Fransadakı müdhiş terror kimin maraqlarına xidmət edir?
«Terrorçu istənilən ölkənin əlində vasitəyə çevrilə bilər»
"Xeberinfo.com": Fərhad Mehdiyev: «Ehtimal etmək olar ki, bu hadisəni İŞİD və İŞİD tərəfdarları yox, Mossad, Mİ-6 və yaxud da FSB kəşfiyyat orqanı həyata keçirib. Mossadı hardasa istisna etmək olar»
Elxan Şahinoğlu: «Çox təəssüfki, ikiüzlü beynəlxalq siyasət hökm sürür»
Fazil Mustafa: «Fransada baş verən terror aktı Avropada islamafobiyanın gücləndirilməsi üçün düşünülmüş təxribatdır»
Fransanın “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilən hücum yenidən dünyanın diqqətini islam terroruna yönəltdi. 2-si polis olmaqla 12 nəfərin ölümü ilə nəticələnən dəhşətli terror hadisəsini İslam peyğəmbərinin qisasının alınması adı altında həyata keçirilməsi bir çox sualları da ortaya çıxardı. Hazırda dünyanın ağır siyasi, iqtisadi və geosiyasi böhran keçirdliyi bu günlərdə jurnalistlərə qarşı Parisin mərkəzində həyata keçirilən bu terror hadisəsi kimə daha çox sərf edir?
Bu dünyanı saracaq olan çox ciddi prosseslərin başlanğıcı deyil ki?
Məlumdur ki, son 25 ildə, daha doğrusu soyuq savaş başa çatdıqdan sonra İslam və terror anlayışları beynəlxalq siyasətdə demək olar ki, eyniləşdirilib.
Dünyəvi bir din olaraq islam dinini terrorizmlə bağlayan heç bir təməl anlayışlar olmasa da, bu gün terrorizm islam dininə qarşı əsas təbliğat predmetinə çevrilib. Dünyada ən çox istismar olunan dini kütlə olan müsəlmanların narazılıqlarından yararlanan bir çox dünya dövlətləri isə dünyada terror fırtınası əsdirməyə davam edirlər.
Çox təəssüf ki, texnologiya və aydınlıq əsri olan 21-ci əsrdə İslam dini tamamilə öz mahiyyətindən kənar olan radikal dəyərlərə söykənən fanatiklərin dininə çevrilməkdədir. Yəni faktiki olaraq İslam dini öz mahiyyətindən və məqsədindən uzaqlaşdırılır. Bu məsələdə böyük dövlətlərin siyasi, sosial və geosiyasi maraqları olsa da, müsəlmanların çox asanlıqla böyük dövlətlərin maraqlarının alətinə çevrilməsi ancaq təəssüf hissi doğurur. Bu gün Suriyada vuruşmağa gedən azərbaycanlılar da, bir şeyi anlamaq zorundadırlar ki, Suriyada onlar din uğrunda deyil, hansısa dövlətin maralarına xidmət üçün savaşır və ölürlər.
İslam terroru anlayışının siyasi leksikona daxil olması bütün hallarda bütün müsəlmanlara və islam dininə qarşı irəli sürülən ən ciddi bir ittihamdır. Hər halda heç bir dövlət islam dininin təməlindən terorçu mahiyyətini daşıdığını iddia edə bilməz. Əgər müsəlmanlar terrora meyllənirsə, o zaman beynəlxalq təşkilatlar bunun sosial, siyasi və digər səbəblərini araşdırmalıdır. Bütün hallarda islam terroru anlayışı kökündən yanlış bir anlayışdır.
Yəqin oxucularımız da xatırlayar ki, 2011-ci ildə Norveçdə Breyvik adlı ultra millətçi 90 yeniyetməni qətl etdi və bu məsələ qətiyyən beynəlxalq məhkəmə tərəfindən siyasiləşdirilmədi. Halbuki Breyvik öz qətliamını həyata keçirərkən məhz siyasi motivlərlə çıxış etmişdi. 90 yeniyetməni soyuqqanlıqla qətl edən Brevik isə hazırda dustaqxanada bütün şəraiti təmin olunmaqla yaşamaqda davam edir. Amma minlərlə müsəlman ABŞ-ın dünyanın müxtəlif həbsxanalarında ölkələrində yerləşən həbsxanalarında öldürülüb və dəhşətli işgəncələrə məruz qalıb. Əgər 90 yeniyetməni öldürən Breyvik müsəlman olsaydı o zaman hansı mənzərə çıxardı?
Bəs bu ayrı-seçkilik nədən və necə yaranır?
Elə bu mövzu ətrafında PİA.AZ-ın əməkdaşı bir sıra siyasi təhlilçilərin və siyasətçilərin fikirlərini öyrənib.
Fərhad Mehdiyev: «Ərəblərin etdikləri oğurluqlar, qadın alveri, narkotik satışı və müxtəlif cür qanunsuzluqlar ərəblərin deyil, müsəlmanların hesabına yazılır»
Politoloq Fərhad Mehdiyevin fikrincə Fransada baş verən terrorun arxasında Rusiya xüsusi xidmət orqanları dayana bilər:
«Fransada baş verən bu terror hadisəsini biraz araşdırmaq lazımdır. Düşünürəm ki, bu hadisənin arxasında Rusiyanın xüsusi xidmət orqanları ola bilər. Bunun səbəbi hal-hazırda dünyada danışılan əsas məsələlərdən biri Rusiyanın Ulraynaya qarşı aqressiyası və Krımın işğal etməsi ola bilər. Çünki Avropada antiislamfobiyası oyansa, müsəlmanlar tərəfindən ardıcıl bu cür terror hücumları olarsa, bu gündəmi dəyişdirməyə kömək edəcək. Belə dəyişiklik olarsa, Rusiya öz mövqelərini möhkəmlədəcək. Digər tərəfdən, ehtimal kimi bu terror aktını İŞİD-in adamlarının etdiyini düşünsək, onlar Suriyaya adam göndərməklə məşğul olardılar. Əgər belə bir təşkilat fəaliyyət göstərsəydi, böyük ehtimalla bu Fransanın xüsusi xidmət orqanlarının gözündən yayınmazdı. Belə çıxır ki, bu terror aktını törədənlərin İŞİD-lə əlaqəsi olmayıb.
Amma ehtimal etmək olar ki, bu hadisəni İŞİD və İŞİD tərəfdarları yox, MOSSAD, Mİ-6 və yaxud da FSB kəşfiyyat orqanı həyata keçirib. Amma başqa bir məsələdə var ki, MOSSAD-ı hardasa istisna etmək olar. Çünki MOSSAD adətən ABŞ-ın Məkrəkzi Kəşfiyyat İdarəsini (MKİ)qıcıqlandıran addımlar atmır. Hesab eləmirəm ki, MKİ Fransanın bu şəkildə qarışmasının tərəfdarı olsun. Bu Vaşinqtonun maraqlarına xidmət etmir. FSB-nin bu terror aktını törətməsi böyük ehtimalla ola bilər. Bir qayda olaraq böyük dövlətlərin İslam terrorunda maraqları var. Qərb dövlətləri hər zaman müəyyən dərəcədə İslamın əleyhinə olublar. Bəzi Avropa ölkələrində azanların oxunması, eyni zamanda İsveçrədə minarə tikilməsi qadağan olunmuşdu. Lakin bu kimi tendesiyalarla Avropanı çalxalayacaqlarını hesab etmirəm.
Breyvikin 90 yeniyetməni qətlə yetirməsini xristianlığa terrorizminə istəməzdim.Tarix boyunca xristianlarda xaç səfərləri olub, amma xristianlıq bu faktordan çoxdan imtina edib.Ola bilsin ki, ABŞ-ın və Avropanın bəzi addımlarında xristian motivləri önə çıxsın. Lakin terroru xristianlıq və ya İslamiyyətə bağlamaq düzgün olmaz. Tutaq ki, dünyada 1 milyard müsəlman varsa, onlardan bəlkədə 20-30 milyonu zorakı praktikaları dəstəkləyər. Xristianlar arasında da bu cür radikal terroristlər çıxa bilər.
Breyvikin 90 yeniyetməni qətlə yetirməsində xristianlar özlərinə qarşı təhlükə hiss etmədilər. Ona görə etiraz etmədilər. Lakin Fransadakı hadisədə onlar düşünürlərki, şübhəli qismində üzdə 3 ərəb varsa, deməli bunu müsəlmanlar törədib. Halbuki xüsusi xidmət orqanları hər hansısa bir hadisəni törədəndə onu birbaşa öz agentləri vasitəsilə ilə deyil, kimisə təhrik edərək həyata keçirirlər. Digər tərəfdən isə, Avropada müsəlmanlar qədər asiyalılar, vyetnamlılar, Afrikadan gələnlər var və ictimai qaydaların pozulmasında onlar kifayət qədər böyük rol oynayırlar. Ərəblərə gəlincə, Avropa ərəbləri o qədərdə dindar sayılmır. Lakin ərəblərin etdikləri oğurluqlar, qadın alveri, narkotik satışı və müxtəlif cür qanunsuzluqlar ərəblərə deyil, müsəlmanların hesabına yazılır. Ona görədə insanların ərəblərə qarşı olan qəzəbi və qərəzi islamiyyətə qarşı yönlənir. Bunun nəticəsində isə Avropada anti-islam həvəsləri sürətlənir. "
Elxan Şahinoğlu: «İŞİD kimi terror təşkilatının da Suriyada qətliam törətməsi İslam adına kölgə salır»
Politoloq Elxan Şahinoğlu fikrincə isə, bu terrordan sonra Avropada islamafobiya güclənəcək və miqrantlara qarşı təzyiqlər artacaq:
"Fransada baş verən terror aktını nəzərə alsaq, yəqinki Avropa, Fransa, Almanyada islamafobiya biraz daha güclənəcək və ola bilsin ki, miqrasiya şərtləri sərtləşsin. Fransada baş verən terror aktından əvvəl də Almanyada anti-islam mitinqləri keçirilirdi, və müsəlmanların Almaniyaya miqrasyiasına qarşı bir hərəkat yaranmışdı. Bu hərəkatda artıq 20 min adam toplaşıb. Təbii ki, Fransadakı terrordan sonra İslam əleyhinə şüarlar çoxalacaq, Fransada millətçi partiya və hərəkatlar güclənəcək. Misal üçün, Fransada prezident seçkiləri yaxınlaşır. Namizədlərdən biri miliyyətçi hərəkatın rəhbəridir. Son hadisə xanım Li Penin şansını daha da artırır.
Hadisələrin bu cür inkişafı biraz daha irəliləsə, Qərblə Şərq arasında uçurum vəziyyəti arta bilər. Biz nə qədər desək ki, İslam sülhpərvər dindir, artıq terror aktlarından sonra Avropada bunu belə qəbul etmirlər. İŞİD kimi terror təşkilatının da Suriyada qətliam törətməsi İslam adına kölgə salır. Buna görədə ola bilər ki, islamafobiya Avropada güclənsin və gəlmələrə, müsəlman ölkələrə qarşı miqrasiya siyasəti sərtləşsin.
Norveç qətliamına gəlincə, söhbət ayrı-seçkilikdə deyil. Breyvikin 90 yeniyetməni öldürməsiylə bağlı qətliam da dəhşətdir, ancaq Norveçdə qanunlar var ki, adam öldürməkdə ittiham olunan şəxsin müəyyən hüquqları var. Bu gün Breyvik həbsxanada hətta kömputerlə belə təmin olunub və internetdən rahat istifadə edə bilir. Fransada qəzet redaksiyasına edilən hücum zamanı jurnalistlər qətlə yetirilib və səbəb odur ki, redaksiyanın jurnalında insan təhqir olunub. Bunu Qərbdə söz azadlığına hücum kimi qələmə verirlər. Yəniki Qərb üçün söz azadlığı və demokratiya məsələləri böyük önəm kəsb edir. Lakin ABŞ-da həbsxanalarda, Quantanamanın özündə islam terrorçusu adıyla günahsız həbs olunan insanlar müxtəlif cür işgəncələrə məruz qalırlar. Eyni zamanda, Səddam Hüseyni devirmək adıyla ABŞ qoşunlarının İraqa daxil olması nəticəsində yüz minlərlə günahsız insanlar öldürüldü. Əslində İŞİD terroruda burdan yarandı.
Çox təəssüfki, ikiüzlü beynəlxalq siyasət hökm sürür. Biz bunu Dağlıq Qarabağ münaqişəsinin həllində də görürük. Ona görə də düşünürəm ki, İslam dünyası bu məsələlərə aydınlıq gətirməlidir. İŞİD-çilər baş kəsirlər, insanları amansızlıqla qətlə yetirirlər. Əslində İŞİD-in etdikləri İslam dünyasında da çaşqınlıq yaranıb ki, İŞİD İslam adına hərəkət etsədə İslamın bütün qaydalarını ayaqlar altına salır."
Fazil Mustafa: «Müsəlmanlar daha mədəni toplum olduqlarını göstərmək üçün ciddi imaj dəyişikliyi etməlidirlər»
Millət vəkili Fazil Mustafa isə hesab edir ki, terror öz başına baş vkermir:
"Əslində hansısa terror aktı özbaşına baş vermir. Əgər terror aktının arxasında böyük güclər durmayıbsa, bunu gizlətmək bir qədər çətin olur. Terrorçu istənilən ölkənin əlində vasitəyə çevrilə bilər. Hesab edirəm ki, Fransada baş verən terror aktı Avropada islamafobiyanın gücləndirilməsi üçün düşünülmüş təxribatdır və bundan sonra müsəlmanlara qarşı sərt addımların genişlənməsinə gətirib çıxaracaq. Buna görədə müsəlmanlar daha da diqqətli olmalıdır və bu cür hadisələrin qarşısını almaq üçün hamılıqla maarriflənmə güclənməlidir.
Onunla da razıyam ki, Breyvikin törətdiyi qətl təbliğat şousu əvəzinə, adi cinayət hadisəsi kimi qələmə verildi. Ancaq Fransada baş verən bu hadisəyə dünya miqyasında münasibət bildirilməsi, islamafobiyanın güclənməsi məqsədiylə nəzərdə tutulması şübhə doğurur. Onsuzda Fransada irqçilik hərəkatı güclənirdi və son zamanlar millətçilərin güclənməsi tendesiyası daha çox artırdı. Bunun artıq daha da genişlənəcəyini proqnozlaşdırmaq olar. Avropa müsəlmanlara qarşı daim neqativ münasibət görür. Müsəlmanlar daha mədəni toplum olduqlarını göstərmək üçün ciddi imaj dəyişikliyi etməlidirlər."