İrana zərbə endirmənin gizli tarixçəsi –“New York Times”-ın ARAŞDIRMASI
Ronen Berqman, Mark Mazzaretti
“New York Times”, 04.09.2019
Yenixeber.org: 2017-ci ilin iyul ayında Ağ Ev İran məsələsi ilə əlaqədar yolayrıcında idi. Prezident Tramp Barak Obamanın Tehranla imzaladığı “dəhşətli” nüvə razılaşmasından çıxmağı vəd etmişdi, lakin Tramp kabinəsinin tanınmış üzvləri administrasiyanın ilk aylarında tezcırnayan prezidenti daha güclü bir saziş əldə etməyə yönəldiblər. Hələ ki danışıqlar seçənəyi üstünlük təşkil edirdi.
Lakin əks rəydə olanlar da bekar qalmayıb. Prezidentin nüfuzlu məsləhətçisi olan Stiven K. Bannon Con Boltona müraciət edərək, nüvə razılaşmanı ləğv edəcək yeni İran strategiyasını hazırlamağı tapşırıb.
“Fox News” şərhçisi və BMT-dəki sabiq səfiri Bolton administrasiyada hələ heç bir rəsmi rol oynamırdı, ancaq Bannon onu Trampın qılığına girə, prezidenti inandıra biləcək bir şəxs kimi görürdü.
Oğul-Corc Buş administrasiyasında milli təhlükəsizlik işçisi olmuş Bolton, İraqda rejim dəyişikliyinin memarlarından biri idi. O, çoxdan nəinki Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) ləğvi, həm də 2015-ci il nüvə sazişinə dair danışıqlar aparan İran rejimini devirməyə çağırırdı. İyul ayının əvvəlində, Bolton Parisdə, İranda rejim dəyişikliyinə çağırış edən “Mücahidin-e Xəlq”in (MEK) illik yığıncağında məsələ ilə bağlı fikirlərini açıqlayıb. O, Amerika siyasətinin İran hökumətini dəyişdirəcəyinə inamını təkrarlayıb və 2 ildən sonra İran liderlərinin silinib-süpürüləcəyini söz verərək gurultulu alqışlanıb. “Bayramı Tehranda qeyd edəcəyik”.
Boltonun Bannonun tələbi ilə hazırladığı sənəd strategiya deyil, administrasiyanın İranla sövdələşməsini tərk etməsini əsaslandıran marketinq planı idi. Birləşmiş Ştatları sazişdən çıxdıqdan 2 gün sonra nə olacağı bəlli olmurdu. Lakin Boltonun fikirləri illər boyu onunla ünsiyyətdə olmuş və ya 2015-ci ildə “The New York Times”-da yazdığını oxuyanlara tanış idi: “Amerika diplomatiyası kənara qoyulduqdan sonra İsrail İranı bombalamalıdır”.
Tramp İranla sövdələşmədən 2018-ci ilin mayında çıxıb, Bolton milli təhlükəsizlik müşaviri olaraq vəzifəsinə gəldikdən bir neçə həftə sonra və indi prezident yavaş-yavaş böhranla üzləşir. Bu ilin iyun ayında Fars körfəzində neft tankerlərinə qarşı hücumlar başlayıb və ABŞ Tehrana barmaq silkələyib. İyul ayında İngiltərə Cəbbəlüttariq yaxınlığında bir İran tankerini müsadirə edib və İran körfəzdə İngilis bayraqlı tankeri ələ keçirib. Amerika casus agentlikləri İran vəkillərinin bölgədəki Amerika qoşunlarına qarşı hücumları barədə xəbərdarlıq edir və yay boyu İsrail İraq, Suriya və Livandakı İran “proksi”lərinə hücumlar edib. Amerikanın İranla nüvə sazişindən çıxmasının ən təəccübsüz nəticəsi budur ki, indi də İran müqavilə şərtlərinə əməl etməyəcəyini söyləyir: Tehran yüksək zənginləşdirilmiş uran ehtiyatı və nüvə bombası üçün yanacaq yığacaq.
