Türkiyədə ikinci çevriliş cəhdi mümkünmü?
Politoloq: “Qərb dünyasında, həm ABŞ, həm də Avropa Birliyi çərçivəsində Türkiyəyə qarşı çıxan ölkələri görə bilərik”
Xeberinfo.com: Türkiyədə hərbi çevrilişə cəhddə iştirak edən şəxslərin istintaqa cəlb olunması prosesi davam edir. Türkiyənin “Aydınlıq” qəzetinin yazarı Sabahatdin Önkibar yazısında bildirib ki, çevrilişə cəhd edənlər planlarını yerinə yetirdikdən sonra ilk olaraq 50 nəfəri edam edəcəkdilər. Onun açıqladığı siyahıda ilk olaraq prezident Rəcəb Tayyib Ərdoğanın da adı yer alır.
Başqa bir məqam ondan ibarətdir ki, hərbi çevrilişə cəhdin qarşısı alınsa da, buna cəhd edən qruplaşmanın hələ də tam zərərsizləşdirilmədiyi müzakirə olunur.
Türkiyənin müxtəlif ictimai şəxsləri də bu barədə fikir bildiriblər. Ehtimal olunur ki, ikinci dəfə də bu kimi cəhd olacaq. Lakin bu dəfə qiyamçılar siyasi qətllərə əl atacaqlar. Hədəfdə isə siyasi partiya liderlərinin, funksiyanerlərinin olduğu ehtimal olunur. Hətta bu barədə CHP lideri Kamal Kılıçdaroğlu da münasibətini bildirib. Türkiyə mətbuatının yazdığına görə, artıq FETÖ-çülər ictimai təşkilatların, siyasi partiyaların içərilərinə qədər sızmağı bacarıblar. Həmçinin məlumatlara görə, Kamal Kılıçdaroğlunun mühafizəçiləri arasında da onlardan var və artıq həmin şəxslər ifşa olunublar.
Türkiyədə “darbeçi”lərin ikinci cəhdinin mümkünlüyü barədə “Yeni Müsavat”a politoloq Natiq Miri danışıb. O bildirib ki, çevriliş cəhdi çərçivəsində hərbidə və polisdə olan fətullahçıların böyük əksəriyyəti üzə çıxdı: “Ancaq düşünürəm ki, hər bir halda fətullahçılar hələ də bu orqanlarda mövcuddurlar. Bu baxımdan, qətiyyən bu məsələni istisna etmək olmaz. Müəyyən zaman çərçivəsindən sonra əgər həqiqətən də mərkəzdən belə bir əmr gələrsə, bəli, bu cür sui-qəsdlərin olması mümkündür. Fətullahçıların kökünün Türkiyədən tamamilə kəsildiyi və Fətullah Gülənin özünün belə Türkiyəyə ekstradisiya olunduğu halda da belə bir əmr mərkəzdən gələ bilər. Söhbət burada kimlərinsə bu prosesə qarışmaları, yaxud da çevrilişə dirəniş göstərmələrindən getmir. Məqsəd Türkiyədə ictimai-siyasi vəziyyəti gərginləşdirməkdir. Çünki əslində hədəf Türkiyə dövlətinin özüdür. Türkiyədə vəziyyəti qarışdırmaqla, bəzi ölkələr öz geosiyasi maraqlarına çatmaq istəyirlər. Ona görə də düşünürəm ki, bu, həmçinin təkcə siyasi partiya rəhbərlərinin hakimiyyəti müdafiə etməsi ilə bağlı deyil”.
Politoloq hazırkı vəziyyətdə regiondan Türkiyəyə qarşı gələ biləcək təhlükədən də danışıb: “İndiki şəraitdə bunu Yaxın Şərq ölkələri çərçivəsində müşahidə etmək mümkün olmayacaq. O baxımdan ki, açıq şəkildə Yaxın Şərq ölkələri, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, yaxud da Misir çərçivəsində biz bunu görməyəcəyik. Çünki bu ölkələr birbaşa Türkiyə ilə qarşı-qarşıya gəlmək istəməzlər. Ancaq Qərb dünyasında, həm ABŞ, həm də Avropa Birliyi çərçivəsində Türkiyəyə qarşı çıxan ölkələri görə bilərik. Bu yöndə bəzi işartılar da özünü göstərir. Hər bir halda Türkiyə ilə bağlı məlum hadisələrdən sonra ABŞ öz hədəfinə çatıb. Əslində bu məsələdə Fətullah Gülən və onun rəhbərlik etdiyi təşkilat ABŞ-ın marağında deyil. Sadəcə olaraq, bu təşkilat bir alət olaraq istifadə olunub. Düşünmürəm ki, baş verən çevriliş cəhdinin məğlubiyyəti ABŞ-ın nəzərdə tutduğu planın hədəfə çatmadığını göstərir. Qətiyyən bu, belə deyil. ABŞ öz hədəfinə çatdı. Bu hadisələrə qədər ABŞ dəfələrlə Türkiyədən 25 minlik ordunun İraqın Başika bölgəsindən çıxarılmasını tələb etmişdi. Lakin buna nail ola bilmirdi. Çünki Türkiyə hakimiyyəti bunu istəmirdi. Eyni zamanda Türkiyə həm də Suriyada geosiyasi aktiv ölkə olaraq, ABŞ-ın bir çox siyasi istəklərinə qarşı dururdu. Bu çevrilişdən sonra isə Türkiyə Suriyada da aktiv deyil. Ona görə də düşünürəm ki, bu hakimiyyət devrilsə də, devrilməsə də ABŞ ən azından qısamüddətli hədəflərinə çatmış oldu”.