Generalın bacısı oğlunun 170 minlik “əməliyyatı” - FOTOLAR
Son illər Azərbaycanda dələduzluğun, başqalarının etibarından sui-istifadə edərək külli miqdarda vəsaitin ələ keçirilməsi hallarının kəskin artdığı müşahidə olunur.
Xeberinfo.com: Demək olar ki, hər həftə mətbuatda bu cür faktlara dair məlumatlara rast gəlinir.
Acınacaqlı haldır ki, dələduzluqla məşğul olanların, müxtəlif vədlərlə və ya etibardan sui-istifadə yolu ilə başqalarına külli miqdarda zərər vuranların əksəriyyəti vəzifəli şəxslər və ya onların yaxınları, qohumlarıdır. Bu səbəbdən çox vaxt onları cinayət məsuliyyətinə cəlb etmək, zərərçəkənlərin zərərini ödətdirmək mümkün olmur. Hüquq-mühafizə orqanları ya qüdrətli himayədardan çəkindikləri üçün, ya da digər səbəblərdən dələduzluqla bağlı şikayətləri obyektiv araşdıra və tədbir görə bilmirlər. Cəzasızlıq mühiti isə, sözsüz ki, ölkədə dələduzluq cinayətlərinin sürətlə artmasını stimullaşdırır.
Bu yazıda biz daha bir vəzifəli şəxsin – Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYP) Müşayət-Eskort Bölüyünün əməkdaşı, polis kapitanı Əliyev Cahangir Amangəldi oğlunun etibardan sui-istifadə yolu ilə başqasının külli miqdarda – 170 min manat məbləğində vəsaitini ələ keçirməsi və 2 ildən artıq müddətdə qaytarmaması haqda söhbət açacağıq. Mənzərə daha da aydınlaşsın deyə, elə bəri başdan qeyd edək ki, Cahangir Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, məşhur polis generalı Həsən Şirinovun bacısı oğludur. H.Şirinov uzun illər BDYP-in rəisi olub və heç şübhə yoxdur ki, bacısı oğlu da məhz onun sayəsində bu orqanda işə düzəlib, vəzifə-rütbə alıb, başqalarının külli miqdarda pulunu ələ keçirməsinə baxmayaraq, hazırda da vəzifədə qala bilir.
Mətləbə keçək. Redaksiyamıza daxil olmuş məhkəmə sənədlərindən belə məlum olur ki,1971-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi ev 7, mənzil 82-də qeydiyyatda olan, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYP) Müşayət-Eskort Bölüyünün əməkdaşı Əliyev Cahangir Amangəldi oğlu Bakı şəhər sakini Abbasov Rəcəb Bağır oğlundan 2014-cü ilin fevral ayında 200 min manat borc alıb, bir qədər sonra bu pulun 30 min manatını geri qaytarsa da, qalanını mənimsəyib. R.Abbasov 2015-ci ilin iyul ayında C.Əliyevi məhkəməyə verib. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli qətnaməsində qeyd olunur ki, R.Abbasov C.Əliyevə 05.02.2014-cü il tarixdə 100 min və 12.02.2014-cü il tarixdə daha 100 min olmaqla, ümumilikdə 200 min manat borc verib. Həmin ilin 22 aprel tarixində C.Əliyev aldığı borcdan 30 min manat geri qaytarıb. Qalan 170 min manat pulu isə uzun müddət keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə qaytarmaqdan imtina edib.
“AzPolitika”ya daxil olmuş sənədlərin içində “Mövcud borcun etiraf edilməsi haqqında”Müqavilə də var. 7 mart 2015-ci ildə 37 saylı Notariat Kontorunda bağlanmış müqavilədə C.Əliyev etiraf edir ki, Abbasov Rəsəb Bağır oğlundan 200 min manat nəğd pul alıb, onun 30 min manatını qaytarıb, qalan 170 min manatını isə 2 ay ərzində qaytaracağına dair öhdəlik götürür. Lakin rəsmi müqavilə ilə üzərinə bu öhdəliyi götürməsinə baxmayaraq, yenə də vədinə əməl etmir və borcunu qaytarmır.
Xətai Rayon Məhkəməsinin hakimi Namidar Misirzadə də iddiaçı tərəfin təqdim etdiyi sübutları, o cümlədən “Mövcud borcun etiraf edilməsi haqqında” Müqaviləni nəzərə alaraq,Əliyev Cahangir Amangəldi oğlundan 170 min manatın alınaraq Abbasov Rəcəb Bağır oğluna verilməsi barədə qətnamə çıxarır. C.Əliyev məhkəmə proseslərində iştirak etməyib və heç bir etiraz bildirməyib. Lakin qətnaməni əldə etdikdən sonra uydurma bəhanələrlə apellyasiya şikayəti verib və Xətai Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini (!) xahiş edib. Şikayətini də onunla əsaslandırır ki, R.Abbasov xəbərdarlıq etmədən onu məhkəməyə verib, birinci instansiya məhkəməsində iştirakı təmin olunmayıb, məhkəmə birtərəfli qaydada işə baxaraq, qanunsuz qətnamə qəbul edib. Üstəlik də birinci instansiya məhkəməsi nəzərə almayıb ki, cavabdeh borclu olduğu puldan 60 min manatı hansısa Kərimov Emin Xıdır oğlunun vasitəsilə geri qaytarıb.
