Əkbər Hacıyev də belə narazılıq yaradır... - GİLEY
Azərbaycan neft-qaz ölkəsidir, enerji ixracatçısıdır. Qonşu ölkələr vasitəsilə hətta bizim «mavi yanacağımızın» düşmən ölkəyə də çatdırılması barədə xəbərlər yayılıb ki, bu da Azərbaycanın özündə qaz təminatı sarıdan korluq çəkən ucqar kənd sakinlərində hiddət doğurub.
Yenixeber.org: Amma bu dəfə hiddətlənənlər hansısa ucqar dağ kəndinin deyil, paytaxt qəsəbələrindən birinin sakinləridir. Bakının Xəzər rayonunun Zirə qəsəbəsinin bir qrup sakini redaksiyamıza bildirirlər ki, dəfələrlə «Azəriqaz» İB-nə onların evlərinə qaz çəkilişi ilə bağlı müraciət etsələr də, xahişləri yerinə yetirilməyib. Mamed adlı iş icraçısı ortaya çıxaraq çəkiləcək olan 0,75 m diametrlik boru xətti üçün onlardan pul tələb edib. Əlacsız qalan sakinlər onun istəyi ilə hər dəfə 250 manat olmaqla iki dəfə pul yığıb ümumilikdə hərəyə 500 manat ödəyiblər. Lakin iş icraçısı verdiyi vədi tam yerinə yetirməyib: 0,75 diametr əvəzinə 0,5 diametrlik boru çəkdirib, ən son qoşulan evlər isə 0,25 diametrlik boru ilə xəttə birləşdirilib.Bununla belə hələ də xəttə qaz vurulmayıb. Redaksiya olaraq, məsələ ilə bağlı araşdrma apararkən, ilk növbədə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbəsi üzrə nümayəndəsi əvəzi Fikrət müəllimlə və qəsəbə bələdiyyəsinin sədri Anar Hüseynli əlaqə saxladıq. Amma onlar bu işdən xəbərlərinin olmadığını dedilər. Eyni cavabı müraciət etdiyimiz növbəti vəzifəli şəxsdən — RİH-nin iqtisadiyyat şöbəsinin müdiri Azər müəllimdən də aldıq. Daha sonra müraciət etdiyimiz «Azəriqaz» İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov isə nə qədər araşdırsa da, sözügedən ünvanda qaz xətti çəkilişinin hansı şirkət tərəfindən həyata keçirildiyini müəyyənləşdirə bilmədi. Belə çıxır ki, qəsəbədə qaz xəttinin çəkilişi üçün «Azəriqaz» İB ilə podratçı şirkət arasında müqavilə də yoxdur, xəttin çəkilməsinin texniki şərtləri də tərəflər arasında razılaşdırılmayıb. Sakinlər müraciətlərində xatırladırlar ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisin deputatı olanda onun seçiciləri olmuş, lehinə səs vermişlər. Onlar əmindirlər ki, çox hörmətli Mehriban xanım indi mandat daşımasa da, böyük anlamda millət vəkili statusunu itirməyib. O üzdən redaksiyamızdan xahiş edirlər ki, problemlərini ictimailəşdirmək yolu ilə Birinci vitse-prezidentin yüksək diqqətinə çatdırmağı xahiş etmişlər. deryaz.az