Bakıdan dünyaya yeni-Qarabağ çağırışları
Ermənistanın işğala son qoymaqdan savayı yolu yoxdur; rusiyalı hərbi ekspert: “Erməni ordusu əsasən köhnə sovet silahları ilə silahlanıb”; alman siyasətçi: “Konfliktin ən real həlli Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasıdır...”
Yenixeber.org: Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII iki günlük zirvə toplantısı bu gün öz işini başa çatdıracaq. 110 ölkəni birləşdirən və BMT-dən sonra ən nüfuzlu qurum olan bu hərəkatın Bakı sammit zamanı təbii ki, yekun bəyannamə də qəbul ediləcək. Bu sənəddə heç şübhəsiz, bir daha beynəlxalq hüququn əsas prinsipi olan ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə olunacaq.
Torpaqlarının 20%-i on illərdir erməni işğalı altında olan ölkəmiz üçün bu prinsipial mövqe indi ikiqat önəm kəsb edir. Qeyd edək ki, qurum indiyədək bir neçə dəfə erməni işğalını pisləyən bəyanatlar ortaya qoyub. Artıq Bakı sammitə çərçivəsində və ondan bir gün əvvəl XİN başçılarının toplantısı zamanı xarici diplomatların etdiyi çıxışlarda Dağlıq Qarabağ probleminin həllinin ölkəmizin ərazi bütövlüyü əsasında həlli vacibliyi dönə-dönə vurğulanıb. Öncəliklə də BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 məlum qətnaməsinin hələ də kağız üzərində qalmasının yolverilməz olduğu bildirilib.
Dünən sammit çərçivəsində dövlət və hökumət başçıları səviyyəsində edilən çıxışlarda beynəlxalq hüququn təməl prinsiplərinə bütün üzv ölkələr tərəfindən riayət edilməsinin vacibliyi vurğulanıb.
Bu qəbildən çıxışları Bakıdan dünyaya yeni Qarabağ mesajları da saymaq olar. İşğalçı Ermənistan belə mesajları ciddiyə almaya bilməz. Ən azı ona görə ki, bu, elə beynəlxalq birliyin Qarabağ məsələsində prinsipial mövqeyidir - özü də konkret sənədlərdə əskini tapan mövqeyi. Təcavüzkar ölkənin işğala son qoymaqdan savayı yolu yoxdur...
*****
“Şəxsən məndən ötrü ölkələrin ərazi bütövlüyü daha böyük sanbal kəsb edir, nəinki öz müqəddəratını təyinetmə prinsipi. Bizim partiyamızın xarici siyasət konsepsiyası bunun üzərində qurulub”.
“Yeni Müsavat”ın “Vestnik Kavkaza”ya istinadən verdiyi məlumata görə, bu sözləri Almaniya parlamentinin (Bundestaq) üzvü, “Almaniya üçün alternativ” partiyasından deputat Anton Frizen yerli KİV-ə açıqlamasında deyib.
“Biz stabilliyə böyük önəm veririk. Stabillik isə yalnız ərazi bütövlüyü çərçivəsində zəmanətli ola bilər, nəinki o zaman ki, dövlət dağılır, separatçı proseslər gedir. Öz müqəddəratını təyinetmə hüququ o vaxt kara gəlir ki, soyqırım da daxil, həqiqətən də insan haqları pozuntuları var. Bütövlükdə isə mən həmişə ərazi bütövlüyünə üstünlük vermişəm və bu, Dağlıq Qarabağa da aiddir”, - deyə alman siyasətçi qeyd edib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ konfliktinin ən yaxşı həlli Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasıdır. “Ən yaxşı həll budur - əlbəttə ki, bu zaman ermənilərin mədəni, dini haqları təmin edilməklə. Bu, mümkündür, əgər bir neçə iri dövlət məsələdə qarant kimi çıxış eləsə. Rusiya, Türkiyə və digər ölkələr müvafiq öhdəliklərə zəmanət verməli və onların həyata keçməsinə kömək etməlidir. Rusiya ilə Türkiyə arasında yaxşı münasibətlər regionda konfliktlərin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət, konstruktiv rol oynaya bilər”, - deyə alman deputat əlavə edib.
*****
Ermənistanın Azərbaycanla sülh anlaşması imzalamaqdan başqa yolu həm də ona görə qalmayıb ki, silahlanma yarışında o, ölkəmizlə ayaqlaşmaq gücündə deyil. Çünki iqtisadi-maliyyə potensialı buna imkan vermir, müharibə vəziyyəti, blokada rejimi davam etdikcə verməyəcək də. İşğalçı ölkənin hətta müttəfiqi Rusiyadan daxili bazar qiymətinə, ucuz qiymətə kreditlər hesabına aldığı silahlar da Azərbaycanla hərbi balansı təmin eləmək imkanında deyil. Bunu rusiyalı hərbi ekspertlər də etiraf edirlər.
“Erməni ordusu əsasən sovet silahları ilə, yəni köhnə silahlarla silahlanıb. Bu silahlar modernləşmə və qulluq tələb edir”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Rusiyada nəşr olunan Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib. Onun sözlərinə görə, Ermənistana verilən Rusiya silahları bu xüsusda tanışdır, etibarlı və sınaqdan çıxmış silahlardır.
“Bununla belə, söhbət yalnız klassik müharibənin aparılmasından gedir. Hazırda isə müharibələr yüksək texnoloji üsullarla aparılır. Məsələn, Azərbaycan 2016-cı ilin aprelində Qarabağ uğrunda döyüşlərdə İsrailin modern silahlarından istifadə eləmişdi. Ermənilərdə o vaxt belə silah növü yox idi. İndi o, bunu öz milli istehsalı ilə kompensasiya eləməyə çalışır. Ancaq İsraillə bu sahədə rəqabət aparmaq Ermənistana çətin ki, müyəssər olsun”, - deyə rusiyalı hərbi icmalçı qeyd edib.
Məsələ də ondadır ki, Ermənistan nə özü müasir silahlar istehsal eləmək, yerli hərbi sənaye kompleksini yaratmaq gücündədir, nə də onları xaricdən, tutaq ki, İsraildən pulla almaq iqtidarında. İsrailin yüksək dəqiqlikli silahlarına, o sırada PUA-larına bənzər silahlarının bir çoxunu heç Rusiyanın özü istehsal edə bilmir.
Başqa yandan, Moskva vassalı hesab elədiyi Ermənistanın ordusunda “yad” hərbi sistemlərin olmasını istəməz. Demək, kasıb əhalinin boğazından kəsib işğalçı orduya xərcləməkdənsə, Ermənistan nə qədər gec deyil, Qarabağ məsələsində böyük sülh anlaşmasının önünü açsa, daha çox elə özünə, acından ölən əhalisinə yaxşılıq eləmiş olar. Bunun əvəzində isə rəsmi İrəvan danışıqları imitasiya etməklə dünyanın gözünə kül üfürməkdə davam edir - bu zaman özü də fərqində olmadan ki, Ermənistana daha böyük fəlakət vəd edən müharibəni daha da yaxınlaşdırır.
*****
Bu arada Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan BBC telekanalının “Hard Talk” verilişində iştirak edib və Qarabağla bağlı çətin suallar qarşısında qalıb (Trend). Məlumat üçün bildirək ki, mütəmadi olaraq yayımlanan həmin verilişdə dünyanın müxtəlif ölkələrini təmsil edən siyasi-ictimai xadimlər iştirak edir, aparıcının bu və ya digər mövzuda çətin və ziddiyyətli suallarına cavab verməli olurlar. Mnatsakanyan da bu cür suallar qarşısında çıxılmaz və çaşqın vəziyyətə düşüb.
Belə ki, verilişin aparıcısı Stefen Sakur Ermənistanı “strateji əhəmiyyətli kiçik dövlət” adlandırıb və verilişin əsas mövzusunu “siyasi mənada Ermənistan Qərb, yoxsa Şərqə baxır?” formasında qoyub. İlk suallar Ermənistanda ötən il baş verən “məxməri inqilab”la əlaqədar olub. Aparıcı hazırkı Ermənistan hökumətinin tamamilə yeni Ermənistan üzrə çalışdığını iddia etməsinə baxmayaraq, skeptiklərin bunun əksinə heç bir dəyişikliyin baş vermədiyini deməsinə istinad edərək bu barədə Mnatsakanyanın fikirlərini soruşub. Qəliz vəziyyətdə qalan Ermənistan xarici işlər naziri dəridən- qabıqdan çıxaraq, aparıcını inandırmağa çalışıb ki, guya dəyişikliklər edilməsi və ölkədə korrupsiyanın tamamilə ləğv edilməsi ilə bağlı siyasi iradə mövcuddur, lakin institutsional təcrübənin qurulması vaxt aparan amildir.
Daxili siyasət məsələlərində gözlənilən dəyişikliyin baş verməməsi ilə bağlı suallardan sonra aparıcı Ermənistan xarici işlər nazirinə Qarabağ məsələsində də dəyişikliklərin gözlənilən olduğunu, lakin Ermənistan hökumətinin münaqişəyə münasibətdə yeni təsəvvür ortaya qoymadığını deyib. Z.Mnatsakanyan çaşqınlığını gizlətməyə çalışaraq və tosta bənzər çıxış edərək sülh, sülhün faydaları barədə danışmağa başlayıb. Verilişin aparıcısı mövzunu davam etdirərək Nikol Paşinyanın dediklərinin beynəlxalq hüquq, BMT və digər müstəqil beynəlxalq təşkilatların mövqeyinə zidd olduğunu əlavə edib, xüsusən də həmin gün baş nazirin 80-90-cı illər müharibəsi vaxtı səslənən sloqanlarla müşayiət olunan unifikasiya (Qarabağın Ermənistanla birləşdirilməsi) çağırışları fonunda bunu sülh jesti kimi qəbul etməyin çətin olduğunu söyləyib. Zöhrab Mnatsakanyan əsl nokauta düşüb. Əsəbi təbəssüm, sözlərdə büdrəmə, açıq-aydın diskomfort və məntiqsiz fikirlər - bunlar onun “dərsə” hazır olmadığının aydın göstəriciləri idi.
Həmin proqramda Mnatsakanyan bütün müasir Ermənistanın kollektiv simasının təzahürü idi: sərsəm və absurd, ilk təəssüratda çox səliqəli və adekvat, amma əslində dayaz düşüncəli, sərsəm və aqressiv. Ermənistan eynən öz xarici işlər naziri kimi, Qarabağın işğalı ilə bağlı düzgün arqumentlərlə qarşılaşdıqda sarsılır, küncə sıxılır və absurd şeylər söyləyir. Odur ki, təəccüblü deyil: Ermənistan beynəlxalq münasibətlərdə alçalmış bir dövlət kimi, naziri də BBC-dəki tok-şouda alçaldı.
Ermənistan XİN rəhbərinin uyğunsuz bəyanatlarından göründüyü kimi, İrəvan danışıqlardan yayınmaq üçün hələ də bəhanələr axtarır. Halbuki münaqişənin sülh yolu ilə həllində maraqlı olan tərəf Ermənistan kimi danışıqlar prosesinə mane olmaq üçün bəhanə və səbəb axtarmaz. Ermənistanın isə həqiqətən işğala son qoymaqdan savayı yolu qalmayıb...
(Yeni Müsavat)