İki hacıdan terror hadisəsinə münasibət
Hacı İlqar İbrahimoğlu və Hacı Şahin Fransada baş verən və dünyanın əsas müzakirə mövzusuna çevrilən terror hadisəsinə münasibət bildirib
"Xeberinfo.com": Hacı İlqarın musavat.com-a, Hacı Şahinin isə Turana verdiyi açıqlamanı təqdim edirik:
Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli:
"Hər hansı müdafiə adı altında qətl və insan ölümlərinə rəvac verilməsi təqdir oluna bilməz. Eyni zamanda, bütün peyğəmbərlər müqəddəs olduğu üçün onların şəxsiyyətinə münasibətdə “qırmızı xətləri” də keçmək olmaz və bu da yolverilməzdir. Belə addımın söz və ya düşüncə azadlığı ilə hər hansı əlaqəsi yoxdur.
Peyğəmbəri müdafiə adı altında insan qətlinin özünü yolverilməzdir. Terror, insan qətli ilə peyğəmbər müdafiə etmək nə deməkdir? Peyğəmbəri müdafiə üçün ən böyük dəyər vaxtilə peyğəmbərin təbliğ etdiyi insani dəyərləri zamanımızda təbliğ etməyimiz, bəşərə sevgi və xeyirxahlığımız olar.
Mətbuat oraqnına basqını pisləyən din xadiminin firkincə, bu məsələnin arxasında hansısa terror qruplaşması dayanır və bu əməlin məqsədi Avropada, bütün xrisitan dünyasında müsəlmanlara nifrət yaratmaqdır.
Bu hadisənin İŞİD terror qruplaşmasının törətdiyi anti-din və anti bəşəri hadisələr fonunda görünməsi isə daha uzağa gedən planlardan xəbər verir. Bu da istisna deyil ki, hansısa qüvvələr islam, müsəlman adı ilə bu hadisəni törədib, amma istənilən halda insan qətlinə bəraət ola bilməz”.
İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu:
“Parisdə günahsız insanlara qarşı baş verən anti-bəşəri cinayəti birmənalı olaraq pisləyirik. Baş verən terror aktı müqəddəs İslam dini ilə daban-dabana zidd olan bir cinayətdir. Biz bunu təkfirçi İŞİD-çilərin son dövrlərdə həyata keçirtdiyi ant-İslami davranışın bir halqası kimi də dəyərləndiririk. Eyni zamanda təəssüflə bunu da vurğulamağı lazım bilirik ki, baş verən terror olayında illərlə qızışdırılan islamofobik sürəcin və müsəlmanlara qarşı sərgilənən ikili standartların da böyük rolu vardır.
Bu xüsusda onu da qeyd etmək lazımdır ki, söz azadlığı və özünüifadə kimi mühüm bəşəri dəyərlər, bir sıra hallarda müqəddəs dəyərlərə təhqir kimi rəzil əməllərlə deformasiyaya uğradılır və gözdən salınır. Halbuki, müqəddəs dəyərlərə qarşı təhqir və aşağılamalar əslində müsəlman dünyasına qarşı mənəvi terror kimi dəyərləndirilməlidir.
İstisna deyil ki, dünyanın belə bir həssas şəraitində, bəşəriyyətin çox fundamental mənəvi ehtiyaclar yaşadığı bir dönəmdə, baş verənlər həm də insanların altşüurunda İslama qarşı ciddi qıcığın yaradılması niyyəti güdən düşünülmüş bir projenin tərkib hissəsidir. Belə ki, avam və cahil, zombiləşdirilmiş insanlardan bu kimi cinayətlərdə istifadə etməklə, Avropa insanının təhtəlşüurunda aqressiv müsəlman kimi sabit obrazların yaradılması cəhdi də istisna olunmur.
İstənilən halda baş verənləri şiddətlə qınayırıq. Müsəlman toplumlarında köklü maarifçi işlərinin aparılmasının zəruriliyini bir daha vurğulayırıq.
Baş verən hadisənin əziz Peyğəmbərimizin (s) mövlud günlərində yer alması da, bütün bunların anti-İslami dalğaya xidmət etmək üçün düzənlənən bir qondarma oyun olması təəssüratlarını daha da gücləndirir.
Dünyasını dəyişən günahsız insanların yaxınlarına başsağlığı veririk. Uca Allahdan bütün bu kimi fitnələrdən qorunmağı diləyirik”.