Deputatlarımızdan Xodorkovskiyə sərt etiraz
"Rusiya prezidentinin bir sıra addımlarını qınasaq da, bəzi addımlarına haqq qazandırmamaq olmur"
"Xeberinfo.com": Məlumata görə, "ЮКОС” neft şirkətinin eks-sahibi Mixail Xodorkovski kimi anormal düşüncə sahibini deyəsən haqlı olaraq uzun müddət həbsxana divarları arasında saxlayıb. Son illərdə bu qədər təxribatçı və ağıldankənar təklifə bəlkə də rast gəlməmişəm. Adam bütün müsəlmanları qıcılandıracaq, daha geniş miqyasda təxribatın baş verməsinə səbəb olacaq bir təklif irəli sürüb".
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkədəki səhifəsində yazıb. Millət vəkili Xodorkovskinin Məhəmməd (s.a.s) peyğəmbərin karikaturalarının kütləvi informasiya vasitələrində yayılması barəsindəki fikirlərinə münasibət bildirib. F. Mustafa qeyd edib ki, Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır:
“Özünün Twitter səhifəsində bütün Kütləvi İnformasiya Vasitələrini Məhəmməd peyğəmbərə qarşı karikaturalar yaymağa çağırıb. Təbii ki, Parisdə baş verən terrora ağlı başında olan insanların münasibəti birmənalıdır və bunun hər şeydən əvvəl müsəlmanlara qarşı düşünülmüş bir hərəkət olduğu kimsədə şübhə doğurmur. Hətta terrorçular müsəlman olsalar belə, bu vəhşiliyin bədəlini Avropada yaşayan müsəlmanlara ödətmək məqsədilə bu addımı atdıqları ehtimal olunur. Buyurub Fransanın çevik polis sistemi terrorçuları ələ keçirsin və ən ağır cəzaya məhkum etsinlər. Bunun qisasının Məhəmməd Peyğəmbərdən almaq bu axmağın ağlına görəsən haradan gəlib. Peyğəmbərin karikaturasını çəkməklə hansısa xəstə təxəyyülü insan həzz alırsa, bunları heç ciddiyə almağa da gərək yox. Məkkədə, Taifdə daşqalaq edirdilər, üzünü qanadırdılar, ələ salıb təhqir edirdilər, sonu nə oldu, onun ideyasına, vizyonuna əngəl ola bildilərmi? Endirilmiş dinə bağlı olan müsəlmanlar heç şübhəsiz Peyğəmbərə qarşı təhqirlərə onun özünün göstərdiyi səbrli davranışı göstərərdilər, buna terrorla cavab verməzdilər. Ancaq son olaraq onu deyə bilərəm ki, Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır”.
Milli Məclisin daha bir deputatı Qənirə Paşayeva da Mixail Xodorkovskiyə etirazını bildirib.
“1.5 milyarddan artıq müsəlmanın Peyğəmbərinin gülüş hədəfinə çevrilməsini müsəlmanların hamısı qınadığı kimi, bu addıma cavabı olaraq Parisdə silahlı terror törədilməsini, insanların qətlə yetirilməsini də müsəlmanların əksəriyyəti qınayır və hamısı qınamalıdır. Amma bir qrup cahil terrorçunun törətdiyi cinayətə görə bütün müsəlmanları təhqir edən, hədəf alan, terrorçu adlandıranları, bütün media qurumlarını İslam Peyğəmbərinin karikaturasını yaymağa çağıranları, vəziyyəti daha da gərginləşdirmək istəyən bir sıra siyasətçilər, partiya və mətbuat və media qurumlarını da dinindən asılı olmayaraq hər kəs qınamalıdır. Bu terror hadisəsini, cinayəti törədənlər onsuz da ən böyük zərbəni elə müsəlman dünyasına vurdular və müsəlmanların əksəriyyəti bunu kəskin qınayır və törədənlərin də ən sərt cəza almasını dəstəkləyir. Məsələ Azərbaycan bir müsəlman ölkəsi olmasına baxmayaraq cənab Prezidentimiz İlham Əliyev başda olmaqla hər bir azərbaycanlı bu terror hadisəsini qınayır amma biz bundan istifadə edib bütün müsəlman dünyasını təhqir, həqarət edən, aşağılayan, hədəf göstərənləri də qınayırıq. Belə addımlara və açıqlamalara əl atanlar bilməlidirlər ki, bu bütün dünyada gərginliyi sadəcə daha da artıra bilər”.(azvision.az)