Azərbaycanın və azərbaycanlıların xaricdəki yatırımları
Dövlət qurumlarının investiyası şəffaf olsa da, məmur oliqarxiyasının xaricə daşıdıqları pulların hesabatını aparmaq mümkün olmur
Yenixeber.org: İndiyədək Azərbaycana qoyulan xarici investisiyalar barədə çoxsaylı rəqəmlər, məlumatlar açıqlanıb. Hər il bununla bağlı göstəricilər rəsmi statistika orqanı tərəfindən elan olunur, investisiyaların hansı istiqamətləri əhatə etdiyi qeyd edilir. Rəsmi qurumların, SOCAR və Neft Fondunun investisiyaları şəffaf olsa da, məmur oliqarxiyasının qaranlıq yollarla xaricə daşıdıqları vəsitlərin hesabatını dəqiq bilmək mümkün deyil...
İqtisadiyyat Nazirliyinin açıqladığı məlumata görə, Azərbaycanın xaricdəki investisiyaları üzrə ilk beşlikdə Türkiyə, Gürcüstan, İsveçrə, Rusiya, Böyük Britaniya qərarlaşıb.
Belə ki, 1995-2017-ci illər ərzində Türkiyəyə 14 milyard dollar, Gürcüstana 3,5 milyard dollardan çox, İsveçrəyə 1, 2 milyard dollar, Rusiyaya 1,1 milyard, Böyük Britaniyaya 800 milyon dollardan çox investisiya yatırılıb.
Beləliklə, rəsmi rəqəmlərə görə, 1995-2017-ci illərdə Azərbaycanın ən çox investisiya yatırdığı ölkələrin siyahısına Türkiyə başçılıq edir. Yenə rəsmi məlumatlarda Azərbaycanın indiyədək Türkiyəyə 14,5 milyard ABŞ dolları dəyərində investisiya yatırdığı bildirilir. Bunun 13 milyard dolları neft sektoruna, 1,5 milyard dolları isə qeyri-neft sektoruna yönəlib. Neft sektoruna investisiyaların ən böyüyü bu günlərdə rəsmi açılışı olan “Star” neft emalı zavodudur. SOCAR tərəfindən bu zavodun inşasına 6,3 milyard dollar vəsait sərf olunub. SOCAR daha 1,4 milyard dolları Türkiyənin “Petkim” neft-kimya holdinqini almağa sərf edib. Yaxın gələcəkdə şirkətin qonşu ölkəyə yatırımlarının 19 milyard dollara çatacağı gözlənilir.
Azərbaycanın özəl sektorunun, hətta bir çox dövlət məmurlarının Türkiyə iqtisadiyyatına yatırımları barədə rəsmi statistik məlumatlar açıqlanmır. Lakin turizm, daşımaçılıq, tekstil, tikinti, hotelçilik, daşınmaz əmlak və digər sahələri əhatə edən bu investisiyaların həcmi yəqin ki, bir neçə milyard dollarla ölçülə bilər.
SOCAR Gürcüstanı qazlaşdırıb
Azərbaycan dövlətinin Gürcüstana investisiyalarının tarixi 2006-cı ildən başlayır. Həmin vaxt ARDNŞ Gürcüstandakı “Kulevi” terminalını alıb. 2008-ci ildə isə Dövlət Neft Şirkəti tərəfindən təsis olunmuş “SOCAR Energy Georgia” şirkəti Gürcüstanda “SOCAR” brendi altında ilk yanacaqdoldurma stansiyasını açıb.
Ötən müddətdə ARDNŞ qonşu dövlət ərazisində yanacaqdoldurma satış şəbəkəsini xeyli genişləndirib. Hazırda Gürcüstan ərazisində “SOCAR” brendi altında yüsdən yuxarı yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Belə ki, “SOCAR Georgia Petroleum” MMC 115 yanacaqdoldurma məntəqəsi, 16 xidmət mərkəzi və 5 neft terminalına malik olduğu Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir.
Digər tərəfdən, SOCAR bu ölkənin qazpaylayıcı şəbəkəsinin böyük hissəsinin distribütorluğunu uğurla həyata keçirir. Qeyd edək ki, 2008-ci il dekabrın 26-da bununla bağlı müvafiq anlaşma imzalanıb. Müqaviləyə əsasən, şirkət üç il ərzində Gürcüstanın qazpaylama şəbəkəsinə 40 milyon dollar məbləğində sərmayə qoymalıydı.
SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədovun bu ilin yanvarında verdiyi məlumata görə, şirkət Gürcüstan hökuməti qarşısında götürdüyü öhdəliklərə artıqlaması ilə əməl edib. M.Məmmədovun sözlərinə görə, öhdəliklər 2017-ci ilin dekabrında başa çatdırılıb. Öhdəliklərə uyğun olaraq Gürcüstan iqtisadiyyatına 250 milyon dollar həcmində sərmayə yatırılmalı və 250 min abonent təbii qazla təmin olunmalı idi. Götürülən öhdəliklər artıqlaması ilə, 110 faizdən də çox yerinə yetirilib. Bununla bağlı hesabat da hazırlanıb və Gürcüstan hökumətinə təqdim olunub. M.Məmmədov deyib ki, öhdəliklər tam yerinə yetirilsə də Gürcüstanda əhalinin qazlaşdırılması ilə bağlı işlər hələ başa çatmayıb. Qazlaşdırılması asan olan ərazilərdə, eləcə də dağlıq və qazlaşdırılması daha çətin ərazilərdə yaşayan insanların “mavi yanacaqla” təmin olunmasına ehtiyac var. SOCAR bu sahədə işlərini davam etdirəcək. Eyni zamanda, ölkə ərazisində yeni yanacaqdoldurma stansiyaları tikiləcək. Bu məntəqələr əsasən magistral yollarda və yeni infrastruktur layihələrin icra olunduğu ərazilərdə tikilib istifadəyə veriləcək: “Amma bu işlər, yəni qazlaşdırılma və investisiya yatırımları artıq öhdəlik kimi deyil, məqsədyönlü şəkildə həyata keçiriləcək”.
Hazırda “SOCAR Georgia Gas” MMC Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanmasını həyata keçirir və 670 mindən çox abonentə xidmət göstərməklə yerli qaz şəbəkəsini idarə edir.
Qeyri-dövlət xəttilə də Azərbaycandan Gürcüstan iqtisadiyyatına külli miqdarda investisiya qoyulmaqdadır. Xüsusilə qonşu ölkənin turizm, bank, tikinti sektorunda Azərbaycan kapitalının həcmi getdikcə artır.
Ötən il Gürcüstan iqtisadiyyatına qoyulan 1 milyard 888,8 milyon dollar xarici investisiyaların 465 milyon dolları və ya 24,6 faizi Azərbaycanın payına düşüb. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, Azərbaycan bu göstərici ilə Gürcüstan iqtisadiyyatına investisiya qoyan xarici ölkələr sırasında birinci yerdədir. Bu ilin birinci yarısında isə Azərbaycandan Gürcüstan iqtisadiyyatına 136,5 milyon dollar həcmində investisiya qoyulub.
Neft Fondu Rusiya rubluna niyə investisiya etdi?
Rusiya tərəfinin Azərbaycandan investisiya gözləntiləri 2007-20085-ci illərdən səsləndirilməyə başlanıb. 2010-cu ildən sonra bu gözləntilər, səslənişlər daha da çoxalıb. 2013-2014-cü illərdən başlayaraq isə gözləntilər bir növ tələbə çevrilib. Nəticədə Azərbaycan Dövlət Neft Fondu Rusiyanın ən böyük banklarından biri olan Bank VTB-nin səhmlərinə 540,0 milyon ABŞ dolları investisiya yatırıb. Bundan əlavə, Moskva şəhəri “Tverskaya 16" ünvanında yerləşən ”Qalereya Aktyor" ofis-ticarət mərkəzi 133,0 milyon ABŞ dollarına Fond tərəfindən satın alınıb. Hazırda Fondun vəsaitlərinin 0,8 faizi Rusiya rublunda saxlanılır.
Ümumilikdə isə Azərbaycanın Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya qoyub. Qeyd etdiyimiz kimi, bu, müxtəlif dövlət qurumları vasitəsilə qoyulan investisiyaların həcmidir. Özəl sektorun Şimal qonşumuzdakı investisiyalarının həcmi yəqin ki, daha yüksək məbləğlə ifadə olunur.
Məmurlarımızın Avropaya, onun şərqinə “sevgisi” investisiya cildində...
Rəsmi rəqəmlərə görə, 1995-2017-ci illərdə Azərbaycan İsveçrəyə 1,2 milyard dollar investisiya yatırıb. Bunun böyük bir hissəsi SOCAR xəttilə baş tutan yatırımlardır.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsveçrəyə 400 milyon frankdan artıq sərmayə yatırıb. SOCAR 2016-cı ildə İsveçrənin neft məhsullarının pərakəndə satış bazarının 7 faizinə, topdansatış bazarının 8 faizinə, maye-qaz bazarının isə 25 faizinə nəzarət edirdi..
