TRAMP VƏ PUTİNİN TALEYİ ƏRDOĞANIN ƏLİNDƏ… –Türkiyə ... - ARAŞDIRMA
Ergün Diler
“Takvim”, Türkiyə, 03 iyul 2019-cu il
Hər kəs “Nələr olur?” sualına cavab axtarmaqdadır. Asan bir sual deyil. Xüsusilə Türkiyə kimi uzun müddət ərzində xarici müdaxiləyə açıq olan ölkələrdə belə suallara asanlıqla cavab tapıla bilməz.
İstəyirsinizsə, gəlin birlikdə addım ataq. 1960, 1971, 1980, 28 fevral (1997-ci il – tərc.) çevrilişlərini və 15 iyulu (2016-cı il – tərc.), yaxın tarixin önəmli qırılmalarını anlamağa çalışaq.
Yenixeber.org: Bu çevrilişlərdə İngiltərə-ABŞ çəkişməsi vardı. Heç kimə anladılmadı. Nəsillər həqiqəti öyrənə bilmədi. Sonra dövləti öz aralarında paylaşdılar. Bunu haradan anlayırıq? Prezident seçkilərindən.
Hər zaman böhran oldu. Sonda yetərli səs alan biri seçiləcəkdi. Nə üçün böhran yaşandı? Nə üçün Köşkə (Prezident rezidensiyası – tərc.) çıxacaq şəxs sakit bir siyasi axışla müəyyən oluna bilmədi? Nə üçün silahlar işə düşdü? Nə üçün tüfəng lülələri başlara dayandı? Heç bilən varmı? Yox.
İki böyük güc hər zaman toqquşdu. Biz bunu Türkiyəni iki tezlikdən birində tutmaq istəyənlərə baxaraq gördük. Bu mübarizə tarixi çox uzundur. Atatürklə İnönü arasında gedən mübarizəni neçə adam bilir? Nə üçün İnönü ən yaxın dostunun (əgər elə idisə) dəfninə getmədi? Gedə bilmədi. Silah dostu idilər. Məsələni qapadıb, üstündən keçirik.
Bu məsələlər haqqında heç danışılmadığı üçün indi baş verənləri anlamaq daha çətin bir hal alır. Türkiyə daim ABŞ və İngiltərə arasında sovruldu durdu. Bu mübarizədə hər iki tərəfi, hər iki tezliyi də seçən insanlar var idi. Bu, təbiidir. Həmən “qeyri-milli” ayaması yapışdırmayın. Çünki başqa seçim yox idi. Türkiyənin içində olduğu şərtlər bu güclərdən biri ilə yürüməyi tələb edirdi. Bu gün dünyada təkbaşına yürüyən, yürüyə bilən bir ölkə varmı? Yox. Artıq hər kəs hamı ilə əlaqəlidir. Müəyyən ölçüdə asılıdır.
Məsələn, Rusiya qaz verməsə, Avropa donar. Tamam. Amma Avropa da qazı almasa, ruslar ciblərində qəpik tapa bilməzlər. Bu, asılılıq tarazlığıdır.
Politika və siyasət fərqli şeylərdir. Bələdiyyə sədri də, məhdud anlama qabiliyyəti olan bir vəkil də politika ilə məşğul ola bilər. Amma siyasət dünyanı anlamaqla bağlıdır. Bu, çətindir. Bir siyasətçi çıxan zaman biz ona “dövlət adamı” deyərik. Dünyada da belədir. Siyasətçi şahmat ustası qədər mahir, almaz ustası qədər incədir. Siyasət nəzakət, ağıl və informasiyanın harmoniya yaratdığı nöqtədir. Bu tip insanların ən az göründüyü yer Orta Şərq, ən çox göründüyü yer isə İngiltərədir.
Xüsusilə II Dünya Müharibəsindən sonra dünyada ABŞ, İngiltərə, Almaniya, Fransa kimi önəmli oyunçular önə çıxdı. İndi də onlara Çin qoşulub. Rusiya da bu ölçülərdə olan bir fiqurdur.
Türkiyə “çuval hadisəsi” (türk hərbçilərinin başına çuval keçirmə hadisəsi, 04 iyul 2003-cü il, Hud, İraq – tərc.) ilə başlayan və 15 iyul hadisəsilə davam edən prosesdən sonra tarixinin ən önəmli qərarlarından birini verdi. Anlaşılması lazım olan budur. ABŞ-la, İngiltərə ilə, bəzən də Almaniya ilə birgə yürüyən Türkiyə Rusiya ilə ittifaq içinə girdi. Rus təyyarəsinin vurulmasına, səfir Karlovun öldürülməsinə rəğmən, bu marşurutdan çıxmadı. NATO üzvü olan Türkiyə, artıq ittifaqın illərlə diş qıcadığı Rusiya ilə yan-yana idi. Bu, böyük bir stereotipin pozulması idi. Əlbəttə, asan deyildi. Çətin olan şey 15 iyuldan sonra asanlaşdı. Türkiyə, daha doğrusu, “dərin dövlət” bu qərarı verdi.
2002-ci ildən bəri yaşadıqlarımıza baxın. Bütün dosyelərin, əməliyyatların içində tək bir ortaq nöqtə var: Türkiyə Silahlı Qüvvələri (TSQ). Bəzisi NATO-çu, bəzisi Avrasiyaçı oldu. Vuruşdular, bir-birinin ayaqlarını basdaladılar. “Ergenekon”, “Balyoz” kimi məhkəmə işləri ordudakı Avrasiya məktəbini neytrallaşdırmaq üçün idi. Bu işlər uğursuzluğa düçar olunca, qarşı tərəf – Avrasiya məktəbi hücuma keçdi. Həm revanş aldı, həm də marşurutu dəyişdirdi. Türkiyə “Avrasiya” dedi. Bu, bir gündə verilmiş qərar deyil. İllər ərzində yaşananları alt-alta düzdükdə gəlinən qaçılmaz nəticədir.
