Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İnam Atanın Tolstoyu

 

"Xeberinfo.com":  Ürəyinizdə Ata Günəşi olsun! Mütləqə İnam Fəlsəfəsinin Yaradıcısı, Ruhani Ocaq Atası, Dahi Azərbaycan Filosofu İnam Atanın (Asif Atanın) sunulan (təqdim olunan) “Tolstoyun mənəviyyat fəlsəfəsi” əsəri onun həyata, dünyaya, sənətə, yaradıcıya özünəməxsus yanaşmasından doğub. Ata “Yol. Ata Sözü” Kutsal kitabında yazır: “Şərq Avropalaşmaya qapılan zaman Avropanın Tolstoyları, Şveyserləri Şərq Düşüncəsinə, Bədiiyyatına, Mənəviyyatına üz tutdular…”

“Tolstoyun mənəviyyat fəlsəfəsi” Tolstoyun bəşəri axtarışlarına Ata qiymətidir, onun özünün də ifadə edə bilmədiyi həqiqətlərdir. Ata Tolstoyun görə bilmədiyini görür, deyə bilmədiyini deyir. Ancaq bu bənzərsiz görüm Tolstoyu, eləcə də Ata qiymətini almış insançı yaradıcıların dəyərini gözümüzdə aşağılamır, əksinə, daha da yüksəldir. Ona görə ki, Ata görümü, Ata qiyməti insanlığın – mahiyyətin görümüdür. 
Buyurun, oxuyun, özümləşin... 


İşıqlı Atalı, İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Yükümlüsü

 

***

 

 

İnam Ata (Asif Ata)

Tolstoyun mənəviyyat fəlsəfəsi

 

I yazı


Tolstoy gündəliyə düşüncələrini yazır.
Çaykovskinin simfoniyalarından parçalar.
Tolstoy libasında aktyor oxuyur: 
… «Mən hər şeyəm və mən heç nəyəm! 
Özümü ruhi varlıq sayanda, özümlə dünya arasında qırılmaz əlaqə görəndə və bu əlaqəni məhəbbət vasitəsiylə ifadə edəndə – mən hər şeyəm! 
Özümü yalnız cismani varlıq sayanda, cismani varlığımı dünyadan ayıranda və yalnız öz vücuduma məhəbbət bəsləyəndə – mən bir heçəm! 
…. Mənim həyatım dəhşətdir. 
Bayağı, şəhvani, bəsit şəraitdə yaşayıram, həm də yaşamıram – yemirəm, içmirəm, israfçılıq etmirəm, məni əhatə edən aləmə lənətlər yağdırıram, ancaq talesizlərlə ünsiyyətdən çəkinirəm. Şərdən qorxuram”.

*** 
… «Mən – ikiüzlüyəm. Çünki “Xeyir üçün yaşayıram”, - deyirəmsə də əslində şöhrət üçün yaşayıram. Ona görə də xeyirə əlim çatmır. Qəzetlərdə, jurnallarda imzamı axtarıram, söhbətlərdə özüm haqqında mülahizə gəzirəm. 
Ruhumu elə zibilləmişəm ki, xeyirə yaxın düşə bilmirəm. Hər gün özümə deyirəm: şəxsi səadətim, şöhrətim üçün yaşamayacam, yalnız ruhani məhəbbətim üçün yaşayacağam. 
Amma sözümə əməl edə bilmirəm. 
Ruhumu təmizləməliyəm! 
İlahi, mənə kömək et! Kömək et mənə, ilahi!”

*** 
Lev Tolstoy ömrü boyu özüylə vuruşub, özündə heç kəsin görmədiyi hədsiz – nöqsanlar görüb, özünü daim öz gözündən salıb və öz üzərində böyük qələbələr qazanıb. 
Ömrünün sonunda o, eybəcər zadəganlıq səlahiyyətindən, minlərin fəlakəti bahasına yaranan səadətdən, dəbdəbəli şövkətdən imtina edib və malikanəsindən uzaq bir məskəndə həyatla vidalaşıb. 
Tolstoyun mənəviyyat fəlsəfəsi – onun ömründən qopub! Tolstoyun əsərləri, xüsusilə gündəlikləri çox gərgin daxili dramdan xəbər verir. 
Gözəl, ideal, mütləq mənada kamil həyat tərzinə can atan şəxsiyyətin sarsıntıları dəhşətlidir!

***

Bəlkə də hamıdan ülvi olan bir şəxs daxilində nə qədər naqisliklər, çirkinliklər, ziddiyyətlər, natamamlıqlar görə bilərmiş, öz sinəsinə necə dağlar çökərmiş, bəzən necə bəzərmiş! 
Çünki tələb, mənəvi imperativ, kamilləşmə ehtirası – sonsuzdur, nəhayətsiz bir siqlətə, miqyasa malikdir. 
Əyyaş, səfeh, miskin, ruhsuz kimi tənbehləri Tolstoy öz başına yağdırır, öz sifətinə çırpır. 
Çünki dahinin kamillik eşqi dərindir. 
Çünki dahi öz daxili aləminə enməkdən qorxmur. 
Çünki özü haqqında həqiqət dahidə təlaş duyğusu yaratmır! 
Çünki dahi güclüdür, inamlıdır, özünün özündən yüksək mənasını duyandır, bu mənaya mütləq miqyasda inanandır. 
Tolstoyun mənəviyyat fəlsəfəsi – insanın özüylə döyüşünü mənalandıran, təsdiq və təbliğ edən bir hikmətdir! Onun fikrincə, İnsan həyatda azı üç mərhələ keçir.

***

Birinci mərhələdə sən ruhu unudursan, bədənin, cismani mahiyyətin tələbləriylə yaşayırsan, dünyadan bacardığını qoparırsan, çirkin ehtiraslarını cilovlaya bilmirsən.
Ürəyinə miskin, alçaq və səfeh bir hiss – istedada, sevilənə, seçilənə qara kin-küdurət dolur: “Niyə o alidir, mən cılız, o qüdrətlidir, mən miskin, o şöhrətlidir, mən görünməz?” - deyə içini didirsən. 
Özünə rahatlıq və təskinlik vermək, içini yeyən aciz də qara hiddətdən xilas olmaq üçün filə alabaş nəzəriylə baxırsan. Bu mərhələdə hərcayi həvəslər insanı böyük dünyadan ayırır, ani, kecici duyğular axarında itirir.

***

İkinci mərhələdə insan qəlbini şöhrətpərəstlik ehtirası böyüyür. 
İnsan dünyaya həmin ehtirasın işığında baxır, ağlı duyğusu, iradəsi bir niyyətə həsr olunur – şöhrət taxtına çıxmaq, təriflənmək, pərəstişə layiq görülmək. 
Bu niyyəti həyata keçirmək üçün lazım gəlsə ən ağır qurbanlardan çəkinməzsən, ən dəhşətli əzablara düçar olmaq belə səni yolundan döndərməz, hər şeyi, öz əsil mahiyyətini, ruhunu belə unudarsan, rəzalətdan çəkinməzsən, duyğularının arxasınca şiddətli bir ardıcıllıqla gedərsən, gözün yeri-göyü görməz, qarşına kim çıxsa, tapdalayarsan, nəhayət arzuna çatarsan, ancaq ruhunu sinəndən çıxarıb çilik-çilik edərsən! 
Bu mərhələdə sən insanlara xeyir də verirsən, ancaq bu xeyir öz işığıyla işıqlanmır, şöhrətin işığı ilə işıqlanır. 
Ona görə də sən özünə, öz mənəviyyatına, ali mahiyyətinə xəyanət edirsən. 
Nəhayət, insan ömrünün ən yüksək, əsil insani mərhələsi yaranır.Bu mərhələdə sən öz ruhuna xidmət edirsən, ruhun ikinci adı isə məhəbbədir. 
Məhəbbət vasitəsiylə sən daxili aləmində yaşayan ilahiliyi aşkara çıxarırsan.
Tolstoy üçün dünyanı yaradan, insan taleyini müəyyən edən allah yoxdur. İnsan mənəviyyatında yaşayan, insanı insan edən ülvi bir qüdrət var. O qüdrətə xidmət etmək-ruhu hifz etmək deməkdir.

*** 
Ruhu hifz etmək, üçüncü mərhələyə çatmaq üçün insan özünü yenidən yaratmalıdır.
Bunun üçün o, özünün əvvəlki mərhələlərini inkar etməlidir, həmin insan – yeni həyatın doğulmasıdır.
Deməli, insan özünü mütləq mənada kamil şəxsə çevirə bilər. Bir şərtlə ki, öz naqisliyindən tam ayrıla bilsin, özünün özündən böyük mənasını anlasın, ona can atsın, onu təsdiq etsin, ömrün son anına qədər daim yaratsın, özünə yaxınlaşsın, özünə çatsın. 
«Dirilmə» romanının qəhrəmanı Nexlyudov öz xudpəsəndliyi üzərində qələbə çalır, başqasının, Katerinanın insani ləyaqəti naminə özündən keçir və bu məqamda öz əsil insani mahiyyətinə qayıdır. 
Bu anda o özündən yüksək mənanı, insanın insana kömək olması həqiqətini dərk edir və bu həqiqətin işığında öz mənfur qaranlıq keçmişindən ayrılır.

*** 

İnsanın dünyası ona görə nəhayətsizdir ki, ona təbiət özündən kənara çıxmaq, özünü özündən kənarda tapmaq qüdrəti bəxş edib. Bu baxımdan insan həm sonludur, həm sonsuz. 
Sonludur, çünki cismən sonsuz gücə malik deyil və ölümə məhkümdür. 
Sonsuzdur, çünki qəlbən, ruhən, fikrən əbədi yaşaya bilir. 
Sonludur, çünki öz kecici duyğularına, qeyri-kamilliyinə bağlıdır. 
Sonsuzdur, çünki natamlığından, nöqsanından, «mənindən» çıxıb başqasıyla, bütün cahanla, canlılarla bir can ola bilir, öz kiçik «Məni»ni bəşəri «Mənə» çevirə bilir, ruhən başqasında – İnsandan tutmuş adi ağaca qədər hər şeydə – yaşaya bilir. 
Sonludur – çünki zəmanədən, şəraitdən, ətrafdakılardan, bəzən dörd divardan, mənfur qaydalardan asılıdır. 
Ancaq sonsuzdur, ona görə ki, iradəsi, zəkası, insani mahiyyəti vasitəsiylə hər cür səddləri aşa bilir, ruhən heç vaxt maneələrə ilişib qalmır, daim hüdudlardan kənara çıxır, ədalətsiz zəmanəyə sığmır.

***

Bu mənada ruhun qartal uçuşu bir an da dayanmır. 
Bu uçuş bəzən gözə görünmür. 
Zəncirləri qırmağın gözə görünməz biçimləri də var. 
Ruhun çılğın, narahat və əzmkar təbiətinə eybəcər mühit həmişə darlıq edir, o, bu mühitə heç vaxt sığmır və sonsuzluq adlanan cazibədar aləmin bir hissəsi olur, nəyəsə çevrilir, nəyləsə birgə yaşayır. 
Çünki insan təbiətin adi hissəsi deyil, yerə-göyə, kainata ruhən daima qayıdan, həm də bütün maneələrə baxmadan qayıdan hissəsidir. 
Bu səbəbdən Tolstoyun mənəviyyat fəlsəfəsində məhəbbət çox böyük yer tutur və əsas mənəvi problem rolunu oynayır.

***

İlk növbədə məhəbbət insanın əsil, doğru yaşamasını müəyyən edən bir müdriklik kimi qiymətləndirilir. 
Sevirsənsə , deməli düzgün yaşayırsan, öz xudbin və çirkin cəhətlərindən ayrılırsan. Çünki bu dünyaya sən özünə qapılmaq üçün yox, özündən kənara çıxmaq, öz səadətini özündən kənarda axtarıb tapmaq üçün gəlmisən. 
Çünki sənin ruhun özünü ən çox məhəbbətdə tapır. 
Başqası üçün yaşayanda – sən dirisən! Təkcə özün üçün yaşayanda – ölüsən! 
O vaxta qədər ki, Nexlyudov özü üçün yaşayırdı, yalnız özü haqqında düşünürdü – o, ölmüşdü. 
O vaxt ki, Nexlyudov başqası haqqında düşündü, başqasının – Katerinanın həyatıyla yaşadı, o, dirildi, ruhu yenidən doğuldu.

***

Məhəbbətdə insanın daxili «məni» genişlənir, çünki insan təkcəlik məhdudiyyətindən xilas olur. 
Bir anda duyursan, dərk edirsən ki, sən özün düşündüyündən böyük və ali bir qüdrət imişsən; sənin mahiyyətin sənin özündən daha böyükdür. 
Çünki sən – həm də sevdiyinsən! 
Ona görə də məhəbbətdə insan öz əsl mahiyyətinə qovuşur. 
Sənin düşüncən, həyatın yalnız özünə xidmət edəndə pozğunluq çirkabına batırdın, kiçilirdin.Yeyirdin, içirdin, əyləncəli məqamların məstiylə nazlanırdın, ancaq burada mənliyinin çox cüzi və bəsit hissəsi iştirak edirdi. 
Ancaq sən elə hesab edirdin ki, elə busan: öz miskinliyini mütləqləşdirirdin. 
Bilmirdin ki, bu məqamında özündən yerdən göyə qədər uzaqsan.

***

Nəhayət ayıldın! Öz əvvəlki cılız «mənini» rədd etdin. 
Əslində heç nədən imtina etmədin! 
Sənin rədd etdiyin – heçimiş! 
Sənin imtinan – böyüklüyündür! 
Tək özünlə olanda xəbis idin – indi ülvisən! 
Tək özünlə olanda vücudun üçun yaşayırdın – indi ruhən yaşayırsan. 
Tək özünlə yaşayanda – özünə pərcimlənmişdin, indi başqasıyla bir olmusan. 
«Mənim özümdən böyük dünyam var!» - həqiqətini yalnız məhəbbət söyləyir. 
Yer-göy, kainat, təbiət, insan, gözəllik – dünyada nə varsa, hamısı mənimdir.

 

***

Andrey Bolkonski ölüm ayağında – dirildi, sonsuz səmaya baxdı və duydu ki, bu ülvi səmanın bir hissəsi olmaqdan ali nemət yox imiş, onun şəxsi arzuları,
şöhrətsevərliyi bu hikmətin yanında mənasız imiş. 
Bu məqamda knyaz Andrey özünü misilsiz bir aydınlıq və kamilliklə dərk etdi, ruhən səmaya qovuşdu, ruhunu göyə köçürdü, özünü yenidən kəşf etdi.
Anladı ki, onun qəlbində ali bir ehtiras – dünyaya qovuşmaq, dünyayla bir olmaq ehtirası yaşayırmış. 
Lakin həmin ali hiss – xudpəsənd, bayağı meyllərin əsarəti altına düşübmüş. 
İndi ürək həmin əsarətdən qurtardı. 
Tolstoyun fikrincə, insanlar ona görə pis yaşayırlar ki, ömrün mənasını unudublar, məhəbbətsizlik bəlasına tutulublar. 
Heyvani həyat tərzindən beşəlli yapışıblar, ona görə ömürlərində sevinc yoxdur. 
Əsil sevinci məhəbbət yaradır. 
Dünya məhəbbət işığına boyananda sevincin hüdudu olmur. 
Tolstoy – müqəvvaya çevrilmiş mütləq cəmiyyət adamında - ağıllı maneken olan Kareninada belə məhəbbət işığının insanı dirildən, soyuq, daşa belə daxili hərarət verən qüdrətini görür.

 

 ardı var...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam