PENTAQONUN TRAMP-ƏRDOĞAN GÖRÜŞÜNƏ SƏRT MESAJI: Türkiyəni Aralıq dənizinə... - TƏHLİL
Ergün Diler
“Takvim”, Türkiyə, 02 iyul 2019-cu il
Prezident Ərdoğan Trampla görüşdü. İsti keçən görüşü qəbul edə bilməyənlər, etiraz edənlər çox gözləmədi. Həm Liviyadan, həm də Kiprdən canımızı sıxan xəbərlər aldıq. Hadisələrin bir-birinin ardınca olması isə işin maraqlı tərəfidir.
Yenixeber.org: Liviyada general Xəlifə Həftar adlı biri var. Deyilənə görə, 37 minlik orduya malikdir. Bu ordunun içində ABŞ-dan olan 1000-2000 muzdlu hərbçi, yəni “Blackwater” də vardır. 21 il ərzində MKİ-nin mərkəzi Lenqlidən sadəcə 6,5 km uzaqlıqda yaşayan Həftar, bu müddət ərzində ABŞ vətəndaşlığı aldı. Yəni, xarici deyil. İngiliscə ilə yanaşı, fransız və italyan dillərini də bilir. Pompeo ilə yaxşı dostluğu var. Adi bir adam deyil.
Son hadisədən sonra Liviya Milli Ordusu Türkiyəni ittiham etdi. Xəlifə Həftarın adamlarının Türkiyəni Ərdoğanla Trampın görüşündən həmən öncə təhdid etməsi, əslində, bu açıqlamanın mərkəzində Vaşinqtonun olduğunu göstərir. Təsadüfi deyil, heç ola bilməz də.
Pentaqonla Tramp eyni tərəfdə deyil. Bunu çox yazdım. Bu da eyni yöndə atılan addımdır. Yenə öz mövqelərini nümayiş etdirdilər. Hərdənbir atəşkəs elan edilsə də, savaş gizli formada daim davam edir. Ortada Həftar və komandasının Türkiyəni təhdid etməsini tələb edən heç bir durum yox idi. Ancaq təhdid gəldi.
ABŞ daxilindəki çəkişmənin hesabını bizə kəsmək istəyirlər. Olan budur. Pentaqon Türkiyəyə “Aralıq dənizində sürətli addımlar atacaqsansa, Suriya problemindən sonra Liviya problemi ilə üzləşəcəksən. Ardınca digər ölkələr də Ankaraya qarşı açıqlamalar verəcək” mesajı verdi, vermək istədi.
Həftara ilk dəstək açıqlamaları verən kimlərdir? Baxdınızmı? Pentaqondan sonra Misir, BƏƏ və Bəhreyn. Səudiyyə Ərəbistanı da maddi dəstək sözü verdi. Bu bizi təəccübləndirdimi? Əlbəttə, xeyr.
Liviya Aralıq dənizi üçün çox önəmlidir. Türkiyə Aralıq dənizində olduğu müddətcə, Liviya sadəcə bir başlanğıc hesab edilə bilər. Bu, belə qəbul edilməlidir. Aydındır ki, gərginlik artacaq.
Elə “Liviya haradan çıxdı?” deyərkən, Kiprə raket düşdü. Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Daşkənd kəndinə düşən raketin Suriyaya aid S-200 HHM raketi olduğu irəli sürüldü. İddialara görə, Suriya rejimi İsrail təyyarələrini hədəfə aldı, S-200 raketi də Kiprin şimal tərəfinə düşdü. Bu iddia inandırıcı deyil.
Çünki hadisənin baş verdiyi saatlarda bölgədə İsrail təyyarələri yox idi. Bu raket Türkiyəyə açıq şəkildə verilən “Aralıq dənizi mesajı” idi. Yəni, həm Liviyadan, həm də Kiprdən mesaj verildi.
ABŞ şirkətləri Aralıq dənizindəki enerji bazarının daha da dəyərlənəcəyini düşünür. Səbəbi sadədir, çünki burada bir müharibənin olacağı və sonda ABŞ-ın enerji şirkətlərinin qazanacağı proqnozlaşdırılır.
Bu olarsa, proqnozları doğru çıxacaq. Ancaq İngiltərə, eyni zamanda Fransa bölgədə böyük narahatlıq yaşayır. Doğrusu, Kiprdə eyni bazadan istifadə edirlər. Səbəb, ABŞ-ın tutduğu mövqedir.
Liviya Fransa və İngiltərə üçün özəl bir ölkə idi. Ancaq ikisi də Liviyadan çıxarıldı. Liviyadan çıxarılan bu ölkələr Aralıq dənizinin məlum sahilini itirdilər. Müharibə etmək və nəticə almaq elə də asan deyil. Görəsən, cəhd edərlərmi? Mümkündür.
Bir müddət öncə Kipr Rum Administrasiyasının təşəbbüsü ilə Şərqi Aralıq Dənizi Qaz Forumu quruldu. Cənubi Kipr, Yunanıstan, İsrail, İtaliya, İordaniya, Fələstin və Misirin ortaq qaz bazarı yaradılmasını hədəfləməsilə qurduğu bu platformanın mərkəzində ABŞ durur. Vaşinqton bu təşəbbüslə Türkiyə, ŞKTC, Livan və Liviyanı oyundankənar vəziyyətə saldı. İndi Həftarla birlikdə Liviya da bu platformaya daxil ediləcək.
Vaşinqton Fransa və İngiltərənin Türkiyə ilə ortaqlıq etməyəcəyindən əmin şəkildə qərarlar alır. Çünki Fransa və İngiltərə dəfələrlə Türkiyə ilə anlaşma yolu tapmağa cəhd etsə də, gözlənilən alınmadı.
Konkret olaraq İngiltərə bir il öncə Türkiyəyə “Böyük Aralıq dənizi” təklifi verdi. Ancaq Ankara bu təklifi qəbul etmədi. Vaşinqton bunu bilərək, öz addımlarını sürətləndirdi.
İndi Aralıq dənizindəki gərginlik Daşkənd kəndinə düşən raketlə birlikdə, yeni bir ölçü qazandı. Aralıq dənizində müharibə başlayacaq. Kimin kimi vuracağı məlum deyil, lakin fitili yandıracaq ölkə ABŞ-ın nəzarətində olan bir ölkə olacaq. Bu, dəqiqdir.
Aralıq dənizində bu hadisələr baş verərkən, daxili siyasətdə də ton dəyişdi və önə çıxmaq istəyənlər açıq danışmağa başladılar.
Bu torpaqlarda hər şey bir-birinə bağlıdır. Unutmayın, məsələlərin hamısına birlikdə baxmaq baş verəcək hadisələri anlamağa yardım edər. Daxili siyasətdə olanlar da, xaricdəkilər də eyni tezlikdən istifadə edirlər.
Yaxınlarda bunu daha yaxşı anlayanların sayı artacaq. Çox keçmədən hər şey anlaşılacaq.
Qeyd: “The Times” ötən həftə yazırdı ki, “Türkiyə, Aralıq dənizində bir ovuc neft və ya qaz çıxarmağa cəhd edərsə, Kipr gedər”.
Bu, həm daxildə, həm də xaricdə baş verənləri anlatmağa yarayan gözəl nümunədir.
Tərcümə: Strateq.az