“ASİYA ƏJDAHASI” “QÜDS” KOMANDANININ ÖLÜMÜNƏ NİYƏ SUSDU? – Pentaqon dünyaya hökmranlığı yenidən ələ keçirir -ARAŞDIRMA
Ergün Diler
“Takvim”, Türkiyə, 11 yanvar 2019-cu il
Yenixeber.org: Hadisələrə bir-bir baxmaq və şəxslər vasitəsilə irəliləmək heç kimi hədəfə götürməz. İstəsək də, istəməsək də dünyanın böyük ağıllar tərəfindən idarə edildiyini qəbul etməyə məcburuq. Tarixə geniş pəncərədən baxdıqda, oyunçuların dəyişdiyini, ancaq dünyanın özbaşına buraxılmadığını görürük. Osmanlı zamanında da, Roma zamanında da, İsgəndər zamanında da durum belə olubdur.
İzləyənlər bilir, sadəcə səhnədə görünən şəxslərlə maraqlanmıram. Onların daşıdığı missiyaya və yükə də baxıram. Nəticəni düşərgələrdəki oyunçular və varsa, yer dəyişiklikləri təyin edir. Bunu gözdən qaçırmadığınız halda, gedişat ekranlarınıza çıxar.
Bir az geri çəkilin və baxın. Çox çətin deyil. Xatırlayın. “İpək yolu” haqqında çox yazdım. Böyük sistem dəyişikliyi gətirəcəyi üçün yazdım. Pul da, silah da, qurumlar da, ittifaqlar da, sərhədlər də dəyişəcəkdi.
Bu dəyişiklik ABŞ-ın (bir superdövlət kimi – tərc.) yox olması mənasına gəlirdi. Uzaqdakı qitədə, evlərinin içində oturmaları mənasına gəlirdi. Qeyd etdim ki, daim “oturub izləməzlər, izləyə bilməzlər”. Çünki mübarizənin səbəbi bu idi.
ABŞ, Çinin böyük “İpək yolu” layihəsində sahibkar olmaq üçün dünyaya od vurmağa qərarlı idi. Gəlinən son nöqtə budur. Bu, onlar üçün məcburiyyətdir. Əgər Çin “İpək yolu” üçün “Yeganə sahibkar Pekindir!” strategiyasında dirənməsəydi, “Ərəb baharı” olmazdı, Kral Abdulla öldürülməzdi, Səudiyyə şahzadələri tutulmazdı, Türkiyədə 17-25 Dekabr hadisələri və 15 İyul çevriliş cəhdi yaşanmazdı, Türkiyə rus təyyarəsini vurmazdı, Ankarada Karlov sui-qəsdə qurban getməzdi, İstanbulda Camal Qaşıqçı, Nyu Yorkda Epşteyn ortadan qaldırılmazdı, İstanbulda “Reina”ya basqın, Fransa, İngiltərə və Almaniyada terror hücumları olmazdı, Las Veqasdakı qanlı hadisə baş verməzdi, Fransanın sabiq prezidenti Ollandın biabırçılıqları ortaya çıxmazdı, Misirdə Sisi çevriliş etməzdi, Qasım Süleymani ortadan qaldırılmazdı… Hətta Trampın impiçment prosesi də başlamazdı.
Bu siyahıya yüzlərlə hadisə əlavə edə bilərik. Yaxın tarixdəki hadisələri yada salın və baxın. Hamısının səbəbi Çinin yeganə sahibkar olmaq istəyi və qərarlılığıdır. Arxada daim İngiltərə vardı. Çin öndə gedirdi.
Türkiyə daxilində baş verən bir çox hadisənin də səbəbi bu idi. Ən son ingilis “Ceyms Bond”un Karaköydə neytrallaşdırılması da bu hesaba daxildir.
65 ölkədən ibarət bir zəncir qurulurdu və əvvəlki rollar dəyişirdi. Türkiyə də Vaşinqtondan uzaq düşürdü. ABŞ buna izin vermək istəmirdi. Fransa, İtaliya və Almaniyaya vermək istəmədiyi kimi…
Qasım Süleymani əməliyyatı və ardınca Britaniya kral ailəsinin şahzadə Harri üzündən qarışması Çinin ABŞ-la anlaşmağa məcbur olmasının işarəti idi.
ABŞ-ın 65 ölkəni nəzarətə almaq üçün etdiyi həmlələrə Çindən ciddi qarşı həmlə gəlmədi. Çin səssizcə ortaqlığı qəbul etdi, tezliyini dəyişdi. Ancaq indi ABŞ “İpək yolu”nu tamamilə istəyir. Aralıq dənizi mərkəzli “İpək yolu”nun tək sahibkarı olacağını elan edir.
Venesuela, Rusiya, İran, İraq, Qətər və Səudiyyə Ərəbistanı dünyanın neft və qaz ehtiyatının 80%-inə sahibdir. Düzdürmü? Düzdür. Venesuela, Rusiya, İran və İraq Çinlə yaxınlaşdımı? Bəli, yaxınlaşdı. Enerji dəstəyi verməyi qəbul etdilərmi? Əlbəttə, etdilər. Yaxşı, bəs nəticəsi nə oldu? Bu 4 ölkənin də nə yaşadığını görürük.
Eyni qaydada, Türkiyə, Ukrayna, Qətər və Fransa da Çinlə “İpək yolu” anlaşması əldə etməyi qəbul etdi. Nəticəsi nə oldu? Hər kəs hədəf oldu.
İndi artıq yeni dünya nizamı üçün ABŞ önə çıxıbdır. Çin enerji olmadan heç bir şey istehsal edə bilməyəcəyini anlayır. Nə edirsə etsin, torpaqlarında fabrikləri işlətmək üçün enerji mənbələri yoxdur. Əhaliniz nə qədər çox olsa da, ABŞ qiymətli kağızlarında 1 trilyon dollardan çox pulunuz olsa da, hökmünüz olmayacaq. Çünki enerjiniz yoxdur.
Bu səbəblə, ABŞ neft olan yerlərdə hərbi bazalar qurdu. Həm də heç bir yeri nəzərdən qaçırmadan… Bu gün Orta Şərqin, bəlkə də, ən az neft ehtiyatına sahib ölkəsi olan Suriyadakı enerji mənbələrində belə, ABŞ-ı görürük. Getmirlər. Getməzlər, gedə bilməzlər.
Sizcə, bu gün MKİ-nin mərkəzindən Liviyaya göndərilən Həftər nə üçün Trablusu almaq istəyir? Cavabı bilirsiniz. Həftər, Liviya neftini Vaşinqtona bağlamaq üçün oradadır.
Biz bilmirik, ancaq çox qəribə şeylər oldu. Liviyanın şərqinə nəzarət edən general Həftərə YPG-dən belə, dəstək göndərildi. Suriyada xidmət edən 1200 nəfərlik YPG birliyi 01 yanvardan Həftərin ordusuna qatıldı. Biz Liviyaya hərbçi göndərməyə qərar verərkən onlar da hərbi birlik göndərirdi. Bu, təbii nəticədir. Çünki Həftər böyük bir koalisiyanın lideri olaraq Liviyadadır. O güclər öz maraqlarına görə Həftəri dəstəkləyir.
Yaxşı, Liviyada neft olmasaydı, bu hadisələr baş verərdimi? Heç sanmıram. Yəqin, çox hüzurlu bir ölkə olaraq öz həyatına davam edərdi. Sadəcə Aralıq dənizi ilə bağlı təzyiq altında qalardı, seçim edərdi və problemdən qurtulardı. Lakin izin vermədilər.
İndi Vaşinqtonun daha da sərtləşəcəyini görəcəyik. Çünki ABŞ ictimai rəyində fikir ayrılığı azaldı. Pentaqonun təsiri artdı, zidd görüşdə olanlar qınına çəkildi. Artıq Tramp belə, Pentaqona qarşı addım atmır. Pentaqon 7 ölkəyə əlavə hərbi qüvvə göndərmək haqqında qərar verdi. Bu qərarını Trampa çatdırdı. İzin istəmədi, qərarını bildirdi. Tramp da qəbul etdi.
Bundan 1 il öncə bu durum çox da ehtimal daxilində deyildi. Prezident Tramp müəyyən bir yolla balansı tapırdı. Çünki Pentaqonun gücləndiyi halda, Ağ Evin təsiri azalacaqdı. Keçmişdə balans birlikdə qurulurdu. İndi, son hadisələrlə birlikdə, Pentaqon önə çıxdı. Silah parladı.
Bilirik ki, silah önə çıxarsa, hüzur və xoşbəxtlik də gedər… Silahın gəldiyi yer də Aralıq dənizi və Orta Şərqdir.
Süleymani öldürüldükdən sonra heç kim İranın yanında durmadı, dura bilmədi. Rusiya bir az dursa da, Çin heç durmadı. İngilislər isə Vaşinqtonla ortaqlığın işarətini verdilər.
Bütün bunlar baş verdiyi halda, yalnız Türkiyə qalxıb Liviyaya hərbçi göndərdi. Oyunu görüb, həmlə edən yeganə ölkə Türkiyə oldu. Tribunada oturub pay alma, təhlükəsizliyi təmin etmə imkanımız yox idi. Lazım olan edildi.
Süleymani öldürülən zaman Çin susdu. Bu, ABŞ-ın gözlədiyi ən son variant idi. Bu, oldu. Tramp da həmən Tehrana zeytun budağı uzatdı.
İran və Türkiyə olmadan, “İpək yolu” bir yana, heç cığır da salına bilməz. Türkiyə, son sözü kimin söyləyəcəyinə baxmadan, öz səsini yüksəldir. Hadisənin mahiyyəti budur. Bu səsdən narahat olanlar məxmər qutu içində əmr almağı seçənlərdir.
Hər bir halda, qazanan Türkiyə olacaq. Bu, dəyişməz.
Tərcümə: Strateq.az