Kərəm Həsənov məsuliyyəti icra başçılarının üzərinə atdı
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi torpaqların istifadəsi ilə bağlı ilginc məlumat yaydı
Xeberinfo.com: Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin apardığı nəzarət tədbirləri nəticəsində torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu halları aşkarlanıb. Report-un xəbərinə görə, bu barədə qurumun yaydığı məlumatda bildirilir. Məlumata görə, ölkə üzrə mövcud olan 1,8 mln. ha əkin sahəsinin 198 min hektarı (11,3 faiz) istifadə olunmur.
Bundan başqa, 2,6 min ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanaları, 6 min ha torpaq sahəsində isə 222 qanunsuz balıq gölləri yaradılıb. Eyni zamanda icra hakimiyyətləri və bələdiyyələr 1204 ha torpaq sahəsinin qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verilməsinə, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər.
Komitənin araşdırmalarına əsasən, hazırda icarəyə verilən dövlət torpaqlarının bir hissəsindən ümumiyyətlə istifadə edilmir. Belə ki, ölkənin şəhər və rayonları üzrə 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1,2 mln. hektar torpaq sahəsinin 44,3 min hektarı faktiki istifadəsiz qalıb. Yerli icra hakimiyyətləri və bələdiyyələr də kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Belə ki, ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min ha torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın ha qeyri kənd təsərrüfatı məqsədləri üçün ayrılıb. 122 min ha torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir.
Torpaq müfəttişləri 19,2 min pozuntu halı aşkar ediblər, bundan 4479 hal ciddi pozuntu (13686 fərdi yaşayış evi istisna olmaqla) hesab olunur. Bu hallarla bağlı fiziki və hüquqi şəxslərə 1169 xəbərdarlıq edilib, 349 inzibati protokol tərtib olunub.
Bu ildə Füzuli, Oğuz, Abşeron, Ağdam, Göygöl, Ağsu, Cəlilabad, Ağcabədi, Samux, Qəbələ və Masallı rayonları üzrə cəmi 495 270 ha bələdiyyə və xüsusi mülkiyyətinə verilən ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri, Şəki, Ağstafa, Şabran, Tovuz, Qazax, Xızı, Siyəzən, Şəmkir, Oğuz, Daşkəsən, Göygöl, Gədəbəy, Cəlilabad, Samux, Qəbələ və Masallı rayonları üzrə cəmi 750079 ha ərazidəki yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasda aqrar sahədən danışarkən bəzi hallarda torpaqların zəbt edildiyini bildirmişdi. O, torpaq zəbt edənlərin arasında məmurların da olduğunu qeyd etmişdi.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu məlumatı indi yayması bununla bağlıdır. Və göründüyü kimi məlumatda məsuliyyət icra başçılarının üzərinə atılır.
Redaksiyamıza daxil olan məlumata görə, torpaqların zəbt olunması məsələsi “MTN işi”ndən sonra gündəmə gəlib. Araşdırmalar zamanı bəlli olub ki, Eldar Mahmudov və dəstəsinin nəzarətində hektarlarla torpaq var. Indi hökumət həmin torpaqlar onların əlindən almaq istəyir. Bu baxımdan da müvafiq qurumlara məsələ ilə bağlı ciddi tapşırıqlar verilib.(Azadliq.info)