Məmur-oliqarxların zəbt etdiyi torpaqlar əllərindən alınır
Hasarlamaların ən çox olduğu rayonlar açıqlandı; hökumət hərəkətə keçdi
Yenixeber.org: Azərbaycanda məmurlar və oliqarxlar tərəfindən əldə edilən on min hektarlarla torpağın geri alınmasına başlanılıb. Son illərdə kənd təsərrüfatının prioritet əkinçilik sahələrinin genişləndirilməsi xətti tutan hökumət əkinəyararlı torpaq sarıdan ciddi problemlərlə üzləşmişdi.Bir çox rayonlarda məcbur qalıb örüşlər əkin altına salınırdı. Rəsmi məlumata görə, 2015-ci ildən bəri 188 min hektar örüş sahəsinin kateqoriyası dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Nəticədə 136 min hektara yaxın torpaq sahəsi 27 aqroparkın yaradılması məqsədi ilə investorların istifadəsinə verilib. Hökumətdə hesab edirlər ki, təyinatı dəyişdirilən torpaqlarda aqroparkların yaradılması ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələlərin həlli baxımından zəruridir.
Lakin örüş torpaqlarının əkin altına salınması belə aqrar sektorda qarşıya qoyulan hədəflərə çatmaq üçün əkinçiliyi lazım olan qədər genişləndirməyə imkan vermir. Buna görə də ölkə rəhbərliyi qarşısında məmurlar və çoxsaylı oliqarxlar tərəfindən rayonlarda alınaraq boş saxlanılan torpaqların geri alınması məsələsi qaldırılıb. Bu məsələ ölkə rəhbərliyi tərəfindən müsbət qarşılanıb, son 3 ildə qanunvericiliyə torpaqların təyinatının dəyişdirilməsinə görə cəzaları sərtləşdirən əlavələr edilib. Eyni zamanda bir müddət öncə məlumat verdiyimiz kimi, yeni təyin olunan kənd təsərrüfatı naziri İnam Kərimova bütün ölkə boyu belə torpaqların əkinə cəlb olunması, sahibləri razılaşmadıqda isə geri alınmasını təmin etmək tapşırılıb. Bu işdə Əmlak Məsələləri Dövlət Komitəsi və hüquq-mühafizə orqanlarından da nazirə zəruri dəstəyi vermələri istənilib.
Adıçəkilən komitənin dünən yaydığı məlumatdan aydın olur ki, torpaqları illərdir hasarlayan, həmin yerləri toxunulmaz edən, becərilməyən kənd təsərrüfatı torpaqları istifadəçilərinə qarşı tədbirlər sərtləşdirilib. Boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılıb, aşkar edilən belə torpaqlar geri qaytarılır: “Aparılan monitorinqlər nəticəsində 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə, istifadəsiz qalması faktları aşkarlanıb. Aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib. Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan. Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib”.
Qeyd edək ki, indiyədək komitə tərəfindən kənd təsərrüfatı torpaqlarında 2 600 pozuntu halı aşkar olunaraq inzibati protokollar tərtib edilib. Təqsirkar fiziki və hüquqi şəxslər 1 milyon manatdan çox cərimə olunublar: “Həmin torpaqlar geri qaytarıldıqdan sonra yenidən səmərəli şəkildə istifadə istiqamətində də işlər həyata keçirilib. Həmin torpaqlarda iri taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılır, meyvə bağları salınır və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür. Bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəçiliyi üçün zəmin yaradılır.
Həmçinin istifadəsiz torpaqların dövlət mülkiyyətinə geri qaytarılması və dövriyyəyə buraxılması nəticəsində kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi həcmi artır. Belə torpaqlar yenidən gəlir mənbəyinə çevrilməklə ölkədə aqrar sahənin inkişafına təkan verir".