Prezident və onun müşavirləri bütün bu hərəkətləri İranın xəyanətkarlığının sübutu kimi qələmə veriblər, lakin bu, əvvəlcədən gözlənilən böhrandır. Tramp sazişdən çıxmazdan bir il əvvəl, bir Amerika rəsmisinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi, administrasiyanın sərt xətti izlədiyi təqdirdə, İranın necə cavab verəcəyini təxmin etməyə çalışaraq gizli qiymətləndirmə yayıb. Nəticə sadə idi: Tehrandakı hökümətin radikal elementləri güclənə və mötədillər kənara çəkilə, İran Fars körfəzində, İraqda və ya Yaxın Şərqin başqa yerlərində həmləyə başlatmaq üçün diplomatik yırtıqdan istifadə etməyə çalışa bilər.
Obama administrasiyası dövründə Pentaqonun yüksək vəzifəli rəsmisi İlan Qoldenberq İranla nüvə razılaşmasından əvvəlki illərdə qarşıdurmanı, bir növ, üçtərəfli qarışıqlıq kimi xatırlayır: İsrail dünyanı İranın nüvə proqramına zərbə vuracağına inandırmaq istəyirdi (lakin hələ bombalama ağlına gəlməmişdi). İran dünyanın onu nüvə silahı əldə edə biləcəyinə inanmasını istəyirdi (lakin hələ bomba hazırlamaq qərarı verməmişdi). Birləşmiş Ştatlar dünyanın İranın bomba əldə etməsinin qarşısını almaq üçün hərbi güc tətbiq etməyə hazır olduğunu bilməsini istəyirdi (amma sonda bundan vaz keçdi).
Üçü də təhdidləri daha etibarlı etmək üçün addımlar atıb.
Avqustda Stokholmda çıxışı zamanı İranın xarici işlər naziri Cavad Zərif deyib: “Gözlənilməzlik qarşılıqlı proqnozlaşdırılmamaya gətirib çıxaracaq, gözlənilməzlik xaotikdir”.
Trampın hədəfi İran iqtisadiyyatına sanksiyalar tətbiq etmək, ölkənin liderlərinin nüvə sazişini administrasiyanın Birləşmiş Ştatlar üçün daha əlverişli hesab etdiyi şərtlərlə yenidən razılaşdıracağı vəziyyətə gətirmək, “Hizbullah” və digər etibarlı qruplara hərbi dəstəyi kəsməsidir.
Eyni zamanda, İran da növbəti Amerika seçkisində Trampın sərt taktikasına son qoyan yeni bir prezidentin seçiləcəyi ilə qumar oyununa qoşulub.
Prezident müşavirləri yalnız İsrailin baş naziri Benyamin Netanyahu deyil, Fars körfəzindəki ərəb dövlətlərinin də qatıldığı daha böyük hədəfi düşünürlər: İsrail və İran üzərində dominantlıq edən sünni dövlətlərlə birlikdə Yaxın Şərqin yenidənqurulması.
Obamanın düşüncəsi fərqli idi: İranın nüvə silahı əldə etməməsini qarşısını almaq, ancaq İran hesabına Səudiyyə Ərəbistanının bölgədəki təsirini tarazlaşdırmaq. Onun dediyi kimi, iki ölkənin “qonşuluğu bölüşmək məcburiyyəti”.
İndi Tramp administrasiyasının bəzi rəsmiləri bu fikrə lağ edir. Obama isə deyirdi: “İranla istədiyimiz yox, olduğu kimi davranmağa qərar verdik”.
Administrasiyasının ilk günlərində Obamanın yaxın ətrafı onun Yaxın Şərqə sülh gətirmək üçün açıq bir əməliyyat planına malik olduğunu söyləyirlər. 2010-dan 2013-cü ilə qədər Obamanın milli təhlükəsizlik üzrə müşaviri Tom Donilon deyib: “Lazımsız və qeyri-müəyyən bir müharibənin qarşısını aldıq, iranlıları masaya gətirdik, danışıqlar üçün vaxt və yer qazandıq və görünməmiş, müvəffəqiyyətli silahlara nəzarətə dair bir razılaşma əldə etdik. O, İranın nüvə silahı əldə etməsinə mane oldu və beynəlxalq birliyə İranın fəaliyyətinə görünməmiş bir görüntü verdi. Bunların hamısı ABŞ-ın böyük maraq dairəsindədir”.
Son aylardakı hadisələrin mürəkkəbləşməsinə gətirib çıxaran Trampın sazişdən imtinası ABŞ-ın İrana qarşı hərbi addım atması və ya bir İsrailin həmləsinə xeyir-dua verə biləcəyi qorxusunu yenidən oyadıb, eyni zamanda, bütün tərəflər səhv hesablama və ya nadanlıqdan münaqişə doğura bilərlər. Dizaynında məhdud olsa da, İrana hücum İran “proksi”lərinin bölgədəki Amerika qüvvələrinə qarşı qisas həmləsi, neftin qiymətinin artması ilə ticarət gəmilərinə hücumların artması, “Hizbullah” İsrailə qarşı terror hücumları dalğası, Qərbə qarşı kiberhücumlar kimi geniş yayılmış xaos yarada bilər. Son nəticədə İranın təsir etdiyi yerlərdə – Livandan Suriyaya, Yəməndən İraqa qədər atəşi söndürməyə daha çox Amerika əsgərinin göndərilməsini.
Bu böyüyən böhranın necə başladığı tarixçəsi – bir çox cəhətdən Amerikanın İsraillə münasibətlərinin mürəkkəbliklərindən bəhs edən hekayətdir. Bu, müharibə, İsrailin arxasında müzakirə olunan silah müqaviləsi, bir-birinə qarşı casusluq edən iki müttəfiq və nəticədə, Amerikanın xarici siyasətini formalaşdıracaq bir döyüşün hekayətidir.
O, bir neçə ay ərzində onlarla indiki və keçmiş Amerika, İsrail və Avropa rəsmilərinin verdiyi müsahibələr, İsrail ordusunun 2012-ci ildə İrana hücum etməyə nə qədər yaxınlaşdığının təəccüblü təfərrüatlarını göstərir: Obama rəhbərliyinin ABŞ-ın Qərb səhrasında bir İran nüvə obyektinin tam ölçülü maketini 30 min funtluq bomba ilə məhv etməsi; Amerikalı peyklərin İsrailin Azərbaycandakı bazasından İrana müşahidə dronları göndərməsini necə izləməsi və Trampın İranla sövdələşməni tərk etməsi üçün Netanyahunun təzyiq kampaniyasının həcmi barədə əvvəllər bilinməyən detallar.
Netanyahu bu yaxınlarda İsrailin ən uzun müddətli baş naziri olaraq David Ben-Qurionu üstələyib, ancaq bir daha siyasi sağqalma uğrunda mübarizə aparır, aqibətini sentyabrın 17-ə təyin olunan seçkiyə bağlayıb. Onun əleyhdarları bir neçə il əvvəl İrana zərbə vurmağa qarşı olan insanlardır.
Seçkinin nəticəsindən asılı olmayaraq, hazırkı İran böhranının mənzərəsi tez dəyişə bilər və Tramp hətta G-7-nin son sammitində də İran prezidenti Həsən Ruhani ilə növbəti həftələrdə görüşə biləcəyini söyləyib. Bu perspektiv İsraildə həyəcan siqnalları yaradıb. Ancaq Netanyahu açıq şəkildə narahat olduğunu söyləmir. Avqust ayında Qüdsdəki ofisində verdiyi müsahibəsində o, etiraf edib ki, Tramp, ondan öncəki Obama kimi, müharibənin qarşısını almağa və bunun əvəzində İranın nüvə proqramı ilə bağlı bir həll yolu tapmağa cəhd edə bilər.
Netanyahu əlavə edib: “Ancaq bu dəfə təsir etmə qabiliyyətimiz daha çox olacaq”.
(ardı var)
Tərcümə: Strateq.az