Gələn həftə Azərbaycanın ali təhsil müəssisələrində yeni tədris ili başlayır.
Yenixeber.org: Paytaxtda yerləşən əsas ali təhsil müəssisələrinin yataqxanalarının olub-olmaması mövzusunu öyrənmişik.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib ki, vaxtilə universitetin 7 binadan ibarət yataqxana kompleksi olub. Onlardan 6-sı sökülərək müasir standartlara cavab verən 1000 nəfərlik yeni yataqxana binası inşa olunur. Eyni zamanda, qeyd olunub ki, yerdə qalan bir binada təmir işləri aparılaraq tələbələrin istismarına verilib. 320 nəfərlik bu binada bir otaqda 3 nəfər qala bilər. Yataqxanada əsasən, əcnəbi tələbələr qalır və onlar buna görə ödəniş edirlər. "Yataqxanada qalmaq istəyən azərbaycanlı tələbələr ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə müraciət edirlər və onların pulsuz olaraq yataqxanada qalması təmin olunur", - ADNSU-dan bildirilib.
Azərbaycan Texniki Universiteti (AzTU) 5 korpuslu yataqxanasından yalnız birini tələbələrin ixtiyarına verib (digər yataqxanalarda məcburi köçkünlər məskunlaşıb). Təxminən 80 nəfərin qala biləcəyi yataqxananın bir otağında 4 tələbə yaşaya bilər. Burada yalnız oğlan tələbələr qalır. Yataqxana ödənişsizdir. Universitet yataqxanaının xərclərini özü ödəyir.
Azərbaycan Tibb Universitetinin (ATU) 6 yataqxanası var: “Onlardan birində məcburi köçkünlər məskunlaşıb. Digərlərinin isə ümumi tələbə tutumu 1256 nəfərdir. Son dörd ildir ATU-nun yataqxanası ödənişlidir. Hazırda ödəniş haqqı aylıq 50 manatdır. Yataqxana təmirdən təzə çıxdığından şəraiti yaxşıdır. Oğlan və qızların qaldıqları binalar ayrıdır. Hər iki cinsdən olan əcnəbi tələbələr isə mərtəbələri ayrı olmaqla eyni yataqxanada qalırlar. Yataqxana üçün qəbul iyulun 10-dan başlayıb. Otaqlar 1 və 4 nəfərlik olmaqla ayrılır. Onu da qeyd edək ki, hazırda 3 saylı qızlar yataqxanası əsaslı təmirə dayandırılıb”.
Azərbaycan Dillər Univeristetindən (ADU) bildirilib ki, ali təhsil müəssisəsinin oğlan və qızlar üçün ayrıca iki yataqxanası var. Lakin qızlar üçün olan yataqxananın yalnız iki bloku tələbə qızların ixtiyarına verilib və tam təmirlidir. Burada 200 tələbənin qalması üçün bütün imkanlar var. Yataqxanada qalan tələbələr üçün aylıq ödəniş 20 manatdır”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 5 yataqxanasından dördündə məcburi köçkünlər məskunlaşıb. Yalnız 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada təxminən 200-ə qədər tələbə yerlə təmin edilə bilər.
Bakı Slavyan Universitetinin (BSU) isə 3 saylı qızlar yataqxanası tələbələrin ixtiyarındadır. Yataqxananın 2-4-cü mərtəbələri tamamilə tələbələrə məxsusdur. Birinci mərtəbədə məcburi köçkünlər məskunlaşıb.
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri isə yeni tədris ilində yeni inşa olunan kampusun 400 çarpayılıq Tələbə evində qalacaqlar.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Sumqayıt Dövlət Universiteti (SDU),Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də anoliji vəziyyət yaşanır. Bu təhsil ocaqlarının yataqxanalarında məcburi köçkünlər məskunlaşıb. Bu səbəbdən heç bir tələbəsini yataqxanada yerləşdirə bilmir.(report)