Azərbaycan necə “Gülənçiləşdi”? –SOCAR-ın, yoxsa milli təhsil siyasətimizin təqsiri?
Xeberinfo.com: “İndi buradan həm Türkiyədəki, həm də Azərbaycandakı yetkililəri xəbərdar edirəm: Azərbaycanda illərdir fəaliyyət göstərən FETÖ-çu şəbəkənin, əsasən Bakıda olmaqla, 3 minə yaxın “İşıq evi”, Türkiyəyə milyardlarla dollar yatıran SOCAR şirkətinə verilmiş kimi göstərilən kollecləri var. Bu çete illərdir Azərbaycanın dövlət bürokratiyasına, Müdafiə və Daxili İşlər nazirlikləri strukturlarına öz adamlarını yerləşdirir. Əgər Türkiyədəki çevriliş cəhdi uğurlu olsaydı, bu strukturlarda uyuyan agentlər də fəallaşacaqdı”.
Məlumata görə, bu qorxulu ssenarini Türkiyəli yazar Fuat Uğur irəli sürüb.
Bir sıra mətbu orqanlarda işıq üzü görən məqaləsində yazar onu da iddia edir ki, Türkiyədən sonra hərbi çevriliş prosesi “Türk baharı” olaraq başqa ölkələrə –Qırğızıstan, Azərbaycan və Türkmənistana da yayılıb təkrarlanacaqmış.
İnsafən, SOCAR-da son zamanlar baş verən bir sıra hadisələr yuxarıda irəli sürülən iddiaları qüvvətləndirəcək mahiyyətdədir. Xüsusilə SOCAR-ın Türkiyə təmsilçiliyində ciddi təmizləmə əməliyyatlarının başlanması təsadüfə oxşamır. Məlumatlara əsasən, hələ iyul hərbi qiyamından xeyli əvvəl “SOCAR Türkiyə”nin tərkibində çox mühüm kadr islahatları aparılıb. Qurumun İcraçı Direktoru Kənan Yavuz vəzifəsindən uzaqlaşdırılıb, yerinə Zaur Qəhrəmanov gətirilib. Onun birinci müavini Samir Kərimli, PETKİM-in baş direktoru Sadəttin Korkut, PETKİM İnstitutunun baş katibi Harun Yavaş, "SOCAR Türkiyə"nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ömər Adsız, İnsan Resursları üzrə direktor İlqar Məhəmmədoğlu, İT direktoru Fuad Uludağ, Satınalmalar üzrə direktoru Çətin Korkut, SOCAR Power ortağı Ənvər Tanər Baltaçı, Yasar Çoruh ve Tolqa Toprak da “vurulanlar” arasındadır. Sonradan adı çəkilən bu şəxslərdən bəzilərinin Türkiyə hüquq mühafizə orqanları tərəfindən Gülənçi ittihamıyıla həbs olunması SOCAR-ın boş-boşuna kadr islahatları aparmadığından xəbər verir.
Buna baxmayaraq, şirkətin adının Türkiyə mətbuatında özəlliklə 15 iyul hadisəsindən sonra Çülənçilərlə yanaşı hallandırılması diqqətçəkicidir. O da diqqətçəkicidir ki, bir çox hallarda aparılan bu kadr islahatları qiyamdan sonra baş vermiş hadisə kimi hallandırılır. Halbuki, faktlar həmin şəxslərin 15 iyuldan 3 ay əvvəl – aprel ayında işdən çıxarıldıqlarını göstərir. Bu hal qurumun məqsədli hədəfə çevrildiyini və bu səbəbdən də müəyyən faktlardan məhz o məqsəd üçün istifadə olunduğunu təsdiqləyir.
Sözsüz ki, bu kadr islahatlarında FETÖ-yə qarşı mübarizə faktorunu istisna etmək də mümkün deyil. Böyük ehtimalla işdən atılan bu kadrlar elə öz Gülənçiliklərinin güdazına gediblər. Amma hadisənin 3 ay bundan əvvəl deyil, 15 iyuldan sonra baş vermiş kimi təqdim olunması məkrdən xəbər verir, Azərbaycanın ən böyük dövlət şirkətinin qiyamçı FETÖ üzvləriylə əlaqəsi barədə təəssürat yaratmağa xidmət edir.
SOCAR rəhbərliyi üzərində Gülənçi kölgəsinin yaradılması əslində Azərbaycan qədər Türkiyənin də əleyhinə yönəlib. Sirr deyil ki, SOCAR-ın qardaş ölkədə fəaliyyəti Türkiyədə neft sənayesinə töhfə üçün nəzərdə tutulub. Dəyəri milyardlarla dollarla ölçülən layihələrin Türkiyə iqtisadiyyatının yeniləşməsində və çeşidlənməsində müstəsna rol oynayacağı şəksizdir. SOCAR prezidenti Rövnəq Abdullayevin 15 iyul hadisələrindən sonra Anadolu Agentliyinə verdiyi açıqlama da bunu təsdiqləyir. Həmin açıqlamasında Rövnəq Abdullayev deyirdi: "Türkiyədə ümumi dəyəri 18 milyard dolları keçən və Avropanın enerji ehtiyacını qarşılamağa yönəlik layihələrimiz tam gücü və sürəti ilə davam edəcək. SOCAR olaraq Türkiyədə birbaşa və dolayısıyla 40 min nəfərlik bir ailəni təmsil edirik. Bu səbəbdən Türkiyə bizim evimiz, məmləkətimizdir”.
Türkiyəyə öz evi, doğma məmləkəti kimi baxan SOCAR-ın gözdən salınması, təbii ki, ilk növbədə iki qardaş ölkənin arasına güvənsizlik toxumu səpməyə, yarana biləcək ziddiyyətlər nəticəsində dünya dövlətinə çevrilmək hədəfini qarşıya qoyan Ankaranın önünü kəsməyə xidmət edir. Sual oluna bilər: bu qaralama kampaniyası kimə, nə üçün lazımdır?
Son zamanlar Ankaranın Moskvaya yaxınlaşmasını həzm edə bilməyən ABŞ adminstrasiyasının Türkiyəni yaxın müttəfiqləriylə düşmənə çevirməyə çalışması SOCAR-a qarşı kampaniyada ilk növbədə onun rol ala biləcəyi ehtimalını ağla gətirir.
Bununla belə, Rusiya da bu məsələdə ABŞ-dan geri qalmır. O da Avropanın enerji təhlükəsizliyinin əsas qarantı kimi baxılan Cənub Qaz Dəhlizi layihəsini arzulamır, bu dəhlizi öz qaz strategiyasının altermativi kimi görür və onun reallaşdırılmasına imkan verməməyə çalışır. Deməli, ABŞ-la Rusiya bir çox beynəlxalq məsələlərdə fərqli mövqe sərgiləsələr də, Azərbaycan-Türkiyə münasibətlərinin “bir millət, iki dövlət” çərçivəsində qalması və inkişaf etdirilməsi hər iki rəqibi birləşdirən məsələ kimi ortaya çıxır. Odur ki, iki qardaş ölkənin rəhbərliyi arasında ziddiyyət yaradacaq bu kimi məsələlərə xüsusi həssaslıqla yanaşmalı, necə deyərlər, suyu üfləyə-üfləyə içməlidirlər.
Sözsüz ki, bu fikirləri deyərkən, SOCAR-ın tərkibində Gülən müridlərinin mövcud olmadığını iddia etmək fikrində deyilik. Bu ilin aprel ayında şirkətin tərkibində aparılan böyük təmizləmə əməliyyatı Gülənçilərin SOCAR-da mühüm vəzifələr tutduğunu və onların rəhbərlik tərəfindən vəzifələrindən uzaqlaşdırıldığını göstərir.Bununla belə, Gülənçilərin SOCAR-da rişələnməsi heç də Azərbaycan siyasi iradəsinin istək və arzularından irəli gəlməyib. Zənimizcə, bu kökatmanı iki başlıca amillə izah etmək olar:
1. Türkiyənin öz zəmanəti;
Sirr deyil ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyədən ölkəmizə təşrif buyuran hər kəs barəsində rəsmi Ankaranın zəmanətini alaraq iş görüb. Bir zamanlar Bakının elektrik təchizatının tapşırıldığı "Barmek" də, 1990-cı illərdə yelkənlərini ölkəmizə tərəf açan Gülənçilər də məhz Türkiyə rəhbərliyinin xüsusi zəmanəti altında fəaliyyət göstəriblər.
Əslində son bir neçə ilə qədər Ərdoğan hakimiyyətinin öz iqtidarını Gülənçilərlə bölüşdüyü də hər kəs tərəfindən bilinir. SOCAR-ın Türkiyə təmsilçiliyi də, yəqin ki, birbaşa rəsmi Ankara tərəfindən razılaşdırılmış insanlar olublar. Şirkətin sabiq CEO-su Kənan Yavuzun 2004-cü ildən etibarən “Petkim”də iş həyatına başlaması da bunu təsdiqləyir.
Qeyd edək ki, həmin illərdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyildi. Deməli, Gülənçi kadrların iş başına gətirlməsinin də Abdullayevlə əlaqəsi yoxdur.
2001-ci ildə qurulan, üstündən bir il keçəndən sonra hakimiyyətə gələn və 2003-cü ildə baş nazirlik postunu Ərdoğana həvalə edən AKP-nin iqtidarda möhkəmlənmə dövrünün həmin ərəfəyə düşməsi Kənan Yavuzun kim tərəfindən “SOCAR-Türkiyə”nin başına gətirilməsinin ən barizi sübutlarındandır.
2. SOCAR-ın kadr seçimində alternativsizliyi;
Türkiyə hakimiyyətinin zəmanətini alan Gülənçilərin Azərbaycanın bir sıra dövlət qurumlarında olduğu kimi, SOCAR-da möhkəmlənməyə çalışması və buna nail olması da olduqca normaldır. Çünki bu qurum adi bir neft şirkəti deyil, həm də Azərbaycan iqtisadiyyatının şah damarıdır və iqtisadiyyatının 80-90%-nin neftdən asılı olduğu bir məmləkətdə neft hasilatıyla məşğul olan quruma sahiblik həm də ölkəyə yiyələnmək mənasına gəlir.
Fəqət bunu Azərbaycan siyasi iradəsinin və ya SOCAR rəhbərliyinin məqsədyönlü siyasəti kimi təqdim etmək bir qədər qərəzli təsir bağışlayır. Gülən camaatının strateji əhəmiyyətli dövlət qurumlarında, o cümlədən SOCAR-da rişə atmasının əsas günahkarı axtarılacaqsa, ünvan doğru seçilməli, necə deyərlər, "qoyun qoyun ayağından, keçi keçi ayağından" asılmalıdır.
Məsələ burasındadır ki, bəyənsək də, bəyənməsək də, bu günə qədər gənc kadrların yetişdirilməsi işində Gülən camaatı digər təhsil ocaqlarını üstələyiblər. Orta məktəblərdən tutmuş, ali təhsil müəssisələrinə, hazırlıq kurslarına qədər böyük şəbəkə yaradan camaatın öz fəaliyyətini iki istiqamətdə apardıqlarını müşahidə edə bilərik.
İstqamətlərdən biri savadlı şagird və tələblər üzərində fokuslaşmaqdır. Gülən məktəbləri bu cür uşaqları imtahanlar nəticəsində seçib, xüsusi istedad sahiblərinə pulsuz təhsil veriblər. Beləcə, Azərbaycanın intellektual potensialının onların əlinə keçməsinə şərait yaradılıb.
Digər bir istiqamət isə özəlliklə elitar kəsimin övladları üzərində işləmələri olub. Gülənçi məktəblərin pullu, ödənişlərin isə orta statistik Azərbaycan vətəndaşlarının maaşlarının üzərində olması bu istiqamətdə yürüdülən siyasətin təbii seçmə filtri rolunu oynayıb. Bu iddianın nə dərəcədə həqiqət olub-olmadığını anlamaq üçün, gəlin, bəzi rəqəmlərə göz ataq.
Statistikaya görə, Azərbaycan müstəqillik qazandıqdan sonra indiyə qədər qeydə alınan ən yüksək aylıq nominal əmək haqqı 449,5 manat olub. Təxminən 500 manatdan götürsək, bu, ildə 6000 manat edər. Gülənçi məktəblərin illik haqları isə ən azı 6000 manatdan başlayıb. Yəni orta səviyyəli bir ailə başçısı öz övladını Gülən məktəblərində oxutmaq istəsə, il boyu yeməməli, içməməli, aldığı maaşın üzərinə bir xeyli pul qoyub bu təhsil müəssisələrinə verməliydi. Üstəlik, bir də övladının kitab-dəftər, paltar, müxtəlif ekskursiyalara getmək pulu da var. Əlbəttə ki, sadə bir vətəndaşın bu qədər imkanı əldə etməsi mümkün deyildi. Deməli, Gülən məktəbləri də ən azı bu səbəbə görə sadə ailələrin üzünə bağlıydı.
Deyə bilərsiniz ki, Azərbaycanda maaş göstəriciləri işçilərin iqtisadi vəziyyətini əks etdirən tablolar deyil. Ölkədə geniş yayılan korrupsiya və rüşvətxorluq halları vətəndaşın ailə büdcəsinə daxil olan vəsaitlərin maaşdan qat-qat artıq olmasına şərait yaradır. Bir çox müəssisələrdə işləyən, rüşvət almaq imkanı olmayan şəxslərə isə verilən “paketlər” maaşlardan bir neçə dəfə yüksək olur. Odur ki, yalnız maaş göstəricilərinə söykənib bu cür hesabların aparılması yanlışdır.
Tamamilə doğrudur. Amma gəlin, görək, Azərbaycanda bu imtiyazlardan kimlər faydalanırlar?
Diqqətlə araşdırsaq, görərik ki, bu məmləkətdə əli rüşvət mexanizminə çatanlar da, kabinetlərdə oturub yüksək paketlər alanlar da əsasən oliqarxlara yaxın adamlar, qohum-əqrəbalardır. Gülən məktəblərinin xitab etdiyi kəsimlər də elə onlardır.
"Ağ sinif"in övladlarının ələ keçirilməsi dövlət vəzifələrinin əldən-ələ ötürüldüyü bir ölkədə həm də gələcək üçün yatırılmış siyasi investisiyaya bənzəyir. Bu "ağ sinif"ə aid seçilmişlərin ərköyünlüyü, kütbeyinliyi isə nəinki problem deyil, əksinə yaxın perspektivdə hakimiyyəti ələ keçirmək istəyənlər üçün göydəndüşmə fürsətdir.Necə olsa, onların əvəzinə düşünənlər var və beyinləri başlarında olmasa belə, yanlarında, çevrələrində böyüdülür. Sabah siyasi olimpə doğru yüksələn bu seçilmişlər köləyə çevrilmiş ağıllarını da özləriylə daşımalı olacaqdılar. Beləcə, dövlətin bütün mexanizmləri Gülən müridlərinin əlinə keçəcəkdi.
Məsələyə bu aspektdən baxanda, Gülən məktəblərinin öz fəaliyyətlərini niyə iki istiqamətdə apardıqları aydın olur.
İki istiqamətdə yürüdülən bu siyasətin nəticəsində yeni nəsil idarəçilərinin artıq dəyişilməsi də gözlənilməz deyil. Mümkündür ki, həqiqətən, Azərbaycan hakimiyyətinin bütün strukturları böyük ölçüdə Gülənçilərin əlinə keçsin. İllər boyu yürüdülən məqsədyönlü təhsil siyasəti nəticəsində bunun belə olmaması təəccüblü görünərdi. SOCAR da, sözsüz ki, Gülənçiləşmə prosesindən öz nəsibini ala bilər.
Amma, gəlin, məsələyə insafla yanaşaq: SOCAR öz kadrlarını hansı zümrə arasından seçməliydi? Axı bizim şüurlu şəkildə bərbad hala saldığımız, gələcəyin kadrlarını yetişdirmək əvəzinə, müxtəlif adlarla rüşvətyığma mexanizminə çevirdiyimiz ənənəvi təhsil ocaqları müasir standartlara cavab verən kadrları yetişdirmək əzmində deyillər. Bunu ali məktəblərə qəbul və orta məktəblərdən buraxilış imtahanların nəticələri də təsdiqləyir.
Gülən məktəblərinin bağlandığı 2012-2013-cü təhsil ilinin buraxılış imtahanlarının nəticələrinə görə, 9-cu sinif şagirdlərinin 87.45%-i, 11-ci siniflərin isə 60,71%-i kəsilmişdi. Eyni neqativ hal digər illərdə də təkrarlanmışdı.
Məsələn, builki nəticələrə görə, IX sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 26.84 faizi Ana dilindən, 31.87 faizi isə riyaziyyatdan “2” alıb.
XI sinif şagirdləri də balacalardan çox fərqlənməyiblər: 22.14% Ana dilindən, 26.87% riyaziyyatdan – “2”.
İmtahalardan “3” alanların sayı isə daha çoxdur: Ana dilindən 50.50%, riyaziyyatdan isə 39.45%. “4” və “5” alanların sayı 14-15%-i keçmir…
Son illər ali məktəblərə qəbul imtahanları da ürəkaçan olmur. Hətta məhz bu müvəffəqiyyətsizlik keçid ballarından da yan ötüşməyib. 2015-ci ildə bütün qrupların keçid balların 200-ə salınması, bu il isə IV qrupda minimum keçid həddinin 150-ə endirilməsi təhsil səviyyəsinin aşağılığıyla izah olunur.
Azərbaycan ali təhsil ocaqlarında kök salan rüşvətxorluq da kadr yetişdirilməsində neqativ rol oynayan amillərdəndir.
Bütün bu neqativ halların hökm sürdüyü təhsil müəssisələrimizin yarıtmaz fəaliyyətinin nətisəsində dövlət qurum və təşkilatları istər-istəməz xaricdə təhsil alanlara üstünlük verirlər. Onların əksəriyyəti isə ya Gülən məktəblərinin yetirmələri, ya da birbaşa onun müridləri olurlar.
SOCAR kimi beynəlxalq şirkətə çevrilmək hədəfini qarşıya qoyan bir təşkilatın xüsusilə Gülən müridlərinin ümidinə qalması bu mənada təəccüblü deyil. Çünki digər “xod gedən” qurumlardan fərqli olaraq, bu şirkət beynəlxalq rəqabət içərisisindədir və ona daha savadlı, dünyanı tanıyan kadrlar lazımdır.Bir “JEK” müdiri zirzəminin qapısına kilid vurub evinə su çəkmək istəyəndən 10 manat dilənmək qabiliyyətinə malikdir. Yaxud bir gömrük məmuru qapısında dayandığı keçid məntəqəsini "Dəli Domrul körpüsü" zənn edib keçəndən bir abbası, keçməyəndən 2 abbası ala bilər. Bir SOCAR işçisi isə beynəlxalq neft münasibətlərini bilməli, qurumun xaricdəki ofisində işləyirsə, ən azı, ingilis və yerli dilləri öyrənməlidir. Bu qabiliyyətli kadrları isə Gülən məktəbləri yetişdiribsə, SOCAR nə etməlidir?
Bəli, Azərbaycanın bu hala gəlməsində bir çox amillər mühüm rol oynayıb. Ən ciddi məsuliyyət isə təhsil siyasətini həyata keçirən orqanlara aiddir.
Təbii ki, Azərbaycanın siyasi mexanizminin Gülən hücumlarına məruz qalmasında siyasi idarəetmə ənənələrinin də misilsiz xidmətləri var.
Bütün bu səbəblər gözardı edilərək, yalnız SOCAR-da kadr islahatlarıyla kifayətlənmək bataqlığı qurutmaq əvəzinə, ağcaqanad ovlamağa bənzəyir ki, bu da gerçək islahat yox, gözdən pərdə asmaq deməkdir…