Stalinə “paranoya” diaqnozu qoyan akademik –bir gündən sonra Bexterevin meyidi tapılıb
O, Rusiyada tibb elminin ən görkəmli nümayəndələrdən biri sayılıb. Dünya şöhrətli psixiatr və nevropotoloq Vladimir Bexterev insanı hərtərəfli öyrənən ilk elmi mərkəzin qurucusu, ölümsüzlük nəzəriyyəsinin banilərindən biri olub.
Yenixeber.org: Akademik Vladimir Bexterev 1857-ci ildə Vyatka quberniyasının Sorali kəndində anadan olub. 1878-ci ildə Sankt-Peterburqda Tibb-Cərrahiyə Akademiyasını bitirib. 1885-1893-cü illərdə Kazan Universitetinin psixiatriya kafedrasının professoru olub, kafedra nəzdində Rusiyada ilk olaraq eksperimental psixologiya laboratoriyasını yaradıb.
Sonrakı fəaliyyətini Sankt-Peterburqda davam etdirən Vladimir Bexterev bu şəhərdəki Hərbi-Tibb Akademiyasının ruhi və sinir xəstəlikləri kafedrasının və eyni zamanda Qadın Tibb İnstitutunun psixiatriya kafedrasının müdiri vəzifələrində çalışıb.
Akademik Vladimir Bexterev 1918-ci ildə Sankt-Pterburqda beyini və psixi fəaliyyəti öyrənən institut yaradıb və ömrünün sonuna qədər bu instituta rəhbərlik edib. Hazırda həmin institut akademikin adını daşıyır.
Bexterev Rusiya imperiyasının ordusunda tibb xidməti generalı kimi də xidmət edib. Amma sovet hökuməti qurulanda ona toxunmayıblar. Akademikin yüksək peşəkarlığı SSRİ dövründə də ona fəaliyyətini davam etdirməyə imkan verib.
Məlum olduğu kimi, İosif Stalin hələ gənclik illərindən bir çox xəstəliklərdən əziyyət çəkib. O, hələ beş yaşında olarkən çiçək xəstəliyinə tutulub və məhz bu xəstəlikdən üzündə çopurlar yaranıb. Daha sonra vərəm xəstəliyinə yoluxub. Mikroinsult keçirib, yüksək qan təzyiqindən şikayətlənib, orqanizmində tez-tez iltihabi proseslər olub və s. Stalinin sol qolundakı problemi isə onu daha çox narahat edib. Belə ki, sağ qolundan fərqli olaraq, sol qolu daha zəif, gücsüz və bir az qurumuş vəziyyətdə olub.
Bütün bunlara baxmayaraq, Stalin həmişə həkimlərdən uzaq olmağa çalışıb, həkimlərlə ünsiyyətdən qaçıb. Amma 1927-ci ildə o, öz tşəbbüsü ilə akademik Vladimir Bexterevlə görüşüb.
1927-ci ilin dekabr ayında Moskvada psixiatr və nevropotoloqların qurultayı keçiriləndə bu elmi tədbirdə Vladimir Bexterev də iştirak edib. Qurultayda gözlənilmədən Bexterevi Kremlə dəvət ediblər və ona bildiriblər ki, Stalini müayinə etməlidir.
İki saatlıq müayinə və söhbətdən sonra akademik ilkin qənaətlərini və təyin etdiyi diaqnozu çəkinmədən Stalinin üzünə deyib: “Paranoya və ilkin şizofreniya əlamətləri”.
Qeyd edək ki, paranoya həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıqla müşayiət edilən bir xəstəlikdir. Xəstəliyin adı yunan dilində dəlilik mənasını verir.
Sadə dildə desək, paranoya bir şəxsin ətrafındakılara həddindən artıq şübhə ilə yanaşması, bu şəxsə edilən tövsiyələr, yaxşı niyyətli olsa da belə, o adam tərəfindən pis niyyətlə qəbul edilməsi, başqalarının onun haqqında təxribat edə biləcəyi, qorxu və gərginlik içində yaşaması əlamətləri ilə xarakterizə olunur. El dilində desək, bu adamlara öz kölgəsindən qorxanlar da deyilir.
Stalinin həyatına, fəaliyyətinə, əməllərinə diqqətlə nəzər yetirsək akademik Vladimir Bexterevin qoyduğu diaqnozun dəqiqliyinə şübhə qalmır.
Amma dəqiqlik öz yerində, diaqnoz akademikin həyatına son qoyub.
Təbii ki, dünya şöhrətli həkimin Stalinin səhhəti ilə bağlı dəqiq məlumatlara malik olması, Stalini xəstəliyindən daha çox narahat edib.
Qurultayaın növbəti iclasına gecikən Bexterev zala daxil olanda gecikdiyinə görə qurultay iştirakçılarından üzr istəyib və gecikmə səbəbini də açıqlayıb: “Çox vacib bir xəstə var idi, təxirə sala bilməzdim, “qolu qurumuş paranoya”, onu müayinə edirdim...”
Stalinin adı çəkilməsə də Bexterevin Kremlə dəvət olunmasını bilənlər söhbətin kimdən getdiyini anlayıblar.
Heç bir saat keçməmiş akademikin üstüörtülü açıqlaması Stalinə çatdırılıb.
Stalinlə görüşün səhərisi günü Vladimir Bexterevin qəfil ölümü haqqında xəbər yayılıb. Akademikin ölümü ilə bağlı həkim komissiyası yaradılıb. Məlum olub ki, Bexterev zəhərlənmədən ölüb. Komissiyaya Kremlin milliyyətcə erməni olan həkimlərindən biri - Poqosyan başçılıq edib. Poqosyan Kremlin tapşırığı ilə komissiyanın əsl rəyini ictimaiyyətə açıqlamayıb.
Vladimir Bexterev Stalinlə görüşün axşamı Böyük Teatrda keçirilən ziyafətdə zəhərlənib.
Akademikin ölümü ilə bağlı digər bir versiyada səsləndirilib. Belə ki, 4 il öncə Vladimir Bexterev Vladimir İliç Lenini müayinə edərkən proletarların rəhbərində siflis xəstəliyi aşkar edib. Həkim təyin etdiyi diaqnozu da gizli saxlamayıb və ictimaiyyət bundan xəbər tutub.
Beləliklə, dünya şöhrətli akademik 1927-ci ildə, 70 yaşında sovet “padşah”larının növbəti qurbanlarında birinə çevrilib.
Vladimir Bexterev Sankt-Peterburqda dəfn olunub.(müsavat)
İlham Cəmiloğlu