““F-35 MÖHLƏTİ” HAQDA BİZƏ RƏSMİ BİLDİRİŞ GƏLMƏYİB” –Türkiyə rəsmisi “Amerika məsələni başqa məcraya yönəldir” deyir - Araşdırma
Kasım Ileri, Safvan Allahverdi
Anadolu Ajansı (Türkiyə), 23.05.2019
Yenixeber.org: Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran S-400 sistemləri üzrə qərar almaq üçün ABŞ-ın Türkiyəyə iyunun əvvəlinədək möhlət verdiyi haqda məlumatı şərh edərək qeyd edib: “Bizə rəsmi səviyyədə buna oxşar nəsə daxil olmayıb”.
XİN başçısı müavini, habelə Altınbaş Universitetinin rektoru Kıran, Türkiyə prezidenti administrasiyasının təhlükəsizlik və xarici siyasət üzrə Şurasının üzvü, professor, doktor Çaqrı Erhan və “Si-En-En türk”-ün baş direktoru (CNN Türk) Bora Bayraktar ABŞ-la təmaslarından danışmaq üçün Türkiyənin KİV təmsilçilərilə görüşüblər. Kıran məlumat verib – Türkiyə prezidenti administrasiyasının kommunikasiyalar üzrə Departamenti tərəfindən ABŞ Konqresində təşkil edilən kompleks tədbirdə Türkiyə-Amerika münasibətlərinə dərindən baxılıb. O deyib: “Biz Türkiyə-Amerika münasibətlərinin gələcəyinə inamımızdan danışdıq”.
Kıranın sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və ABŞ prezidenti Donald Trampın iki ölkə arasında strateji münasibətlərin gələcəyi haqda ümumi qətiyyəti var, iki lider məqsəd qoyub – iki ölkə arasında mal dövriyyəsini indiki 22 milyard dollardan 75 milyard dollara qaldırmaq. Bu da Türkiyə-Amerika münasibətlərinin gələcəyinə inamı əks etdirir.
Kıran ABŞ Nümayəndələr Palatasının xarici məsələlər üzrə Komitəsinə təqdim və bu gün qəbul edilən qətnamə layihəsini dəyərləndirib. Onda Türkiyənin S-400 alqısına qarşı əks-təsirə çağırış var. Diplomat qeyd edib: “Biz kədərlə seyr edirik ki, bu gün Konqresdə qəbul edilmiş qətnamə layihəsi ilə Amerikada S-400 hava hücumundan müdafiə sisteminin müzakirəsi başqa məcraya keçir”.
Kıran məlumat verib ki, ABŞ-da bu təmaslar çərçivəsində Türkiyənin S-400 alqısıyla bağlı şərait və bu prosesin iç üzü haqda altı konqresmenə danışılıb. Qeyd olunub ki, ABŞ hava hücumundan müdafiə sahəsində Türkiyənin tələbatına reaksiya verməyib, amma bu alqı iki ölkənin strateji münasibətlərinə təsir etmir. Nazir müavini əlavə edib: “Bütün bu təfərrüatı danışanda gördük ki, senator və konqresmenlər arabir təəccübləndilər və bundan açıqca xəbərləri yox idi”.
Kıran vurğulayıb ki, Türkiyə S-400 məsələsində ABŞ-ın həssaslığını diqqətə alır, bununla yanaşı, Amerika administrasiyası Türkiyənin S-400 alqısı ilə bağlı texniki işçi qrup yaratmaq təklifini indiyədək cavablandırmayıb.
“Biz əminik ki, bu, Amerikanın həyəcanını yatırar və S–400 sisteminin F-35-lərin iştirakına risk yaradacağı haqda mübahisələri mənasız edər, – Kıran qeyd edib. – Biz bu məsələdə dialoqa və istənilən diplomatik təşəbbüsə açığıq”.
Türkiyənin F-35 proqramından çıxarılması
Türkiyə F-35 proqramından çıxarılacağı halda hansı yolla gedəcəyi haqda suala cavab zamanı Kıran qeyd edib ki, Türkiyə fərziyyəvi ssenariləri əsas götürmür və proqram çərçivəsində fəal işləməyi sürdürür.
“İndiki anda F-35-lə bağlı hər hansı bir sapıtmadan söz getmir, – Kıran deyib. – Təyyarəçilərimiz ABŞ-da təlim almağı davam etdirirlər. Açığını desək, biz hesab edirik ki, bunlar tamamilə müxtəlif şeylərdir. İndi hərbi tədarüklər üzrə bəzi məhdudiyyətlərin onsuz da saxlandığı nəzərə alınsa, bu, məntiqə heç cür bağlanmır. F-35 proqramı son dərəcə kompleksdir, bir də tərəflərin uzlaşdığı saziş var. Bu sazişi qanuna sadiq istənilən ölkə diqqətə almalıdır”.
Kıran vurğulayıb ki, Amerika tərəfi ilə təmasların gedişində S-400 məsələsinin “Sanksiyalar vasitəsilə Amerikanındüşmənlərinə əks-təsir haqda” (CAATSA) qanunu çərçivəsində müzakirəsinə qarşı qəti etiraz ifadə olunub. Diplomat qeyd edib – S-400 üzrə saziş xeyli əvvəl bağlanıb və onun sanksiyalar proqramına daxil edilməsi qəbuledilməzdir. Kıran danışıb ki, onlar ABŞ-da yaşayan türk icmasının üzvlərilə də görüşüb və görüblər ki, Amerikada türk icması da mübahisələri narahatlıqla izləyir. “Türkiyə-Amerika münasibətləri bu qədər zəif sistemə malik deyil ki, belə özülsüz, əsassız mübahisələr ona kölgə sala bilsin, – o deyib. – Bizim dərinə kök atmış münasibətlərimiz var. Biz keçmişdə də çox sınaqlardan keçmişik və hamısından uğula aşmışıq. Aşmışıq, çünki Türkiyə-Amerika işbirliyi güclü ənənədən, güclü köklərdən qaynaqlanır”.
Kıran qeyd edib ki, Türkiyə-Amerika münasibətlərinin bu ənənələri indiki sınaqlardan aşmağa da töhfəsini verir. ABŞ anlayar ki, S-400-ə görə narahatlığı yersizdir, Fətullah Gülənin terrorçu təşkilatı (FETÖ) məsələsində həssaslığını qəbul edər və Xalq Özünümüdafiə Dəstələri (YPG)/Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstəyi kəsər.
“Bizə rəsmən belə bir şey daxil olmayıb”
Kıran “ABŞ-ın S-400 üzrə qərar almaq üçün Türkiyəyə iyunun əvvəlinə qədər möhlət verdiyi” haqda Amerika KİV-lərində ortalığa çıxan məlumat haqda sualı cavablandırarkən qeyd edib: “Bizə rəsmi səviyyədə bu kimi nəsə daxil olmayıb. ABŞ martda “Petriot” üzrə təklifini təzələyib – əvvəlkilər bizi qane etmirdi. Biz düşünürük ki, burada bu təklif nəzərdə tutulur”.
Kıran məlumat verib ki, Türkiyə S-400 məsələsində əvvəlki mövqeyi tutur, S-400 alqısı baş tutmuş sövədir və mütəxəssislər bu sistem üzrə təlim almağa artıq başlayıblar.
Kıran ABŞ-ın Suriya üzrə özəl təmsilçisi Ceyms Ceffrinin “Türkiyənin Suriyada 30 km dərinlikdə təhlükəsiz zona qurmaq tələb etdiyini, amma ABŞ-ın buna hələlik razılaşmadığı” haqda bəyanatına da toxunub: “İndiki anda hərbi rəsmilərimiz bu mövzuda danışıqlar aparırlar, amma 20 mil (32 kilometr) haqda məsələ bizim üçün müzakirə olunmur. Bu bizim razılığa gəldiyimiz məsələdir. Biz hətta deyə bilərik ki, vaxt keçdikcə bu da yetərli olmayacaq, amma iki ölkə başlanğıc üçün bu 20 mil haqda razılığa gəlib”.
Kıran YPG/PKK-nın aradan qaldırılması baxımından təhlükəsiz zona qurmağın öləminə diqqət yetirərək vurğulayıb ki, YPG/PKK təkcə Türkiyəni deyil, eyni zamanda ABŞ-ı, kürd xalqını, Suriyanın bütövlüyünü təhdid edir.Tərcümə: Strateq.az