Azərbaycan trilyon dollarlıq layihənin iştirakçısına çevrilir - Ölkəmiz üçün böyük şans
Asiya-Avropa marşrutu üzrə nəhəng yükdaşımalara rəvac verəcək proje irəliləyir; Böyük İpək Yolunun bərpasını nəzərdə tutan layihənin icrasına Çin böyük məbləğdə vəsait sərf etməkdədir; prosesdə ölkəmiz adına əsas ağırlıq “Azərbaycan Dəmir Yolları” QSC-nin üzərinə düşəcək
Yenixeber.org: Bu günlərdə Azərbaycandan uzaqlarda - Romada bilavasitə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən hadisələr baş verdi. Belə ki, Çinin dövlət rəhbəri Si Tszinpinin İtaliyaya rəsmi səfəri çərçivəsində Pekinlə Roma arasında “Bir kəmər, bir yol” layihəsini icrası ilə bağlı sazişlər imzalanıb. Təşəbbüskarı Çin olan bu layihə Asiyadan Avropaya və əksinə nəhəng həcmdə yüklərin daşınmasına rəvac verəcək. Böyük İpək Yolunun bərpasını nəzərdə tutan bu layihənin icrasına Çin tərəfindən nəhəng məbləğdə vəsaitlər sərf olunmaqdadır.
ABŞ və Avropa Birliyinin Çinin ticarət ağalığının genişlənməsi kimi qiymətləndirdiyi bu layihə ilə Çin 2010-cu ildən çıxış etməyə başlayıb. Layihənin məqsədi Çindən Avropaya qədər uzanan həm dəniz, həm quru ticarət yolunun üzərində yerləşən ölkələr arasında vahid mövqenin formalaşdırılmasıdır. Çin Böyük İpək Yolunun müasir variantı kimi təqdim etdiyi layihə çərçivəsində ticarət yollarının üzərində olan ölkələrdə tranzit yükdaşımalara, limanlara və digər infrastruktura vəsait yatırır. Pekin ümumilikdə bu məqsədlə 1,2 trilyon dollar xərcləmək niyyətindədir. Çin investisiyalarının digər istiqaməti isə həmin ölkələrdə 5 G texnologiyasının tətbiqidir ki, ABŞ və Avropa Birliyi bunu özlərinin informasiya təhlükəsizliyi üçün təhdid hesab edirlər. Bu baxımdan, Böyük Yeddilik ölkələri arasında İtaliya rəsmən “Bir kəmər, bir yol” layihəsinə qoşulan ilk ölkədir. Çinlə İtaliya arasında buna dair memorandum imzalanıb. Ümumilikdə, Çin və İtaliya arasında dəyəri 20 milyard avro təşkil edən 10 saziş bağlanıb.
Qeyd edək ki, İtaliyaya qədər Avropa Birliyinin 13 kiçik ölkəsi Çinlə “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığa dair saziş imzalayıb.
Çin rəhbəri İtaliyadan sonra Fransa və Avropa Birliyi rəsmiləri ilə görüşlər keçirib. Bu görüşlərdən sonra AFR kansleri Angela Merkel “Bir kəmər, bir yol” təşəbbüsünü Avropa üçün olduqca vacib layihə adlandırıb. “Reuters”in verdiyi məlumata görə, alman lider bu dəyərləndirmənin rəsmi Pekin tərəfindən də verilməsinin vacib olduğunu söyləyib: “Biz, avropalılar olaraq layihədə aktiv rol oynamaq istərdik, lakin bu həm də müəyyən qarşılıqlı hərəkəti tələb edir. Biz isə hələ də müəyyən problemlər üzərində mübahisə etməyi sürdürürük”.
Sazişlərə əsasən İtaliyanın Triest və Genuya limanlarına Çin tərəfindən irihəcmli investisiyalar yatırılacaq. Bu limanlar dəmiryol vasitəsilə Almaniyanın Duysburq şəhəri ilə birləşdiriləcək. Məhz Duysburq Çindən Avropaya uzanan Böyük İpək Yolunun son məntəqəsi hesab olunur. Bu baxımdan, Almaniya kanslerinin fikirləri Çin layihəsinin AB-nin 3 böyük lideri olan ölkədən ikincinin də ona qoşulması ehtimalını yüksəldir.
“Yeni İpək yolu” adlandırılan layihə Çini Asiya, Afrika və Avropanın 80-dən yuxarı ölkəsi ilə birləşdirəcək. Avropada Çin İtaliya ilə kifayətlənmək niyyətində deyil. Pekin Rotterdam, Hamburq və Pireya limanlarında terminallara böyük vəsaitlər yatırmaq fikrindədir. Çin Dövlət Şirkəti oloan COSCO Pireyada konteyner terminallarını 35 illiyə icarəyə götürüb. Bundan əlavə, Pakistanın, Cibuti və Şri-Lankanın ən böyük limanlarını 99 illiyə icarəyə götürüb. Çin bütün bunlara nail olmaq üçün ilkin mərhələdə həmin ölkələrə böyük həcmdə borclar verib. Daha sonra isə borc asılılığında olan ölkələrdən limanları əlverişli şərtlərlə icarəyə alıb. Buna görə də Avropa Birliyi və ABŞ İtaliyanın Çin üçün Avropada “Troya atı”na çevrilməsindən ehtiyatlanırlar.
Hələ ötən ilin fevralında Pekində akkreditə olunmuş 27 Avropa ölkəsinin səfirləri Çinin “Bir kəmər, bir yol” layihəsini kəskin tənqid edən bəyanatla çıxış etmişdilər. Səfirlər bu layihənin tamamən Çinin maraqlarına uyğun olduğunu bildirərək, Avropa ölkələrini Pekinlə bu layihə üzrə əməkdaşlıqdan çəkinməyə çağırmışdılar. Onlar hesab edirlər ki, layihə üzrə əməkdaşlıq ayrı-ayrı ölkələrlə deyil, Avropa Birliyi ilə bütövlükdə aparılmalıdır - yalnız bu halda tərəflərin bərabərliyi təmin oluna bilər.
Avropa və ABŞ-ın bütün etirazlarına rəğmən, Pekin özünün ambisiyalı layihəsinin icrası sahəsində ciddi nailiyyətlərə imza atmaqdadır. Ötən ilin payızında Pekində keçirilən Çin-Afrika sammitində 28 Afrika dövlətinin layihəyə qoşulmasına dair razılaşmalar imzalanıb. Avropanın 13 kiçik ölkəsi və İtaliyadan sonra isə Çinlə bu sahədə əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşan Yunanıstandır.
Görünən odur ki, Avropa Birliyinin rəsmiləri Çinlə əməkdaşlıqda Vahid Avropa mövqeyinə nail ola bilmirlər. Çin isə ayrı-ayrı ölkələrlə əməkdaşlığını sürətlə genişləndirməkdədir. Pekini bu mübarizədə irəli çıxaran əsas amillərdən biri rəqəmsal texnologiyalar sahəsində əldə etdiyi böyük üstünlükdür. Avropa rəsmiləri özləri də etiraf edirlər ki, bu sahədə Çindən çox geridə qalırlar.
Qeyd olunanlar Azərbaycanın böyük gözləntiləri olan “Bir kəmər, bir yol” layihəsinin icrasının getdikcə daha çox reallığa çevrildiyini göstərir. Bu isə Azərbaycan üçün kifayət qədər yüksək perspektivin açılmasına gətirib çıxara bilər. Belə ki, Azərbaycan Çindən Avropaya uzanan ticarət yolunun üzərində yerləşir. Yüklərin bir hissəsinin məhz Azərbaycan üzərindən daşınmasını təmin etmək üçün rəsmi Bakı son illərdə mühüm addımlar atmaqdadır. Bir tərəfdən Xəzər dənizinin sahilində yeni beynəlxalq dəniz limanı istifadəyə verilir.
Ələtdə yerləşən bu limanın həm İran, həm Rusiya, həm də Gürcüstanla dəmiryol əlaqəsi təmin olunur. Eyni zamanda Gürcüstan üzərindən Türkiyəyə, oradan isə Avropaya dəmiryol xəttinin yaradılması istiqamətində işlər aparılır, ölkənin dəmiryol sisteminin daşıma gücünün artırılması üçün tədbirlər həyata keçirilir. Bununla yanaşı, Azərbaycan Çinlə əlaqələrini sürətlə genişləndirməkdədir.
Ötən il Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 1,3 milyard dollara çatıb. 2015-ci ildə isə Azərbaycan prezidenti İlham Əliyev Çinə rəsmi səfər edib. Səfər zamanı bu təşəbbüsün birgə inkişaf etdirilməsi, Azərbaycanın “Bir kəmər-bir yol” layihəsini dəstəklədiyinin ortaya qoyulması məqsədilə iki ölkə arasında Anlaşma Memorandumu imzalanıb. Bu ilin yanvarında Davos iqtisadi forumu zamanı layihəyə həsr olunmuş müzakirələrdə İ.Əliyev aktiv iştirak edərək, Azərbaycanın layihənin icrasına mühüm töhfə vermək imkanında olduğunu vurğulayıb.
Məsələ burasındadır ki, Yeni İpək Yolunun üzərində olan ölkələrin əksəriyyəti yükdaşımalar üçün infrastrukturun yaradılmasına Çindən investisiya istəyirsə, Azərbaycan zəruri layihələri hamısını öz vəsaiti hesabına reallaşdırır. Hətta bir sıra hallarda qonşu dövlətlərin ərazisində müvafiq infrastrukturun yaradılmasına maliyyə dəstəyi təqdim edir. Bakı-Tiflis-Qars dəmiryol xəttinin Gürcüstan hissəsinin maliyyələşdirilməsi, İran ərazisində Rəşt-Qəzvin dəmiryol xəttinin çəkilməsinə kredit ayrılması belə addımlardandır.
Məlumdur ki, Çin mallarının Azərbaycan üzərindən Avropaya daşınması vaxt baxımından Rusiyadan keçən marşrutdan daha əlverişlidir. Azərbaycan marşrutunun qiymət baxımından da əlverişli olması üçün Bakının təşəbbüsü və aktiv iştirakı ilə marşrut ölkələri arasında əməkdaşlıq formatı yaradılıb. Bu format çərçivəsində marşrut üzrə vahid tariflərin müəyyənləşdirilməsi məqsədilə mühüm addımlar atılıb, proses davam etdirilir.
Çinin nəhəng layihəsinin Avropaya doğru irəliləməsi Azərbaycanın regional tranzit qovşağına çevrilməsi sahəsində planlarının reallaşması üçün mühüm təkan rolunu oynaya bilər.
Bunun üçün Azərbaycan hökuməti son illər dəmiryol infrastrukturunun yenidən qurulması və güclənməsi üçün ciddi işlər görüb. Ekspertlər bildirir ki, bu prosesdə ölkəmiz adına əsas ağırlıq “Azərbaycan Dəmir Yolları” QSC-nin üzərinə düşəcək.(müsavat)
Dünya SAKİT