Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

JURNALİSTİKAMIZIN «BERMUD ÜÇBUCAĞI"

 

Yenixeber.org:  Yaxud, niyə bütün sahələrdə göstərilən xidmətlər müqavilə bağlanaraq ödənişli ola bilir, amma jurnalistlərin və jurnalistikamızın xidmətləri havayı olmalıdır???
  Bu günlərdə Foocebok səhifəmdə jurnalistikamızın başı üzərində dolaşan bir problem barədə status yazmışdım. Olduqca ciddi rezonans doğurdu, çoxsaylı jurnalistlər, tanınmış yazarlar bu statusda qoyulan məsələyə birmənalı olaraq münasibət bildirmişdilər…
Bu gün isə tanınmış jurnalistlərdən biri, uzun illərdir peşəkar fəaliyyət sahəsində çalışan dostum başına gələn bir məsələdən ürək ağrısı ilə danışdı və məndən aşağıda bəhs edəcəyim həmin problemin ciddiliyini nəzərə alıb yenidən gündəmə gətirməyi xahiş etdi.
Beləliklə, bu yaxınlarda iş adamlarından biri redaksiyaya zəng vuraraq dedi: "İstəyirəm ki, qəzetinizin bir babat jurnalistini göndərəsiniz, gəlsin Mingəçevirə, bir nəfər mənim 3 milyon manat nəğd pulumu ələ keçirib, qaytarmır... Hüquq mühafizə orqanları da tədbir görmür… Vəkilim də məşğuldur, amma nəticəsizdir. Qarşı tərəfin qorxusu yalnız mətbuatdandır, dələduzluğunun ictimailəşməsini istəmir…" və sair. 
Dedim ki, vəkillə müqavilə bağlamısınızmı? Dedi, ki, bəli, əlbəttə, hətta 3 min manat da pul vermişəm, əlavə 2 min də istəyir, amma ortaya bir şey çıxara bilməyib… 
Zəng edən bir az da ərk edərək «İmkan varsa, jurnalisti tez göndərin, fotoaparatla, videokamera ilə gəlsin haaa! Bu yaxınlarda sizdə bir MTK ilə bağlı araşdırmanı oxumuşdum, yazıdan sonra 12 nəfərin pulu özünə qaytarılmışdı. Eşq olsun, sizin kimi jurnalistlərə, nə yaxşı ki, sizlər varsınız», -deyib məndən cavab gözlədi. Dedim ki, problem yoxdur, yəqinki sizin hüquqlarınızı müdafiə edəcək, sonra geniş araşdırma aparacaq, aidiyyəti qurumlara sorğu verəcək jurnalistlə də müqavilə bağlayacaqsınız, eləmi? 
Soruşdu ki, nə müqavilə? Dedim ki, hüquqlarınızı müdafiə etməli olan və 3 min manat pul alıb hələ bir 2 min də istəyən və heç bir iş görməyən hüquqi nümayəndənizlə bağladığınız müqavilədən… 
Üç milyon manat pulu gedər-gəlməzə yola salınmış iş adamı təəccüblə soruşur:
-Müqavilədə nə yazılacaq?
-Yazılacaq ki, jurnalist qanunun bütün gücü ilə sizin hüquqlarınızı müdafiə edəcək, araşdırma aparıb tərəfləri dindirəcək, şahidlərin mövqeyini öyrənəcək, aidiyyəti dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına sorğular göndərəcək, sifarişli poçt xidmətindən istifadə etməklə məktublar yazacaq, nəhayət, geniş araşdırma yazıları yazıb dərc etdirəcək, həmin yazını tədbir görülməsi üçün yenə də aidiyyəti dövlət qurumlarına göndərəcək, qarşı tərəf sonradan həmin yazıya görə jurnalisti məhkəməyə verəndə isə redaksiya həmin jurnalsti məhkəmədə müdafiə edəcək, işdir, cərimə kəsilərsə (təəssüflər olsun ki, hazırda məhkəmələrimizdə bundan heç bir jurnalist sığortalanmayıb), redaksiya həmin cəriməni ödəməyə də borculudur. Bir sözlə, jurnalist sizin haqqınınızın bərpası üçün peşəkar səviyyədə məqalə hazırlayıb dərc etməyi öhdəsinə götürəcək…
-Bəs mənim öhdəliyim?
-Siz isə jurnalistin Mingəçevirdə olan müddətdə qalmaq, yemək, yol xərcini ödəməyi öhdənizə götürürsünüz… Biz sizə əvəzində qaimə də yazıb verəcəyik... 
Zəng edəni elə bil tok vurdu:
-Booooy, jurnalistlər də pul istəyir? 
Mən ona hələ demədim ki, jurnalstin ailəsinə aparacağı çörəyinin halal-haqqını da verməlisiniz. Amma dedim:
-Hə, bax indi gəldiniz mətləbə: əlbəttə, jurnalist adam deyil, heç adam balası da deyil, atdır, yük daşıyan eşşəkdir... Onun vəzifəsi kim hara çağırdısa, cibinin pulu ilə, lap dünyanın o başına da olsa, getməlidir... Hələ birdən sizdən pul alıb-eləsə, onu «reket» damğası da gözləyir… 
Duruxur:
-Bəs deyirlər ki, jurnalistlər təmiz olur, pul almır...
-Qardaş, jurnalist səndən rüşvət almır ey, işini-gücünü, ailəsinin, özünün qayğılarını özü ilə götürüb Mingəçevirə gedir, çəkdiyi xərcini istəyir… Yaxşı, jurnalist səndən almasın, o birindən almasın, bəs neyləsin??? Bəs sizin vicdanınız??? Heç bir iş görməyən «vəkil»inə 3 min verirsən-bu halal haqqıdır, amma jurnalist burdan ora gedir, ona yol pulu, ezamiyyə xərcini vermək haramdır? Rəhmətlik xalq artisti Səməndər Rzayevin sözü olmasın, "Əəəə, bu nətəhər olur, əəəə???". 
İş adamı susur və dinmir…
***
FB-də bu yazıma çoxsaylı şərhlər var idi. Tanınmış jurnalist, professor Qulu Məhərrəmli yazmışdı ki, «…Gözəl məmləkətimiz bəlkə də dünyanın azsaylı ölkələrindəndir ki, jurnalistikanın adı var, amma heç bir qayda və prinsipi işləmir... Məsələn, bizdə medianın nisbi azadlığı var, amma iqtisadi bazası, maddi dayağı yoxdur. Reklam bazarı monopoliyadadır, digər qaydalar da elə...».
*** 
Bəli, deməyim budur ki, niyə kimsə hüquqşünasla, vəkillə, təmir ustası ilə, dəlləklə, başqırxanla, bələdiyyə ilə... müqavilə bağlayıb qayda-qanunla pul qazana bilər, amma bu iş jurnalistlərə gələndə hər şey tərsinə olur, günah iş sayılır? Elə bil jurnalistikamızda «Bermud üçbucağı» fırlanır və heç kim də problemin mövcud kökünü «tapmaq» istəmir. Problemi tapılmayan sahədə isə heç kimi yerində tapa bilməzsən… 
Daha vacib bir məsələ: inkişafdan, medianın azadlığından söz düşəndə özümüzü özümüzə ən yaxın bildiyimiz Rusiya, Türkiyə və ya Gürcüstanla, sonra bəzi Avropa ölkələri ilə müqayisə edirik. Olsun! Bəs niyə Türkiyədə, Rusiyada, hətta sarsax və dilənçi Ermənistanda da "reket" qəzetlər və ya jurnalistlər, hətta dilənçi mətbuat nümayəndələri məsələsinə də rast gəlmirik??? Mən erməni mətbuatını diqqətlə izləyirəm, maraqlıdır ki, dilənçi Ermənistanda dilənçi, ac-yalavac jurnalist adına rast gəlmirəm. Amma bizdə jurnalistin adına minbir hoqqa qoşurlar, harda dələduz, avara, fırıldaqçı... var, mediada axtarırlar, mətbuata sırıyırlar... Bəs bu nə məqsədlə edilir, yaxud belələri mətbuata niyə soxulur? Bax bunları aydınlaşdırmaq və səbəbini araşdırıb tapmaq lazımdır... Mən hələ onu demirəm ki, kimdən balaca bir tənqid yazılırsa, dərhal "əlini cibinə atıb" məhkəməyə üz tutur, jurnalisti məhkəmə ilə hədələyir. Camaat məhkəmədə haqq-ədalət axtaranda, bizdə isə məhkəmələrimiz hədə gəlib qorxutmaq aparatına çevrilmişdir. Bax bu təhlükəli məsələdir (Milyonçu Gülağa Tənhanın 15 il iş kəsdirdiyi şərikinin apellyasiya məhkəməsindən yazı verilib, "Gülağa Tənhanın həbs etdirdiyi iş adamı İlham Qasımovun vəsatəti təmin olunmadı" ifadəsinə görə "Azpolitika.info", "Gununsesi.info", "Moderator.az" və "Tezadlar.az" saytlarını məhkəməyə verib ki, bu ifadələrdə onun şərəf və ləyaqətinə xələl gətirilib). Görün jurnalistika nə günə qalıb ki, ağzını açan kimi məhkəməyə verirlər ki, səsini kəs, cərimələtdirəcəyəm. Bunlar Rusiya, Türkiyə... mətbuatını oxumurlar görəsən? Ya bizdə vəziyyət artıq bu səviyyəyə gəlib çatıb?!
*** 
Başqa bir məsələ: yəqin hər gün izləyirsiniz, telekanallarımızda itdən-pişikdən tutmuş hər şeyin, hətta arağın, siqaretin, pampersin belə, reklamı var. Kimi də müqavilə bağlayıb dussuz, zəhlətökən-qatıq klipini reklam etdirir, kimi də yarıq yubkası ilə özünü reklamlatdırıb toy üçün kliyent toplayır, kimi arağını reklam etdirir və əvəzində dəqiqəsi 200 manatdan başlayaraq min, iki min… manata qədər pul ödəyib işini qurur. 
Yaxşu, niyə TV-lərə olar, amma çap mediasında olan jurnalistlərə olmaz? TV-nin jurnalisti gedir «Göyçay qranat» şirkətinin arağını reklam edən sujet çəkir, müqavilə bağlayıb filan qədər alıb gəlir, bu olur halal. Amma hansısa qəzetin jurnalisti bir şikayəti araşdırmaq üçün rayona dəvət edilir, ona kimsə yolpulu belə verməyə can çəkir. Niyə belə olmalıdır?
Ən pisi odur ki, məsələn, öz nümunəmizdə şikayətçilər tanıyırıq (hökumətdən qrant və ya yardım alan KİV-lərdə ciddi problem yazılmır, heç adi bir məmur tənqid olunmur deyə, son vaxtlar, konkret olaraq bizə müraciət edənlərin sayı ikiqat artıb), illərlədir tikinti şirkətlərinin dələduz sədrlərində verdiyi pulunu və ya mənzilini ala bilmir. Amma qəzetdə bir-iki ciddi yazıdan sonra problem həll edilir. Üstündən bir ay keçir, özümüz zəng edirik ki, probleminiz nə yerdədir, deyir ki, hə, yadımdan çıxmışdı, çox sağ olun, düzəldi. Halbuki vəkilləri aylarladır məhkəmələrdə onu süründürüb filan qədər pulunu almışdı, 6-7 mötəbər ünvana yazdığı şikayətinə fikir verən belə yox idi… Bizim də qazancımız «Çox sağ olun!» oldu. Nə deyim, Allah bərəkət versin!
*** 
…Bu gün «Azərbaycan» nəşriyyatının 1-ci mərtəbəsindəki bufetə girmişdim, su almağa. Vaxtilə adam əlindən tərpənmək çətin olan bufetdə məndən, bir də üzümə bikef baxan satıcıdan başqa kimsə yox idi. Yeməkxanada isə əvvəlki qaynarlıqdan əsər-əlamət yoxdur. Çünki jurnalistlərdə pul yoxdur, indi yeməkxanaya ancaq çay içməyə, peraşki yeməyə gəlirlər. Bir çoxları isə Aqil Abbası gözləyir ki, bəlkə təsadüfən gəldi və onların da cari və həftələrdir borc dəftərinə yazılmış borc hesablarını ödədi. Hansı ki, 15-20 il əvvəl nəşriyyatın 9-cu və 4-cü mərtəbələrində də kafelər var idi, jurnalistlərin əlindən tərpənmək olmurdu. Neçə il əvvəl 9-cu və 4-cü mərtəbələrdəki bufetlər-kafelər bağlandı, çünki müştəriləri olmadı… İndi sonucu qalmış və 1-ci mərtəbədə yerləşən yeməkxana və bufetdə isə… Allah eləməsin ki, onları da bağlasınlar. Amma bu qorxu artıq hiss olunur. Çünki jurnalistlərin qazanc yolları bağlandıqca, bu təhlükə də qaçılmaz olur…
Yeri gəlmişkən, eşitdiyimə görə, bir müddət əvvəl Mətbuat Şurası jurnalistləri «reket» elan edəndən sonra nəşriyyat rəhbərliyi də məcbur olub bu tip redaksiyaları nəşriyyatdan çıxarmaq istəyib… Sonra baxıblar ki, icarə pulu verən yox, gecikmələr artıb, yeməkxanada adam qalmayıb, bundan sonra «reket»lərin çıxarılmasına stop qoyulub. Bəli, öz işi ilə məşğul olan KİV jurnalistləri indi pis güzərandadır (Mən KİVDF-dən yardım alan və şikayətçi problemlərinə susan qəzetləri demirəm).
Söz gəldi, deyim: bu reket məsələsi ortaya çıxanda məsələ qaldırdıq ki, Mətbuat Şurasının bu cür mübarizəsi arzulanan və gözlənilən effekti verməyəcək. Çünki «ac qılınca çapar» məntiqi ilə desəm, ac olan istər «jurnalist» olsun, istər jurnalist, yaxud adi bir vətəndaş, o, balalarını yedirtmək üçün ya oğurluq, dələduzluq etməlidir, ya da özünü hamamdan asmalıdır. Cəmiyyətə, yaxud elə bizim Mətbuat Şurasına hansı lazımdır??? Təbii ki, hər şey qanun çərçivəsində olmalıdır, amma problem həlledilməz olaraq qalır hələ də…. 
Mən mübarizənin yolunu da həmin vaxt açıqlamışdım: birincisi, istər dırnaq içində olsun, istərsə də dırnaqsız, MŞ «reket» adını jurnalistikamıza şamil etməklə bütövlükdə jurnalistikamızın adına pis ad gətirmiş olur. Halbuki reketçilik Az. CM-də cinayət əməlidir və MŞ belə «jurnalist» varsa, onu reket elan etməsinə ehtiyac yoxdur (təcrübədə var ki, reket elan edilmişlər sonradan lap geniş əl-qol atdılar), sadəcə, hüquq mühafizə orqanına müraciət etmək lazımdır ki, həmin şəxsin hərəkətinə hüquqi qiymət verilsin. Yoxsa, hansısa bir dələduz saxta qəzetin və ya saytın saxta vəsiqəsi ilə hansısa bir əfəl və qorxaq idarə müdirinin yanına gedib, ondan pul istəyib, yaxud alıb, MŞ da onun adını reket elan edib jurnalistikamıza yeni adlı siyahı tərtib edir… Mən o vaxt bunu da yazmış və təklif vermişdim ki, məgər səhiyyədə, təhsildə, polisdə, prokurorluqda, əmlakda, məhkəmədə, vergidə, gömrükdə… dələduz yoxdur? Onları məgər «reket» elan edib siyahı tuturlar? Belələrini məhkəmə hökmü ilə qaralayıb atırlar içəri. Və heç vaxt da eşitməmişik ki, məsələn, Təhsil Nazirliyi elan etsin ki, dünən daha bir «reket direktor» qara siyahıya salındı. Yəni, cinayətin motivi birdir-o, dələduzdur, qanun qarşısında cavab verməlidir! Daha ona «dələduz direktor» demirlər, o, dələduz adamdır-cinayətkardır!
Amma biz küçədən keçib mətbuata gələrək hansısa bir adı olub özü olmayan qəzetdə «işə girən» dələduzu jurnalist kimi qələmə verib adına da «reket jurnalist» deyirik. Axı o, jurnalist deyil, elə dələduzdur, niyə dələduzu sıramıza-adımıza gətirib jurnalistikamız ətrafında reketçiliklə məşğul olmaq meydanı təsəvvürünü yaradırıq???
*** 
…Son olaraq: əziz və istəkli peşəkar jurnalistlər-qəzetçilər, saytçılar, istərdim ki, ətrafımıza bir daha nəzər salasınız ki, hanı o peşəkarlıq məktəbi, o jurnalistlər ki, yazısını birnəfəsə oxuyardıq? İndi onların bir çoxu işsiz, kasıb, çarəsiz durumdadır. Şakir Yaqubov var idi, bildiyim qədər xəstəlik onu ev dustağı vəziyyətinə salıb. Allah şəfa versin! Kim ona əl tutur, mənəvi dayaq durur? Hanı mətbuatımızın Hidayət Elvüsalı, Məzahir Süleymanzadəsi, Yusif Kərimovu, Rəhman Orxanı, Rafiq Hacıyevi, Asif Quliyevi, Hikmət Sabiroğlusu, Fəxri Uğurlusu, Mədinə Həsənovası, Larisa Cavanşiri? Və adını çəkmədiyim neçə-neçə qələm adamları, hardadırlar indi??? Qocaman jurnalist var, Əliabbas Əlimədətoğlu, hərdən bizə yazır, neçə illərdir pensiya davası çəkir. Allah kasıbçılığın üzünü qara eləsin… Elə bu qayğı və problemlər üzündən jurnalistikanı atıb başqa sahələrə gedən qə qədərimiz var, siyahılandırsam, çox vaxt aparar… Ayağı yer tutanlarımızın nə qədərinin xaricə qaçıb getdiyini də bilirsiniz. Qalmışıq beş-on nəfərlik, onların da yeri görünür, özü görünmür. Dünyasını dəyişmiş Məmməd Nazimoğlunun, Elçin Səlcuqun, Adil Qaçayoğlunun və daha neçə-neçə adını çəkmədiyim jurnalistlərin son maddi durumu yadınızdadır axı … Bəzilərimizin indi adı qalıb, özü yoxdur, yəni görünmürlər. Heç kimin xətrinə dəyməsin, Elçin Şıxlının, Arif Əliyevin, Qulu Məhərrəmlinin… niyə özü görünmür? Mən mətbuatda aktiv fəaliyyətlərini deyirəm…Bilmirəm, bəlkə ona görədir ki, onlar adına «reket jurnalist»lər damğası vurulmuş bir jurnalistikada olmaq istəmirlər?!
Bilmirəm… Amma onu bilirəm ki, niyə hər bir sahədə xidmət göstərib pul alan (rüşvəti, yəni haqqı hələ qoyaq bir kənara) olur haqq-halallı, amma jurnalist xidmət göstərib müqavilə bağlayıb haqqını alanda olur pis, hətta ən pis halda olur «reket», nə bilim daha kim… 
Yadımda ikən, dünən əməkdaşlarımızdan biri adını çəkmək istəmədiyim bir özəl klinikada həkimin qəbuluna gedib, qəbula düşmək üçün qəbz yazılıb, 30 manat ödəyib, sonra həkimin məsələhətlərinə və aparatı ilə baxmasına 60 manatlıq qəbz yazılıb (həkimin yazdığı reseptlər isə 130 manat tutub). İndi soruşuram: niyə həkimin qəbuluna düşəndə qəbz yazılır, pul verilir, amma jurnalistin qəbuluna düşüb min bir məsləhət alınır, problem araşdırılır, yazılır, çap olunur, bu olur «Çox sağ olun»luq? Və həkim qulaq aparatı ilə qulağa baxır-qəbz yazıb 50 manat alır, amma jurnalist diktofondan, videoaparatdan, kompüterdən, çap üçün printerdən… istifadə edir, yenə də qazancı olur «Çox sağ ol!»lluq! 
Nəhayət, xəstə gedir həkimin yanına, həkim barmağına batmış tikanı çıxardır, yerinə yod vurur və 20 manat alır-bu olur halal haqq! Amma jurnalist bir duzlu-məzəli, yaxud ciddi araşdırma yazı yazır, minlərlə adamın ürəyindən tikan çıxardır, kimsə 30 manat verir (əgər onu da verirsə) olur haram?! Gəlin jurnalistikamızdakı bu «Bermud üçbucağı»nın dəqiq ünvanını tapaq ki, axtaranda da özümüzü əsil, cəmiyyətimizin ayrılmaz hissəsi olan həmin jurnalistikamızda tapa bilək…
Asif Mərzili

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam