“Sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”
Yenixeber.org: Bunlar Prezident İlham Əliyev 2025-ci ilin noyabrın 12-də bir sıra rayonlara yeni icra başçısı təyin olunmaları ilə əlaqədar qəbul zamanı deyib.
Lakin bundan heç iki ay keçməmiş Prezident İlham Əliyev sözügedən qəbulda Nəsimi rayon İcra Hakimiyyətinə başçı təyin etdiyi Elxan İbrahimovu vəzifəsindən azad etdi.Yəni, Elxan İbrahimovun Nəsimi rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyəti cəmi 47 gün sürdü.
Medianın həmin dövrdə yaydığı məlumata görə Elxan İbrahimov rayon ərazisində bərpa-quruculuq işlərində uyğunsuzluğa yol verib. Bununla yanaşı, o, Rayon İcra Hakimiyyətinin kollektivi ilə xoş rəftar etməyib, bir sıra əməkdaşları işdən çıxarıb. Hətta Elxan İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə, Nəsimi rayonunda yerləşən iri şirkətlərdən 100-200 min manat pul yığdığı görəvəzifəsindən azad edilib.
Xatırladaq ki, Elxan İbrahimov Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Maraqlıdır, Nəsimi rayonunda İcra başçısı vəzifəsinə başlar, başlamaz sahibkarlardan pul tələb edən Elxan İbrahimov Kürdəmirdə İcra Hakimiyyətini necə idarə edib?
Aktualinfo.net bu istiqamətdə kiçik bir araşdırma aparıb. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Elxan İbrahimovun başçısı olduğu Kürdəmir rayon İcra Hakimiyyəti 2022-2025-ci ildə rayon ərazisində bir sıra işlərin görülməsinə böyük miqdarda dövlət əsaiti xərcləyib. Onlardan diqqət çəkən bəzi tenderrləri nəzərinizə çatdırırıq.
Kürdəmir rayon İcra Hakimiyyəti bücədənkənar vəsait hesabına Kürdəmir şəhərdaxili yolların əsaslı təmiri işləri üzrə 26.08.2025-ci ildə “MUĞAN-KİTT ŞİRKƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 201.415,58 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Kürdəmir rayon İcra Hakimiyyətinin 2025 ci il üçün təsdiq olunmuş büdcə vəsaiti hesabına abadlıq işərinin satın alınması üzrə 10.07.2025-ci ildə “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 300.625,47 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonundan keçən hissəsində yerləşən fərdi yaşayış evlərində büdcədən kənar vəsait hesabına görüləcək abadlıq işləri üzrə 30.10.2024-cü ildə “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 222.677,92 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunundan keçən (163-209-cu km), 46 km uzunluqda olan hissəsində büdcə vəsaiti hesabına abadlıq işləri üzrə 11.09.2024-cü ildə “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 222.677,92 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Büdcə vəsaitləri hesabına abadlıq işlərinin satın alınması üzrə 29.01.2024-cü ildə “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 118.992,47 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Kürdəmir şəhəri, Aran qəsəbəsi və Gənc Heydərçilər parkında görüləcək abadlıq işlərinin satın alınması üzrə 07.12.2023-cü ildə “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 615.631,79 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Göründüyü kimi Elxan İbrahimov Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi dəyəri 1 459 340 manat olan beş satınalma müqaviləsi bağlayıb.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “MALA.AZ” (VÖEN: 1006542391) Məhdud Məsuliyyətli Cəmiyyəti 02.07.2020-ci ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Adil Məmmədov 9-cu mkr,ev.10, m.16-da yerləşir. MMC-nin qanuni təmsilçisi Müzəffərov Tural Fərrux oğludur. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Ağayev Səməd Niyazi oğlu olub.
Onu xüsusilə vurğulamaq istərdik ki, “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci ildə dövlət qeydiyyatına alınsa da Kürdəmir rayon İcra Hakimiyyətindən başqa heç bir dövlət qurumunun keçirdiyi satınalmalarda iştirak etməyib. MMC ancaq Elxan İbrahimovun sözügedən rayona rəhbərliyi dövründə tenderlərin qalibi olub. Bu isə MMC-nin birbaşa Elxan İbrahimova bağlı oldugunu deməyə ciddi əsaslar verir.
Bunlardan əlavə Elxan İbrahimovun başçılığı dönəmində Kürdəmir rayon İcra Hakimiyyəti daha bir neçə şübhəli satınalmalar həyata keçirib.
Kürdəmir Rayonu İcra Hakimiyyəti tərəfindən tədbirlərin təşkili xidmətlərinin və tədbir üçün lazım olan hədiyyə mallarının satınalınması üzrə 05.05.2025-ci ildə “AZƏRBAYCAN MENECMENT VƏ İNVESTİSİYA KORPORASİYASI” QSC ilə 88.098,8 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Tədbirlərin təşkili üçün hədiyyə mallarının alışı və bir sıra xidmətlərin təşkilinin satın alınması üzrə 11.09.2024-cü ildə “PREMYER PRODAKŞİN” MMC ilə 96.265 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Tədbirlərin təşkili xidmətlərinin satın alınması üzrə 25.05.2023-cü ildə “UNİVERSAL BUSİNESS CORPORATİON” MMC ilə 91.985,54 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, Kürdəmir Rayonu İcra Hakimiyyətinə tədbirlərin təşkili xidmətlərini göstərən “AZƏRBAYCAN MENECMENT VƏ İNVESTİSİYA KORPORASİYASI” QSC təsisçisi Emin Fazil oğlu Əliyevlə “UNİVERSAL BUSİNESS CORPORATİON” MMC-nin qanuni təmsilçisi Əliyeva Günel Fazil qızı bacı- qardaşdırlar. Bu da öz növbəsində Elxan İbrahimovun başçılıq etdiyi Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən satınalmaların bir nəfərin idarə etdiyi şirkətlərə həvale edildiyini deməyə əsalar verir.
Göründüyü kimi Elxan İbrahimovun başçılığı dönəmində Kürdəmir İcra Hakimiyyəti rayonda yolların əsaslı təmiri və abadlıq işlərini yalnız bir şirkətlə həvale etmiş, tədbirlərin təşkili xidmətlərini isə bir nəfərə məxsus bir neçə şirkətə vermişdir.Təbii ki, bütün bunlar Elxan İbrahimovun göstərişi ilə olmuşdur. Bu satınalmalardan həmin şirkətlər Elxan İbrahimova nələr qaytarıb, araşdırılsa ortaya çıxar.
Nəsimi rayonunun İcra başçısı kimi cəmi 47 günə sahibkarlardan yüzminlər tələb edən Elxan İbrahimovun Kürdəmirdəki üç illik fəaliyyətində nələr topladığını elə bunlardan da təxmin etmək olar.(aktualinfo.net)










AZ
RU
