Amerika ekspertləri şoka düşüblər:“SONUMUZ ÇATIB, ÇİNLİLƏR DÜNYADA ƏN GÜCLÜ TOP DÜZƏLDİBLƏR” – Araşdırma
Aleksandr Sitnikov
svpressa.ru, 03.01.2019
Dünya KİV-ləri qalmaqaldan dağılır: Çinin robotlaşdırılmış “Çane-4” zondu Ayın o biri üzünə tarixi eniş edib.
Yenixeber.org: “China Global Television Network”dan rəsmi təsdiq 2019-un 3 yanvarında 12: 09 GMT+8-də gəlib. Enmə yerindən artıq ilk yüksək keyfiyyətli şəkil alınıb. “Svobodnaya pressa” Yeni ildən qabaq Səmalar ölkəsinin Ay proqramını şərh edərək belə də olacağı haqda yazmışdı.
Yada salaq ki, Yer kürəsilə “Çane-4” arasında birbaşa radiobağlantı mümkünsüzdür. Zondun yönəldilməsi planetimizdən, haradasa, 400 000 km uzaqdakı “Queqiao” sputnik retranslyatoru üzərindən həyata keçirilir. Habelə əlavə edək ki, insanlıq göstərilən sxem üzrə hər hansı sınağa malik deyil. Buna baxmayaraq, ilk cəhd uğurlu olub ki, bu da elmi-texniki araşdırmalar və ÇX EİB-nin yüksək səviyyəsindən xəbər verir.
Bütün bunlar Amerika kəşfiyyatını şoka salan (artıq hərbi xarakterli) başqa bir xəbəri dolayısıyla təsdiq edir. Vaşinqtonda rusların ABŞ RƏM-in bütün imkanlarının üstündən cızıq çəkən “Avanqard” səsdəniti raketindən özlərinə gəlməyə macal tapmamışdılar ki, hər şeyə əsasən, hələ dənizdə də güc balansı Səmalar ölkəsinin xeyrinə dəyişilir. Söhbət, Amerika kəşfiyyatının məlumatına görə, ÇXR HDQ-nin dənizə çıxan “futuristik” gəmisindən gedir. Onun nadirliyi silahında – gerçək rels topundadır.
Okeanarxası “Task & Purpose” nəşrinin yazdığı kimi, Çinin gəmi rels topu dünyada haşansa yaradılmış ən güclü topdur. Qəribədir ki, ABŞ xüsusi xidmətləri 2018-in iyununda öz insayderləri üzərindən məlumat yaymışdı ki, Səmalar ölkəsinin alimləri bir neçə il ərzində gəmilərdə quraşdırıla biləcək elektromaqnit topunun prototipini yaratmağa yaxındırlar. Özəlliklə də CNBS telekanalı Birləşmiş Ştatların guya düşmənləri artıq məhv edən, hələ yaradılmamış silahını əzəmətlə reklam etməyi öyrənən Amerika alimlərinin ünvanına qınaq yağdırıb. CNBS məlumatlı qaynaqlara söykənməklə hansısa ayrıntıları açıqlayıb. Deməli, ötən ilin iyun məlumatına görə, ABŞ kəşfiyyatı hesab edib ki, ÇXR HDQ gücləri gəmilərində rels topu 2025-ci ildən tez peyda olmayacaq. Bu, unikallığı nəhəng ernerjinin eyni zamanda işlədilməsindən ibarət olan həqiqi supertop olacaq. Prinsipcə, dəniz gəmilərində fövqəlgüclü yığcam generatorun yaradılması ABŞ, Rusiya və İran alimlərinin üzərində əlləşdikləri elektromaqnit artilleriyasının ən böyük çətinliyidir.
Amerika kəşfiyyatçılarının məruzəsində deyilir ki, ruslar dəmiryol vaqonunda quraşdırılan rels topunu uğurla sınaqdan keçirib, amma şəbəkə enerjisi işlədiblər. Amma, bax, Çinin gəmi rels topu mərmini 90 saniyəyə qət etdiyi 124 mil (201 km) məsafəyə göndərməyə qabildir. Yəni saniyədə 2,6 km sürətlə ki, bu da, haradasa, 9 MAX-a uyğundur. Belə xarakteristika hədəfi son dərəcə dəqiqliklə vurmaq imkanı verir.
Yenə də okeanarxası casusların dəyərləndirdiyinə görə, supertopdan bir atəşin dəyəri 25 min $-dan yuxarıdır, amma 50 min $-dan baha deyil. Yeri gəlmişkən, göyərtə rels topunun “Tupe 072” desant gəmisinin burnundakı fotosu sosial şəbəkələrdə hələ 2018-ci ilin fevralında görünüb. Bu məlumatı kimin yaydığı məlum deyil. Ola bilsin, bunu çinlilərin özləri edərək ABŞ HDQ-ə siqnal göndəriblər – “Bəlkə, Cənubi Çin dənizində xuliqanlıq etmək yetər”.
Ümumiyyətlə isə, Pentaqonun kəşfiyyat idarəsinin CNBS-də anonimlik şəraitində danışan hərbi ekspertlərinin sözlərinə görə, Çinin rels topu ilk dəfə 2011-də qeydə alınıb və 2014-də yerüstü sınaqdan keçirilib. Silah 2015-2017-ci illər dövründə böyük məsafəyə atəş üçün kalibrləşdirilib. Səmalar ölkəsinin alimləri yüksək dəqiqliyə nail olaraq supertopun öldürücülüyünü tədricən artırıblar. Və elektromaqnit silahı artıq 2017-nin sonunda “Haiyang Shan” hərbi gəmisində qurulub, bundan sonra dənizdə uğurlu sınaqlar başlanıb.
ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi Çin gəmisində elektromaqnit supertopunun meydana çıxmasını dənizdə strateji çevriliş adlandırır. “Task & Purpose” nəşri ehtimal edir ki, Amerikanın yarımmilyard dollar dəyərindəki rels topu layihəsi on illik çalışmadan sonra “ölüm vadisində həlak olub”. Pentaqonun adı çəkilməyən məmuru bu uğursuzluğun nədən olduğu sualını cavablandırıb: “ABŞ diqqətini daha qənaətcil supertoplara cəmləmək qərarına gəlib”, guya “indi bütün güc səsdəniti artilleriya mərmisi və döyüş lazerini hazırlayıb qurtarmağa yönəlib”.
Amma bu layihələrdə də hər şey rəvan deyil, hər halda, geniş ictimaiyyət reklam çarxlarından savayı belə də heç nə görməyib. Əvəzində Pentaqonda kimsə Çin supertopunun uğurla sınaqdan keçirildiyini şübhə altına almağa başlayıb, guya Səmalar ölkəsi “kağız pələng” sərgiləyib.
Amerika ekspertləri hər vəchlə sübut edirlər ki, “Haiyang Shan” gəmisində qurulmuş rels topu ən yaxşı halda gəmiyə qarşı raketləri yaxalaya bilər, amma böyük döyüş gəmilərini batırmaq gücündə deyil. Ancaq hərbi analitik Cozef Trevitik öz növbəsində hərfi mənada barmaqhesabı göstərib ki, elektromaqnit silahı universallıq və təkrar yüklənmə sürəti səbəbindən yüksək effektivliyə malikdir. Faktiki bir top pilotsuz, təyyarə, gəmiyə qarşı raket və hətta səsdəniti atrilleriya mərmilərinə də əks-təsir funksiyasını yerinə yetirir. Bu, bir.
İkincisi – az önəmli deyil. Çinlilər yarıcı müdafiə texnologiyaları yaratmaq üzrə nadir imkanlar sərgiləyiblər. Bununla “elmtutumlu silahların uzun müddət lideri olan Birləşmiş Ştatlara atəş açıblar”. Üçüncüsü bundan ibarətdir ki, rels toplarının ÇXR HDQ gəmilərində geniş tətbiqi Amerikanın dünyada hərbi-dəniz üstünlüyü dönəmini həmişəlik siləcək.
Qaldı ki Pentaqonun bəzi ekspertlərinin belə ümid bəslədikləri “kağız pələng” deyilən oyuna, robotlaşdırılmış “Çane-4” zondunun yumşaq enməsi bir daha vurğulayır ki, bu gün ÇXR-in elmi-texniki səviyyəsi elə bir yüksəkliyə yetib ki, gəmi rels topunun işlənməsi Səmalar ölkəsi alimləri üçün nəsə əlçatmaz bir iş deyil.
Tərcümə Strateq.az-ındır.