb. Almanların narahatlığı həm də onunla bağlıdır ki, Gerşaym Fransanın bu pandemiyadan ən çox zərər görən “Grand Est” bölgəsi ilə qonşudur. Vəziyyətin ciddiliyini görən alman XİN rəhbəri Hayko Maas Tvitter hesabından Fransadan üzr istəyərək fransızların təhqir edilməsinin yolverilməz olduğunu, koronavirusun “milliyət” deyə bir şey tanımadığını, hamımızın eyni gəmidə olmasını qeyd etdi. Lakin digər tərəfdən, ölkənin DİN rəhbəri Horst Seehofer Almaniyanın öz qonşuları ilə sərhəd-keçid nəzarət mexanizmlərini daha da gücləndirəcəyini elan etdi. Beləliklə, Fon der Leyenin xəbərdarlığına rəğmən, AB ölkələrinin bir-birinə qarşı sərhəd-keçid qadağalarını gücləndirməsi qitə daxilində iqtisadi-biznes fəaliyyətlərinə ağır zərbə vurmaqla yanaşı, Şengen sistemini də çökdürməkdədir.
Qeyd edilənlərlə yanaşı, Avropanın “top” elmi təşkilatı olan Avropa Tədqiqat Şurasının (ERC) prezidenti Mauro Ferrari aprelin 8-də “mən bu sistemə olan inancımı bütövlükdə itirmişəm” deyə bildirərək, vəzifəsindən istefa verdi. M.Ferrari ERC-nin COVİD-19 pandemiyası ilə mübarizəyə istiqamətlənmiş xüsusi bir proqram yaratmaq gücündə olmadığını və Birliyin siyasi liderlərinin Avropalıların sağlamlığını deyil, yalnız maliyyə imperativlərini düşündüyünü vurğuladı.
AB-nin bürokratikləşməsinin fanatik dəstəkçilərindən biri, Avropa Parlamentində “Liberallar Alyansı”nın lideri, belçikalı nüfuzlu siyasətçi Qay Ferofştad parlamentdə çıxışı zamanı Avropa Komissiyasının İqtisadi Rekonstruksiya və Bərpa Planını elan etmək üçün nəyi gözlədiyini qəzəblə soruşaraq, onun “cavab reaksiyası”nın utandırıcı olduğunu və bunun AB-ni vətəndaş müharibəsinə sürükləyə biləcəyini qeyd etdi. Parlamentin bolqar üzvü Angel Djambazki isə bir az da gecikilsə və kardinal addımlar atılmasa, pandemiyanın yeni Çernobl olacağını bildirdi.
Sözsüz ki, AB üzvləri arasında ixtilaflar, qruplaşmalar daha əvvəldən mövcud idi. Birliyin bürokratikləşməsi, Brüsselin immiqrasiya siyasəti və üzv dövlətlər üzərinə miqrant kvotası qoyması Macarıstan və Polşa başda olmaqla bəzi Şərqi Avropa dövlətlərinin ciddi müxalifliyinə və etirazına səbəb oldu. Özlərini Xristian identikliyinin “qalxanı” adlandıran bu dövlətlər Brüssel “Politbürosu”nun təlqin etdiyi kvotaları qəbul etmədilər. Bu da Birliyin kultural olaraq şərqdən qərbə doğru bölünməsinin rüşeymlərini hazırladı. İtaliyada Konte hökumətinin qurulmasından sonra İtaliya və Fransa, İspaniyada Sançez hökumətinin qurulmasından sonra isə İspaniya və Almaniya arasında münasibətlər gərginləşməyə başlamışdı. Lakin COVİD-19 pandemiyası bu qruplaşmaları və ixtilafları daha kəskin bir formada aşkara çıxardı. “Vahid Avropa” reaksiyasının həyati olduğu bu tarixi məqamda Birliyin köməyə ən çox ehtiyac duyan üzvünə – İtaliyaya ən zəruri tibbi təchizat və həkim heyəti ilə yardım edən Çin, Kuba və Rusiya oldu. Saxta birlik, sadəcə bir fiksiya olduğu üzə çıxan AB həm də “İlk öncə, Amerika” ritorikası kontekstində avropalıların ABŞ-a səyahət qadağası gətirməsindən sonra, Fransa və Almaniyanın Çindən sifariş etdiyi yüz minlərlə tibbi maskalara əl qoyaraq Tramp administrasiyasının “Trans-Atlantik həmrəylik” ideyalarını darmadağın etməsinin də şahidi oldu. Fransız siyasətçisi, Avropa Parlamentinin üzvü Reno Müzeliye ABŞ-ı “qlobal logistik böhran yaratmaqda”, alman sosial-demokrat siyasətçisi Andreas Qayzel isə “modern piratlıqda” ittiham etdi.
Qarşıdakı günlərin nəyi göstərəcəyini təsəvvür etmək elə də asan olmasa da, indiki mərhələsində COVİD-19 pandemiyası Avropa Birliyinin necə kəskin bir daxili böhran və tənəzzül yaşadığını bariz bir şəkildə ortaya çıxardı. Görünən odur ki, “Brexit”in əsas kampaniyaçılarından biri olan, UKİP partiyasının keçmiş lideri Naycl Faraj Avropa Parlamentində əlvida nitqi zamanı “sizin uğursuzluğa düçar olmuş valyutanızı və sisteminizi tərk edən sonuncu milli dövlət biz olmayacağıq” deyərkən haqlı idi.
STM.az