Bu tənliyi (güc balansını – tərc.) anladığınız halda, demək olar ki, daxili siyasətdə nələr olacağını proqnozlaşdırmaq sizin üçün heç çətin olmaz. Bilirsiniz ki, ad çəkmək istəmirəm. İstəmədən kimisə incitməkdən çəkinirəm. Ancaq buna baxmayaraq, altını cızmağa məcbur olduğum xüsuslar vardır. Bu da bizim vəzifəmizdir.
Məsələn, ötən gün olduqca dərin və təsirli bir çıxış edən hörmətli Davudoğlunun nə dediyini də, nə demək istədiyini də anladım. Artıq yollar ayrılıb. AKP-də qalmayacağını elan etdi. Və hədəf göstərdi. Əslində, dilə gətirmədiyi, lakin narahat olduğu şey seçilən Rusiya marşurutu idi. Bu formada etiraz edirdi. Ankaranı tənqid etsə də, bu mövzulara girməyən hörmətli Abdulla Gül də eyni tezlikdə idi. Onların üst-üstə düşən nöqtələri Rusiya xətti idi.
Səsini heç eşitmədiyimiz Əli Babacanın da fərqli mövqedə olduğunu heç düşünmürəm.
CHP lideri hörmətli Qılıncdaroğlu da, söyləməsə belə, eyni etirazla siyasət aparırdı. AKP və ya Ərdoğan əleyhdarlığının səbəbi bu idi. İkinci dəfə referendum keçirilməsinin təlb edilməsinin altında yatan həqiqət də bu nöqtə idi.
Hörmətli Dövlət Baxçalı isə sonunadək Ərdoğanın yanında idi. Qüvvələrin ayrışması belə idi.
Əlbəttə, fərqli künclərdə olmaq iqtisadi ittifaq baxımından da ayrışmalar gətirməkdə idi. Türkiyənin gedişatını görən biri üçün BVF-ə (İMF) müraciət edilməyəcəyini anlamaq çətin deyildi. Bəziləri Türkiyəni pul vasitəsilə ABŞ-a yönləndirmə təlaşı içində idi. Çünki pul alan xahiş də alırdı.
“Dərin dövlət”in Avrasiya qərarı ortadadır. S-400-lə bağlı məsələ hərbçilərdən asılı olmadan baş tutacaq bir məsələ deyil. Əsil maraq etdiyim, öncəliklə anlaşılmalı olan məsələ budur.
Əlbəttə, sivil siyasət gücdür, təsirlidir. Ancaq bu, ordunu birbaşa maraqlandıran məsələdir. 200 min hərbçisini cənub sərhədlərində saxlayan bir paytaxtın birlikdə tutduğu mövqedir. NATO-ya birlikdə refleks göstərmə biçimidir.
Putin və Tramp Ərdoğanın yanındadır. Uzun zamandır bu üçlüyün bir araya gəlməsini istəməyənlərin olduğunu yazıram. ABŞ daxilindəki böyük bir güc mərkəzi də Trampa, dolayısilə bu üçlüyə qarşıdır. Ancaq nə burada, nə ABŞ-da, nə də Rusiyada ABŞ-Türkiyə-Rusiya üçlüyünü poza bilmədilər.
Rus təyyarəsinin vurulması, prokuror Müllerin “Rusiya seçkilərə qarışdı” iddiası, Qızıl Ordunun xor ansamblını daşıyan təyyarənin Qara dənizə gömülməsi bu üçlüyü hədəfləyirdi. Məqsəd yeni yaranacaq balansı neytrallaşdırmaq idi. Nail ola bilmədilər.
Sabiq ABŞ prezidentləri od püskürsə belə, Tramp, ayaqda qala bildi. Putin ən təminatlı durumdadır. Ərdoğan isə xaricdən gələn təzyiq və əməliyyatlardan sonra indi iqtisadi durğunluqla birlikdə, daxildə rəqib olacaq şəxslərlə də mübarizə aparacaq.
Yeni balansı quracaq şəxs Ərdoğandır. Ərdoğanın vaz keçməsi Trampın da, Putinin də uduzması deməkdir. Məsələ bu qədər aydındır.
Türkiyənin 15 iyuldan sonra yaranan mövqeyini biçimləndirmək üçün üstünə iqtisadi hücumla gəlmək istəyəcəkləri qətidir. Doğrusu, hamısı qapının önündədir. Türkiyənin öz marşurutundan dönməsi üçün siyasi fiqurlar səhnəyə çıxacaqlar. Bunun əksi mümkün deyil. Nə üçün dünən deyil, indi? Çünki Türkiyə Qərblə öz arasına çox məsafə qoydu. Və Aralıq dənizilə bağlı qərarlılıq nümayiş etdirdi. Neftə görə Osmanlını dağıtdılar. İndi də gözləri Aralıq dənizinin neft və qazındadır.
Müharibədən öncə hər kəs öz ittifaqı ilə birgə yürümək niyyətindədir. Hadisələrə belə baxaq. Bu səbəblə, münaqişə və toqquşma qaçınılmazdır. Siyasi baxımdan da qaçınılmazdır…
Baxaq, görək, nələr olacaq.
Türkiyə hər bir şərtdə qazanan ölkə olacaqdır. Rahat olun.
Amma filmi də izləyin.
Tərcümə: Strateq.az