Şirkətin 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ında isə qeyd olunur ki, SOCAR beş il bundan əvvəl İsveçrə neft bazarına yerli müştərilərin ehtiyaclarına cavab verəcək yüksək keyfiyyətli malların pərakəndə satışı və fərdi xidmətləri özündə əks etdirən yeni bir yanaşma üsulu ilə daxil olub: “Bu gün İsveçrədəki istehlakçıların 63 faizdən çox hissəsi ”SOCAR" brendini tanıyır və yüksək qiymətləndirir. SOCAR İsveçrədəki diler bazasını genişləndirərək 15 dilerlə tərəfdaşlıq əlaqələri qurub və bu ildən etibarən daha 5-10 dilerin “SOCAR” brendinə qoşulması gözlənilir. SOCAR-ın İsveçrədəki fəaliyyəti nəticəsində bu ölkədə 169 yanacaqdoldurma məntəqəsindən ibarət topdansatış şəbəkəsi, Vanqen-Oltendə yerləşən qaz doldurma zavodu, Cenevrə və Sürixin hava limanlarında yerləşən təyyarə yanacağı məntəqələri “SOCAR” brendi altında fəaliyyətlərini davam etdirməkdədir".
İsveçrə də Azərbaycanda milyonlar qazanan məmur oliqarxiyasını cəlb edən ölkələrdən biridir. Xüsusilə bu ölkənin banklarına iri həcmdə vəsait yatıran vətəndaşlarımız kifayət qədərdir. Buna görə də İsveçrədəki Azərbaycan mənşəli pulların dəqiq məbləği məlum olmasa belə, onun rəsmi investisiya göstəricisindən xeyli yüksək olduğunu rahatlıqla söyləyə bilərik.
Azərbaycanın ən çox investisiya qoyduğu 5-ci ölkə Böyük Britaniyadır. İndiyədək Azərbaycana ən çox investisiya yatıran bu ölkəyə 1995-2017-ci illərdə Azərbaycandan 800 milyon dollar investisiya qoyulub. Yenə də qeyd edək ki, bu, rəsmi qeydiyyata alınan rəqəmlərdir. Reallıqda isə azərbaycanlıların Britaniya ərazisindəki investisiyaları bir neçə milyard dollar təşkil edəcək qədər böyükdür. Nəzərə almaq lazımdır ki, dünyanın ən böyük və Azərbaycan məmurlarının sevimli yerləri olan ofşorları Böyük Britaniyanın ərazisindədir. Yalnız Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın bu ölkəyə yatırdığı vəsaitin miqdarı 100 milyon funtsterlinqə yaxındır. Azərbaycanda Z.Hacıyeva qədər və ondan çox imkanı olan, Böyük Britaniyada daşınmaz əmlaka, müxtəlif sahələrə yatırımlar edən yüzlərlə insan var. Təsadüfi deyil ki, işdən çıxarılan məmurların böyük əksəriyyətinin bu ölkədə varidatının olduğu aydınlaşır.
Onu da qeyd edək ki, azərbaycanlıların qeyri-rəsmi invesrtisiya məkanları arasında son illərdə Balkan və Şərqi Avropa ölkələri xüsusi populyarlıq qazanmaqdadır. Müxtəlif vaxtlarda azərbaycanlıların, xüsusilə də məmur oliqarxiyasının Çexiya, Polşa, Bolqarıstan, Macarıstan və digər ölkələrdə yatırımlarına dair məlumatlar mətbuat səhifələrinə yol tapır. Bu ölkələrin rəsmi qeydiyyat sistemi şəffaf olduğu üçün hansı ölkədən nə qədər yatırımların edildiyini araşdırmaq çətinlik yaratmır. Buna görə də bundan sonra vəzifədən alınan məmurların qeyd edilən ölkələrdəki böyük investisiyaları aşkara çıxarsa, təəccüblənməyə gərək qalmayacaq. Nəzərə almaq lazımdır ki, Böyük Britaniya mənbəyi əsaslandırılmayan gəlirlər hesabına bu ölkədə əldə edilən varidatı müsadirə etməyə başlayıb. Yəni daha kimsə Azərbaycanda qanunsuz yollarla qazanılmış pullarını bu ölkəyə yatırmaq kimi riskə getməz...