Şagirdlər direktorun fəaliyyətindən narazıdırlar –REPORTAJ
Bu isə Polad Əjdərovun işinin öhdəsindən lazımınca gəlməməsindən xəbər verir
Xeberinfo.com: Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi 2 ünvanında yerləşən 72 nömrəli məktəb-liseyin fəaliyyətində ciddi nöqsanların, təlim-tədris prosesi zamanı arzuolunmaz halların yaşandığına dair Gundelik-Baku.com-un redaksiyasına son zamanlar durmadan şikayət xarakterli müraciətlər ünvanlanmaqdadır. Məhz elə bu səbəbdən də məsələni yerində araşdırmaq və bununla bağlı ətraflı məlumat almaq məqsədilə Polad Hüsnü oğlu Əjdərovun direktoru olduğu 72 nömrəli məktəb-liseyə yollandıq. Mətləbə keçməzdən öncə nəzərinizə çatdırmaq istərdik ki, adıçəkilən təhsil müəssisəsi 1930-cu ildən məktəb kimi fəaliyyət göstərir. Nazirlər Kabinetinin 28 avqust 1990-cı il tarixli 289 №-li qərarı ilə lisey yaradılıb, təhsil nazirinin 29 sentyabr 1991-ci il tarixli 645 №-li əmri ilə ona ixtisaslaşdırılmış «lisey» statusu verilib. Hazırda riyaziyyat-informatika təmayüllü məktəb-liseyin 54 sinfində 1288 şagird təhsil alır. Dərslər azərbaycan və rus dillərində aparılır. Məktəb-lisey 1992-ci ildə Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Fikrət Tağıyevin adını daşıyır. Məktəb 2 binadan və 1 yeni tədris korpusundan ibarətdir. 2007-ci ilin aprel ayında 20 sinif otağından ibarət yeni tədris korpusu tikilib istifadəyə verilib. Ölkə başçısının 4 may 2011-ci il tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2011-2013-cü il illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində Fikrət Tağıyev adına 72 №-li məktəb-lisey əsaslı təmir olunub. Beləliklə, ixtisasca fizika müəllimi olan Polad Əjdərovun direktoru olduğu 72 nömrəli məktəb-liseyə daxil olmazdan öncə giriş qapısının qarşısında dayanmış şagirdlərdən birinə yaxınlaşdıq. İlk olaraq ondan təhsil müəssisəsinin təhlükəsizliyinin lazımınca təmin olunub-olunmadığı barədə maraqlandıq. Şagird isə «Əşi, heç bir problem yoxdur, keçin içəri. Heç kim heç nə deməz» deyərək bizə ürək-dirək verdi. Beləcə, giriş qapısından içəri daxil olduq və bir anlıq gözətçinin otağına sarı baxdıq. Çünki tələbənin sözlərinə rəğmən, elə düşünürdük ki, hansısa təhlükəsizlik xidməti əməkdaşının müqavimətilə üzləşə bilərik. Lakin bu, baş vermədi. Bir sözlə, Polad Əjdərovun direktoru olduğu təhsil müəssisəsinə daxil olmağımızdan heç kimin xəbəri belə olmadı. Beləcə, heç bir müqavimətlə üzləşmədən 72 nömrəli məktəb-liseyə daxil olub dərs sisteminin necə keçirilməsi və şagirdlərin dərs vaxtı hansı işlərlə məşğul olması ilə maraqlandıq. Sözügedən təhsil ocağının daxilində rahatca hərəkət edir, boş otaqlara daxil olur, fotoşəkillər çəkirdik. Və heç kim də «ay yoldaş, ay vətəndaş, siz kimsiniz və burada kimi axtarırsınız» deyə soruşmurdu. Nə isə beləcə ikinci mərtəbəyə qalxdıq. Hələ pilləkənlərlə addımlayarkən, şagirdlərin gülüşməsi diqqətimizi cəlb etdi. Dəhlizdə 3-4 oğlan və 1-2 qız şagird vardı. Məsələnin maraqlı tərəfi ondadır ki, onlar dərs vaxtı uca səslə danışır, qəhqəhə çəkirdilər. Qəribəsi də odur ki, həmin vaxt dəhlizin o tayında müəllim heyətindən iki nəfər vardı. Lakin onlar şagirdlərə irad tutmur, onların səs-küyünə məhəl qoymurdular. Adamda elə təsəvvür yaranır ki, sanki təhsil ocağında elə bu cür də olmalıdır. Əslində, bunun özü Polad Əjdərovun direktoru olduğu 72 nömrəli məktəb-liseydə təhsilin və tədrisin hansı səviyyədə olması barədə bizdə ilkin təsəvvürlər yaratdı. Dərs vaxtı olmasına baxmayaraq, şagirdlərin dəhlizdə gəzişməsi və qəhqəhə çəkməsi məktəb-liseydə təlim-tərbiyəyə cavabdeh şəxslərin öz işinin öhdəsindən lazımınca gəlməməsindən xəbər verir. Ümumiyyətlə, şagirdlərlə söhbət zamanı məlum oldu ki, 72 nömrəli məktəb-liseydə təhsilin səviyyəsi olduqca aşağıdır. Onların sözlərinə görə, adıçəkilən təhsil ocağında qiymətlər də düzgün verilmir: «Sözün açığı, qiymətləri çox az halda biliyimiz hesabına alırıq. Bəzi müəllimlər oxumağa olan həvəsimizi aşağı salır. Hər dəfə bir bəhanə gətirərək, bizi sinifdə saxlamaqla hədələyirlər. Biz də məcbur olub tələb olunan məbləğdə pul verməli oluruq. Ayrı çıxış yolumuz yoxdur». Şagirdlərdən hansı səbəbə görə dərs vaxtı dəhlizdə gəzdiklərini soruşduqda «Dərs keçən var ki, dərsə də girək? Müəllimlər özləri şərait yaradırlar ki, biz dərsdən qaçaq. Günümüzü belə yola veririk», deyə cavab verdilər. Bu arada, şagirdlərdən biri 72 nömrəli məktəb-liseydə təhlükəsizliyin təmin olunmadığını və bundan ciddi narahatlıq keçirdiklərini dilə gətirdi: «Bizim məktəbdə təhsildən, tədrisdən danışmağın yeri yoxdur. Tam səmimi deyirəm ki, burada şagirdlərə müasir standartlara uyğun təhsil verilmir. Bizi narahat edən digər məsələ isə liseyin təhlükəsizliyilə bağlıdır. Yəqin yoldaşlarım da mənimlə razılaşarlar ki, bizim məktəbə kim istəsə girib-çıxa bilir və onlara «gözün üstə qaşın var» deyən də yoxdur. Kim nə bilir, bəlkə məktəbə daxil olan şəxs cinayətkardır və o, burada hansısa hadisə törətmək istəyir. Nə olar ki, bir binaya girib-çıxanların kimliyilə maraqlansınlar. Belə olmaz axı. Bu gün az qala küçədən keçən hər kəs əlini-qoluna sallaya-sallaya liseyimizə daxil olur. Şəxsən mən dəfələrlə olub ki, dərsə gələndə kənar şəxslərin heç bir sənəd göstərmədən binaya daxil olduğunun şahidi olmuşam. Çox istərdik ki, məktəbin direktoru Polad Əjdərov işinə bir qədər məsuliyyətlə yanaşsın. Axı, o, bizlərin təhlükəsizliyinə görə cavabdehdir». Şagirdlər iddia edirlər ki, 72 nömrəli məktəb-liseydə davamiyyət məsələsi də arzuolunan səviyyədə deyil: «Şagirdlərin dərsə davamiyyəti ürəkaçan deyil. Biri normal dərs keçilmədiyi deyir, digəri isə arxayındır ki, dərsə gəlməsə də pula qiyməti ala bilər. Hələ bu, harasıdır. Dərs vaxtı dəhlizlərdə bekar gəzən, uca səslə danışan, qəhqəhə çəkən şagirdlərə də rast gəlmək mümkündür. Onlar bununla normal şəraitdə təhsil almaq arzusunda olan şagirdlərə mane olurlar. Lakin nədənsə məktəb rəhbərliyi bu cür şagirdlərə irad tutmur». Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, 72 nömrəli məktəb-liseyin şagirdləri direktor Polad Əjdərovun fəaliyyətindən, eyni zamanda adıçəkilən təhsil müəssisəsində yaşanan xoşagəlməz olaylardan, tədrisin səviyyəsindən narazıdırlar.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.