Lakin maraqlıdır ki, Cahangir ƏIiyevə məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o və ya onun nümayəndəsi yenə də məhkəmədə iştirak etməyiblər. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edib və Xətai Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.
Bundan sonra C.Əliyev vaxt uzatmaq və bu vasitə ilə başqasının külli miqdarda vəsaitini mənimsəmək məqsədilə yeni bəhanələr fikirləşməyə başlayıb. Apellyasiya şikayətində uydurduğu, lakin sübutunu təqdim etmədiyi böhtanın ardınca bu dəfə Ali Məhkəmənin mülki kollegiyasına üz tutub. Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəmənin mülki kollegiyasına şikayətini belə əsaslandırıb ki, bəs borcundan 60 min manatı geri qaytarıb, əlində bunu sübut edən qəbz də var, ona görə apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. Lakin söhbət hansı qəbzdən gedir, onu kim və nə vaxt imzalayıb, 60 min manat sahibinə hansı şəraitdə qaytarılıb, niyə cavabdeh bu barədə sübutlarını apellyasiya məhkəməsinə təqdim etməyib, bunlar qaranlıq qalır və 2 ehtimala yol açır.
Birincisi, C.Əliyevin əlində heç bir qəbz-filan yoxdur, məqsəd vaxt uzatmaq və beləliklə də zərərçəkmişi bezdirmək və ümidsizliyə salmaqla, onun külli miqdarda vəsaitini mənimsəməkdir.
İkincisi, C.Əliyev böhtanına don geyindirmək üçün saxta sənəd hazırlatmaq yoluna baş vurub. Lakin bu halda özünə daha ciddi problemlər yarada biləcəyinin fərqində deyil. Məsələ ondadır ki, C.Əliyev ortaya guya borcun bir hissəsinin ödəndiyi barədə sənəd çıxarsa və ekspertizada bu sənədin saxtalığı sübut olunsa, ona cinayət işi açılması qaçılmaz olacaq.
Hadisələrin xronoloji ardıcıllığının təhlilindən belə görünür ki, hər şey ənənəvi dələduzluq sxemi əsasında baş verib. Etibardan sui-istifadə etməklə pul alınıb, hətta bu barədə imzalar atılıb və rəsmi müqavilə də imzalanıb. Qaytarmaq vaxtı çatanda isə dövriyyəyə müxtəlif yalan vədlər və bəhanələr buraxılıb, zərərçəkmiş məhkəməyə üz tutmağa təhrik olunub. Sonraya da aylarla, illərlə məhkəməni uzatmaq qalır. Şübhəsiz ki, adda da heç bir daşınar-daşınmaz əmlak ola bilməz. Beləliklə, qüdrətli himayədarın da kölgəsi altında özgənin külli miqdarda vəsaitini mənimsəyib, yavaş-yavaş həzmi-rabedən keçirirsən. Azərbaycanda bu üsulla olar-olmazını itirmiş və sonradan çarəsizcə vəzifəli-vəzifəsiz dələduzların əlini-qolunu sallaya-sallaya ortalıqda dolaşdığını izləməyə məhkum olunmuş minlərlə insan var.
Barəsində danışdığımız halda isə vəziyyət daha da faciəvidir – etibardan sui-istifadə yolu ilə özgənin pulunu ələ keçirən də, onun himayədar-ağsaqqalı da hüquq-mühafizə əməkdaşlarıdır. Yəni Azərbaycan xalqı asayişini, can və mal varlığını məhz bu adamlara etibar edib.
Yeri gəlmişkən, general-mayor Həsən Şirinovun digər bacısı oğlu Ələmşah Cəfərovun fırıldaq və saxtakarlıq sxemləri əsasında başqalarının yüz minlərlə vəsaitini ələ keçirməsi faktı üzrə məhkəmə prosesləri isə artıq yekunlaşıb. Bu barədə növbəti yazıda.
P.S. Təəsüf ki, çoxsaylı cəhdlərimizə baxmayaraq, məsələ ilə bağlı Cahangir Əliyevin mövqeyini öyrənməyə nail olmadıq. Onun mövqeyini işıqlandırmağa hazırıq.
Cahangir Əliyevin DYP avtomobilində və uniformada R.Abbasovun ofisinə gəlməsini və ofisdən əlidolu ayrılmasını əks etdirən kadrları təqdim edirik: