Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Azərbaycanda və dünyada 2019-cu ilin əsas hadisələri - İCMAL

Başa çatmaqda olan 2019-cu il mühüm əhəmiyyət daşıyan hadisələr sarıdan bol oldu. 

Yenixeber.org: Bu hadisələrdən ən əhəmiyyətlilərini seçməklə illik icmalını təqdim edirik.

Donald Trampa impiçment həmləsi

ABŞ-da demokratların Prezident Donald Trampa qarşı etimadsızlıq göstərilməyə yönələn kampaniyası siyasi gündəmini lərzəyə salmaqla bütün ilin bəlkə də ən yaddaqalan hadisəsi oldu.

Xatırladaq ki, D.Trampın əsas siyasi rəqibi sayılan sabiq vise prezident Co Baydenin oğlunun maliyyə və hərbi yardım göstərmək müqabilində hansısa qanunsuz sövdələşmələr aparıb-aparmamasına dair araşdırma başlaması üçün Ukrayna Prezidenti Vladimir Zelenskiyə iyul ayında təzyiq etməsi barədə adı çəkilməyən mənbənin dediklərini əsas götürərək Nümayəndələr Palatasının demokrat sədri Nensi Pelosi sentyabrın 24-də impiçment üçün təhqiqat başlamaq təşəbbüsünü irəli sürdü. Göstərilən təzyiqlərdən sonra Ağ Ev D.Trampla V.Zelenski arasındakı telefon söhbətinin mətnini dərc etdi. Həmin mətndə oğul Baydenə “diqqət yetirmək” barədə Ukrayna prezidentindən xahiş faktı təsdiqini tapdı.

Həmçinin sözügedən telefon söhbətinə bir həftə qalmış Prezident D.Tramp Ukraynaya hərbi yardımları dayandırmaq göstərişi vermişdi. Demokratların fikrincə, belə bir addımın məqsədi Hanter Baydenlə bağlı araşdırma aparması üçün sözügedən ölkənin hökumətinə təzyiq göstərmək idi. Bütün ittihamları rədd edən D.Trampa qarşı Nümayəndələr Palatası oktyabr ayının sonunda impiçment prosesini başlamaq barədə rəsmi qətnamə çıxardı. Dekabrın 18-də palatada keçirilən yekun müzakirələr zamanı Prezident Trampa qarşı “hakimiyyətdən sui-istifadə” və “Konqresin təhqiqatını əngəlləmək” ittihamları səsə qoyularaq qəbul edildi. Bununla da Donald Tramp Nümayəndələr Palatasının etimadsızlıq göstərdiyi ABŞ tarixində sayca üçüncü prezident oldu. 

“Brexit”

Avropa siyasətinin qaynar nöqtəsinə çevrilən Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması məsələsi 2016-cı ildəki referendumda qüvvəyə mindikdən sonra bu ölkənin siyasi gündəmində əhəmiyyətli yer tutur. İlin əvvəlində Britaniya parlamenti Aİ üzvlüyünə xitam vermək barədə hökumət tərəfindən təqdim edilmiş saziş layihəsini rədd etdi. Eyni hal mart ayında da təkrarlandı, həm də ölkənin Aİ üzvlüyündən çıxması aprel, yaxud may ayınadək təxirə salındı.

Mart ayının sonunda isə Londonda keçirilən kütləvi etiraz yürüşünün iştirakçıları Tereza Mey hökumətindən “Brexit” planından daşınmağı tələb etdilər. Eyni zamanda Avropa İttifaqı üzvlüyünə xitam verməyə dair Lissabon müqaviləsinin 50-ci maddəsini ləğv etmək barədə parlamentin on-line müraciəti ölkə boyu 5 milyondan artıq imza topladı. (50-ci maddəyə görə hər bir üzv dövlət öz daxili Konstitusiya tələblərinə əsasən üzvlükdən çəkilmək qərarı verə bilər)

Mart ayının sonunda parlamentin İcmalar Palatası təqdim edilmiş “Brexit” layihəsini üçüncü dəfə geri qaytarıb.

Aprelin 10-da keçirilən Aİ zirvə görüşündə Böyük Britaniyaya oktyabrın 31-dək bir daha möhlət vermək, mayın sonunda Avropa Parlamentinə seçkilərdə iştirak etməyəcəkləri təqdirdə iyunun 1-dək möhlət vermək qərarına gəlindi.

İyul ayının 24-də iş başına gələn yeni baş nazir Boris Conson vəziyyət necə olursa olsun “Brexit”i oktyabrın 31-də sərt yolla, yəni sazişsiz də olsa belə həyata keçirmək əzmində olduğunu açıqlayıb. Avqustun 24-də isə hökumət parlamentin fəaliyyətini oktyabrın 14-dək dayandırmaq barədə kraliçaya müraciət etdi. Buna əsas kimi hökumətin yeni proqramı üzərində çalışmalar gətirildi. İcmalar Palatasında əksəriyyət təşkil edən “Brexit” əleyhdarları da baş nazir B.Consonu “Brexit”ə tezliklə nail olmaq üçün Konstitusiyanı pozmaqda qınadılar. Sentyabrın 9-da isə parlament 31 oktyabr tarixinədək Aİ ilə saziş imzalanmasa, bu təşkilat üzvlüyündən çıxmağı 2020-ci ilin 31 yanvar tarixinədək təxirə salan qanunu qəbul edib. Sentyabrın 24-də Böyük Britaniya Ali Məhkəməsi parlamentin fəaliyyətini dayandırmağın qanunsuz olması barədə qətnaməni yekdilliklə qəbul etdi.

Oktyabrın 28-də Avropa İttifaqı Şurası Böyük Britaniyanın üzvlükdən çıxmasını 31 yanvar tarixinədək təxirə salmağı qəbul etdi. Bununla bağlı baş nazir Boris Conson yuxarıda göstərilən yeni qanuna əməl edərək müraciət etmişdi.

Honkonqda etirazlar dalğası

Honkonqda yerli hökumətin təqdim etdiyi və Honkonqun müvafiq sazişi olmadığı ölkələrə, o cümlədən Çinə axtarışda olan şəxsləri təhvil verməyi nəzərdə tutan yeni ekstradisiya qanununa qarşı mart ayından etiraz nümayişləri keçirilirdi. İyunun 9-da bu nümayişlərdə yüz minlərlə sakin iştirak etdi. Layihənin ikinci dəfə Qanunyaratma Məclisində müzakirəyə çıxarılacağı 12 iyun günü isə polis nümayişçilərə qarşı bibər qazı ilə rezin güllə tətbiq etdi. Lakin ayın 16-da daha da kütləvi etiraz yürüşü keçirildi.

İyulun 1-də hər il keçirilən iyul yürüşlərinin açılışına yüz minlərlə sakin çıxdı. Bunların bir qismi Qanunyaratma Məclisinin binasına soxularaq Çinin dövlət rəmzlərini söküb Böyük Britaniya bayrağını asdılar. Yay boyu davam edən etiraz nümayişləri zamanı müxtəlif yerlərdə nümayişçilərlə polis, habelə yerli sakinlərlə Çin tərəfdarları arasında getdikcə daha da sərtləşən qarşıdurmalar baş verirdi. Nümayişlərdə həmçinin polis tərəfindən qəddarlıq hallarının müstəqil araşdırılması, həbs edilən nümayişçilərin azadlığa buraxılması, nümayişlərin rəsmi olaraq iğtişaş kimi səciyyələndirilməməsi, Qanunyaratma Məclis üzvlərinin və icra başçısının (hökumət rəhbəri) birbaşa seçilməsi kimi tələblər irəli sürülməyə başladı.

Altı ay ərzində Honkonqda keçirilən 900-dən çox nümayiş, yürüş və s. zamanı 5800-dən artıq iştirakçı saxlanılıb, onlardan 932 nəfərə qarşı ittihamlar irəli sürülüb. Yerli ekspertlərə görə, oktyabr ayının təkcə bir həftəsi ərzində baş verən iğtişaşlar nəticəsində azı 2,8 milyard Honkonq dolları, yəni 357 milyon ABŞ dolları məbləğində maddi ziyan vurulub.

Venesuelada siyasi ixtilaflar

Venesuelada getdikcə kəskinləşən siyasi böhran nəticəsində bu ilin yanvar ayında ikitirəlik yarandı: Nikolas Maduronun ikinci prezidentlik müddəti üçün andiçmə mərasimi zamanı keçirilən kütləvi etiraz nümayişləri dalğasında Milli Asambleyanın müxalifətçi sədri Xuan Quaydo özünü prezident əvəzi elan etdi. Eyni zamanda vəzifəsində qanuni müddət ərzində qalacağını bildirən həqiqi dövlət başçısı N.Maduro da bu hadisələri ABŞ dəstəkli dövlət çevrilişi cəhdi olaraq səciyyələndirərkən adıçəkilən ölkə ilə diplomatik münasibətlərinə xitam verdiklərini açıqladı.

