İcra başçısı direktora himayədarlıq edir? - ŞOK İDDİA
Sevinc Allahverdiyeva bir sıra yollara baş vuraraq gəlirlərini birə beş artırır
Xeberinfo.com: Paytaxtın Sabunçu rayonu, Aydınbəyov küçəsi 9 ünvanında yerləşən, 1995-ci ildə təhsil ocağı kimi fəaliyyətə başlayan 215 saylı orta məktəbin fəaliyyətinə dair Gundelik-Baku.com-un redaksiyasına bir sıra ilginc məlumatlar daxil olub. Belə ki, Sevinc Mərifət qızı Allahverdiyevanın direktoru olduğu təhsil müəssisəsində ciddi neqativ halların mövcud olduğunu iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, o, rəhbərlik etdiyi məktəbin şagirdlərinə, həmçinin müəllimlərə qayğı ilə yanaşmır. 215 saylı orta məktəbin direktorunun mövcud problemləri həllə etmək əvəzinə onların sırasına yenilərinin də əlavə olunmasına şərait yaratdığını vurğulayan mənbənin sözlərinə görə, Sevinc Allahverdiyevanın qanunla bir araya sığmayan əməlləri təhsil müəssisəsinin kollektivini çox narahat edir: «Deyilənlərə görə, Sevinc Allahverdiyevanın direktor postuna gəlişinə qədər 215 saylı orta məktəb Sabunçu məktəbləri arasında özünəməxsus yeri, sanbalı var idi. Lakin onun gəlişindən sonra həyata keçirdiyi özbaşınalıqlar məktəbdə tədris prosesinin keyfiyyətinə getdikcə təsir göstərdi. Belə ki, əgər bir neçə il əvvələ kimi məktəbin məzunları yüksək balla ali məktəblərə qəbul olurdularsa, Sevinc Allahverdiyevanın gəlişindən sonra təhsil müəssisəsində bütün göstəricilər aşağı düşüb. Çünki məktəb rəhbərini ancaq qazanc maraqlandırır. Belə ki, burda işləyən bütün müəllimlər hər ay direktorun otağına girib ona «təşəkkür» etməlidirlər. Əks halda onlar əlavə problemlərlə üzləşə bilərlər». Bu arada, 215 saylı orta məktəbin direktorunun tətbiq etdiyi «qayda»ların xeyli ağır olduğunu bildirən məlumatlı şəxs qeyd edir ki, dövlət tərəfindən məktəbin saxlanmasına, təsərrüfat mallarının alınmasına yetərincə vəsait ayrılsa da, təsərrüfat malları həmin vəsaitlə yox, müəllimlərdən, eləcə də şagirdlərdən yığılan pulla alınır: «Deyilənlərə görə, 1-ci sinifə qəbul məsələsi Təhsil Nazirliyinin nəzarəti altında aparılsa da, Sevinc Allahverdiyeva bir sıra yollara baş vuraraq bu işdən də öz xeyrini götürür. Məsələn, övladı 1-ci sinifə gedən valideynlər məcburiyyət qarşısında direktora «minnətdarlıq» edir. Bundan başqa, məktəbdə təhsil alan bütün şagirdlər maddi vəziyyətlərindən asılı olmayaraq bayramlarda direktoru «təbrik» etməlidirlər. Bildirilir ki, 215 saylı orta məktəbin direktoru Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin himayəsinə arxalandığı üçün heç kimdən və heç nədən çəkinmədən öz bildiyini edir. Ümumiyyətlə, Sevinc Allahverdiyeva dövlətin hər cür şərait yaratdığı təhsil ocağını düzgün şəkildə idarə edə bilmir. Bildiyiniz kimi, təhsil naziri Mikayıl Cabbarov tapşırıb ki, heç bir direktor, heç bir müəllim şagirdlərdən pul yığmasın. Lakin buna baxmayaraq, 215 saylı orta məktəbdə hər şey tamamilə əksinə cərəyan edir. Bütün bayramlarda şagirdlər yığıma cəlb edilir. Hətta iş o həddə çatıb ki, müəllim və şagird heyəti hər il direktorun ad gününü xüsusi olaraq qeyd edirlər. Hələ bu, harasıdır. Deyilənlərə görə, məktəbdə təhsilin səviyyəsi olduqca aşağıdır. 9, 10 və 11-ci siniflərdə şagirdlərin dərsə davamiyyəti bərbad haldadır. Ali məktəblərə repetitor yanında hazırlaşan şagirdlər bir qayda olaraq direktorla nəyinsə qarşılığında anlaşıb dərsə gəlmirlər. Məktəb rəhbəri müəyyən maraqlarını təmin etdiyindən həmin şagirdlərin dərsə gəlməməsinə göz yumur. Məhz bu kimi halların sayəsində 215 saylı orta məktəbin direktoru Sevinc Allahverdiyeva gəlirlərini birə beş artırmağa müvəffəq olur».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.