X.Quaido isə ABŞ, Lima Qrupu ölkələri (Meksikadan başqa), Amerika Dövlətləri Təşkilatı, Avstraliya, İsrail kimi ölkələr tərəfindən dəstəkləndi. Avropa İttifaqı isə yanvarın 26-da yaydığı açıqlamada prezident N.Maduro səkkiz gün ərzində yeni seçkilər elan etməzsə, Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarını, həmin vaxt çatanda da tanıdıqlarını açıqladı. Digər tərəfdən, N.Maduronu Boliviya, Kuba, Meksika, Nikaraqua, Salvador, həbelə Çin, Rusiya, İran, Türkiyə, Cənubi Afrika dəstəklədilər.

Fevral ayında müxalifət Kolumbiya sərhədindəki Kukuta şəhəri yaxınlığında ABŞ-dan hökumətlə razılaşdırılmamış humanitar yardımların gətirildiyi bir körpünün hərbçilər tərəfindən bağlandığını bildirdi. Ayın 23-də sərhədə hərbi qüvvələr çıxarıldı, habelə ölkənin qərb bölgəsinə “sülhü qorumaq üçün” əlavə ordu hissələri yeridildi.

X.Quaido isə xaricə getməsinə qadağa qoyulmasına baxmayaraq bir gün əvvəl helikopterlə qonşu Kolumbiyaya getdi, sonra isə bu ölkənin Prezidenti İvan Duke Markeslə birlikdə Venesuela sərhədinə gəldi. Sonradan Ali Məhkəmə hakimi Xuan Karlos Valdez Quaydonu xaricə getmək qadağasını pozduğuna görə 30 ilədək həbsə məhkum edilə biləcəyini açıqladı. Prokurorluq isə məsələyə dair araşdırmalara başladı.

Aprel ayının sonunda Venezuelada X.Quaydonun “Azadlıq əməliyyatının yekun mərhələsi” adı verdiyi dövlət çevrilişi cəhdi baş verdi. Mayın 1-nə keçən gecə isə Prezident Maduro bir qrup rəsmi şəxslərin əhatəsində xalqa müraciət edərək dövlət çevrilişi etmək istəyənlərə qələbə çaldıqlarını açıqladı.

Azərbaycan beynəlxalq aləmdə

Bu il Azərbaycanda da bir sıra mühüm ictimai siyasi, sosial iqtisadi hadisələrlə əlamətdar oldu. Bakı Qoşulmamışlar Hərəkatının (NAM) zirvə görüşü, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yubiley iclası kimi irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etdi.

Politoloq İlqar Vəlizadənin fikrincə, BMT-dən sonra üzv ölkələrinin sayına görə ikinci beynəlxalq təşkilat olan NAM-ın zirvəsi qurumdakı sədrliyin Azərbycana keçməsi ilə bağlı ölkəmiz üçün daha da böyük əhəmiyyət daşıyır.

“Həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən və qurumun onuncu ildönümünə həsr olunan sammitini də qeyd etmək istərdim. Bu zirvədə ilk dəfə olaraq Özbəkistan prezidenti də tamhüquqlu üzv qismində iştirak etdi”,- politoloq deyib.

İ.Vəlizadə həmçinin mühüm hadisələr sırasında Prezident İlham Əliyevin Rusiyanın “Valday” müzakirələr klubundakı nitqini, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfər edərək bir çox görüş və tədbirlərdə iştirak etməsini qeyd edib. Belə ki, “Valday” klubundakı nitqində dövlət başçısı Ermənistanın işğalçı siyasəti və onun fəsadları haqqında söhbət açaraq BMT TŞ tərəfindən münaqişənin həllinə dair qəbul edilmiş dörd qətnamənin 28 ildir yerinə yetirilmədiyini vurğulayıb. Ermənistan baş nazirinin təxribatçı bəyanatlarını şərh edən Prezident İlham Əliyev açıq şəkildə “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə mövqeyimizi bir daha dünyanın diqqətinə çatdırıb.

“Bütün bu hadisələr əsas meylləri və mənafelərin əhatəsini təyin etmək fürsəti verdiyi üçün Azərbaycan üçün, ilk növbədə yaxın gələcəkdə xarici siyasəti baxımdan müstəsna əhəmiyyət daşıyır”,- ekspert qeyd edib.

İlin mühüm hadisələrin olaraq həmçinin TANAP layihəsinin istifadəyə verilməsi mərasimi, dövlət başçısının “Kəmər və yol” zirvəsindəki iştirak etməsi, Avropa Şurası prezidenti Donald Tuskun Bakıya səfəri də qeyd olunub.

Politoloq Tofiq Abbasov nəinki iqtisadi inkişaf göstəriciləri baxımından, həm də Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini xeyli gücləndirməsi baxımından da 2019-cu ilin uğurlu keçdiyi qənaətindədir: “Bildiyiniz kimi, Davos İqtisadi Forumu, başqa beynəlxalq reytinq agentlikləri də Azərbaycanın iqtisadi sahədəki fəaliyyətini çox müsbət qiymətləndirirlər. Onlara görə Azərbaycan hazırda 10 ən rəqabətcil ölkə sırasındadır. Azərbaycan inkişaf edən iqtisadiyyata malikdir, ən əsası isə beynəlxalq inteqrasiyaya böyük təkan verən ölkədir”.

O, Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycanın Avrasiyada geoiqtisadi əməkdaşlığa böyük təkan verən son dövrün ən iri layihələrin təşəbbüskarı olduğunu da diqqətə çatdırıb: “Birincisi, bu layihələr Şərq-Qərb və bu yaxınlarda tam gücü ilə işə salınacaq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərindən gediş-gəlişi xeyli asanlaşdırır, ikincisi də yük daşımalarına əhəhəmiyyətli dəstək verir. Bu mənada Azərbaycanın bu il TANAP layihəsinin həyata keçirilməsində böyük irəliləyişə nail olması da Avrasiya məkanının gələcəyi baxımından çox mühüm əhəmiyyət daşıyır, üstəlik də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin də zəmanətçisi olaraq qalır. İndi Avropanın bir çox ölkələri, o cümlədən Aİ üzvləri, həm də postsovet ölkələri Azərbaycanın timsalında yeni əməkdaşlıq tellərinin qurulması zəruri olan etibarlı tərəfdaş görür”.

Politoloq il ərzində Azərbaycanın “ən yaxın tərəfdaşımız və şimal qonşumuz” Rusiya Federasiyası da daxil olmaqla bir sıra ölkələrlə ikitərəfli əlaqələri getdikcə artırdığını dilə gətirib.

“Azərbaycan Qafqaz regionunda təhlükəsizlik və qarşılıqlı fəaliyyətlə bağlı eyni zamanda bir neçə formatda planların hazırlanmasında iştirak edir. Bunlar Azərbaycan – Rusiya – İran, Azərbaycan – Rusiya – Türkiyə, Azərbaycan – Türkiyə - İran formatlarıdır. Əslində, bütün bu işləyən formatların mərkəzində məhz regionda sabit təhlükəsizliyə zəmanət verən, nəqliyyat, rabitə, enerji layihələrinin ahəngli fəaliyyətini təmin edən, anlaşılan sabitləşdirmə siyasəti yeridən Azərbaycan durur”,- politoloq vurğulayıb.

“Başa çatan 2019-cu ildə geosiyasət, geoiqtisadiyyat planlarının həyata keçirilməsi ilə bağlı nümunə göstərən Azərbaycan beynəlxalq əhəmiyyətli zəruri layihələrin həyata keçirilməsində sağlam düşüncənin, məntiqli hesabların, hərtərəfli əsaslandırılan planların alternativi olmadığını ortaya qoydu. Ölkənin, regionun, qitənin problemlərinə Prezident İlham Əliyevin konsepsiya yanaşmasını da qeyd etmək lazımdır. Bu gün Azərbaycan beynəlxalq dairələr tərəfindən sənayesini, iqtisadiyyatını, milli potensialını inkişaf etdirməklə yanaşı, həm də müttəfiqlərindən, tərəfdaşlarından əlindən gələn köməyi əsirgəməyən uğurlu ölkə kimi qəbul olunur”,- T.Abbasov fikrini tamamlayıb. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam