Bu gün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun icratında olan İş № e-2(007)-3734/2025 saylı mülki iş üzrə Qətnamə qəbul edildi. İddiaçı mənəm-jurnalist Asif Mərzili…
Yenixeber.org: Belə ki, 2012-ci ildə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı ilə) Nizami rayonunda MTK-ların birindən aldığım mənzildən alt qonşuya su sızması ilə bağlı mənzilin sahibi E.Quliyev ötən il mənzilinə vurulmuş maddi (həm də mənəvi) ziyanın ödənilməsi ilə bağlı mənə qarşı iddia qaldırdı, Xətai rayon Məhkəməsi (Hakim Aygün Həsənova) 08 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddianı qismən təmin etdi, dəymiş ziyanla bağlı tərəfimdən iddiaçıya xeyli miqdarda pul ödənilməsi qət edildi… Qısa qeyd edim ki, oxuculara və hüquqşünaslara, vəkillərə aydın olsun, mənə məxsus mənzilin isti və soyuq su xəttinin çəkilişi, isti döşəmə işlərinin həyata keçirilməsi Bəxtiyarov Səttar Baloğlan oğlu adlı şəxsin briqadasında çalışan bir santexnikə həvalə edilmişdi, razılaşma yolu ilə pul ona ödənilmişdir, amma özü tez-tez gəlib baxırdı, nəzarət edirdi… Sonradan MTK-nın kirayə haqqını ödəmək üçün 2014-cü ildə mənzili müvəqqəti kirayəyə verdim. Bu zaman(2014) alt mərtəbədəki qonşu zəng etdi ki, sizin mənzildən bizə su damır… Dərhal santexnika işlərinə görə pul ödədiyim S.Bəxtiyarova zəng etdim, dedi ki, yüz faiz kanalizasiya xəttindədir, onu dəyişdirin… Dəyişdirdim, yenə də su sızması dayanmadı… O vaxt həmin qonşu mənzilini satıb getdi, başqa şəxs gəldi, o da şikayətçi oldu, hətta onun öz ustası da gəlib araşdırdı, sökdü, təmir etdi, yenə də su sızmasının qarşısı alınmadı… O da mənzilini satıb getdi. Beləcə, uzun illər su sızmasının mənşəyi tapılmadığından mən həmin mənzildən istifadə edə bilmədim, kirayəyə vermək də mümkün olmadı, çünki hər dəfə alt mərtəbədəki qonşunun (indiyədək iki mənzil sahibi bu narahatlığa görə mənzilini satıb getmişdir) narazılığına görə baş tutmurdu. Nəhayət, 2020-ci ildə alt mərtəbədəki mənzili alan E.Quliyev məni məhkəməyə verdi, bu barədə yuxarıda bəhs etdim. Hətta iki dəfə məhkəmə ekspertizası təşkil edildi, ekspertlər də suyun sızma səbəbini aşkar edə bilmədi.

Nəhayət, ötən ilin yayında “Zirvə” MMC-nin mütəxəssislərini mənə məxsus mənzilə dəvət etdik. Ruslan adlı mütəxəssis aşkar etdi ki, su sızması kanalizasiya xəttində yox, «KOMBİ»dən gələrək mətbəxdən keçib hamama və mətbəxə gedən isti su xəttindədir. Beləcə, uzun illərdən sonra su sızmasının mənşəyi bilindi. Videoçəkilişlərdən aydın olurdu ki, Səttar Bəxtiyarovun rəhbərliyi altında çəkilmiş su xəttində qaynaq işləri düzgün aparılmamış, səhlənkarlığa yol verilmişdir və nəticədə, uzun illərdir həm sızmanın yerini tapmaq mümkün olmamışdır.
***
Nəhayət, bu gün şahidlər dindirildi, suallar verildi, hakimə su sızması nəticəsində alt qonşunun mənzilindəki dağıntını, həmçinin mənə məxsus mənzildə su sızmasını aşkar edən ustanın fikirlərini, söküntü və qaynaq və s. işlərini əks etdirən videogörüntüləri təqdim etdim… Hakim video və fotogörüntülərdən dəhşətə gəldi, çıxışlardan da bəlli oldu və sübut edildi ki, uzun illər mənə və alt qonşulara zülm yaşadan sızıntının günahkarı kimdir.
Hakim Rauf Tağı oğlu Əhmədovun bu günkü davranışlarından hiss edirdim ki, o, iclası qanunvericiliyin tələbini pozmaqla aparır. Məsələn, cavabdehə yönəldici sual verir, mənə və şahidə danışmaq imkanı vermir, təqdim edilən videogörüntülər ətrafında cavabdehə sual vermir, bizim isə sözümüzü kəsir və sair. Əgər hakimin nədəsə şübhəsi var idisə, ekspertiz da təyin etməli idi. Üstəlik, mən məhkəmə zalında qaynaq işləri düzgün aparılmamış plasmas borunun hissələrini də hakimə təqdim etdim, baxdı, başını buladı.

Beləliklə, hakim tələm-tələsik müşavirəyə gedib qayıtdı, iddiamı təmin etmədi. Niyə? Bu suala Qətnamə elektron kabinetə yerləşdirəndən sonra dəqiq cavab verə biləcəyəm. Lakin indidən aydın şəkildə bilirəm ki, hakim min cürə bəhanələri düzüb-qoşub özündən uydurma epizodları qətnaməsinə yazacaq… Amma uzun illər şəxsən mənə və ailəmizə mənəvi ziyan vurmuş, qonşularla aramıza süni narazılıq salmış bu cür hala dair hakimin iddianı təmin etməyən qərar qəbul etməsi çox üzücüdür, absurddur.
İndi düşünürəm: hakim Rauf Əhmədov Tağı Əhmədovun oğludur! Tağı müəllim 2024-cü ildə-təxminən bir il əvvəl rəhmətə gedib. Sağ olsaydı, özünə şikayət edərdim. İndi nə edim, ruhuna şikayət edimmi? Bu dərəcədə haqsızlıq olardımı? Yaşadığım o zülmü hakim Rauf Əhmədov özü və ailəsi yaşasaydı, nə edərdi? Ustaya sağ ol deyərdimi??? Düşünürəm ki, Tağı Əhmədovun ruhuna “Açıq məktub”la müraciət edim… Çünki hakim mənə alternativ yol qoymadı!
***
Yeri gəlmişkən, kiçik bir araşdırma apardım, məlum oldu ki, hakim Rauf Əhmədov absurd qərarlarına görə həmişə tənqid edilib. Hətta az əvvəl Bakı Apellyasiya Məhkəməsi onun bir dolaşıq qərarına görə barəsində xüsusi qərar da qəbul edərək cəzalandırılması üçün Məhkəmə Hüquq Şurasına göndərib! Həmin qalmaqal barədə mediada yayımlanmış bu yazını təqdim edirəm:
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ
Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun cəzalandırılmasından ötrü xüsusi qərar çıxarılıb(Lent.az). Bakı Apellyasiya Məhkəməsi hakimlər kollegiyasının verdiyi həmin qərar R.Əhmədov haqqında tədbir görülməsi üçün Məhkəmə-Hüquq Şurasına göndərilib. Səbəb paytaxtın Nizami rayonunda tikinti aparan “Kursus-Nizami” şirkətinin yerli sakinlərlə mübahisəsidir. Şirkət müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə üz tutub və tikinti ərazisindəki binalara girişin yasaqlanmasını, sakinlərin köçürülməsini, evlərin boşaldılıb sökülməsini istəyib.
R.Əhmədov da 15 oktyabr 2024-cü il tarixli qərardadı ilə bu ərizəni təmin edib. Qərarını da belə əsaslandırıb ki, evlər köhnədir, qəzalı vəziyyətdədir və s. “Kursus-Nizami” MTK ilə sakinlər arasında Nizami rayon Məhkəməsində xeyli müddətdir məhkəmə çəkişməsi gedir. Hazırda ayrı-ayrılıqda bir neçə məhkəmə işi var. Proseslərin gedişində sakinlər məsələ qaldırıb ki, yekun qərar verilənədək şirkətə binaları sökmək qadağan olunsun. Bu üzdən, bəzi hakimlər yekun qəraradək söküntünü yasaqlayan müvəqqəti təminat tədbiri haqda qərardad çıxarıb.
Hakim R.Əhmədovun söküntüyə icazə verən qərarından sonra absurd durum yaranıb: Eyni məhkəmə bir qərarla söküntünü qadağan edir, digər qərarla icazə verir. Söküntüyə icazə qərarından apellyasiya şikayəti verən sakinlər həmin qərarı mülkiyyət hüququna qəsd kimi dəyərləndirərək onun ləğvini istəyiblər.
“Hakim Rauf Əhmədov “Karsus-Nizami” MTK-nın qanunsuz hərəkətlərinə yaşıl işıq yandırdı”
Sakinlərdən Fikrət Həsənov şikayətində evindən istifadə hüququnun əlindən alındığını, mülkiyyət hüququna təcavüz edildiyini vurğulayıb.
“Hakim Rauf Əhmədov “Karsus-Nizami” MTK-nın qanunsuz hərəkətlərinə yaşıl işıq yandırdı. Şirkətin fəhlələri gəlib evimi sökmək istəyəndə “102”yə zəng elədim. Polislər gələndən sonra çıxıb getdilər. Binadakı istilik xətləri, həyətdəki asfalt vicdansızcasına sökülüb”, – şikayətçilərdən Diana Andreyevanın sözləridir.
Bakı Apellyasiya Məhkəməsinin hakimlər kollegiyası belə nəticəyə gəlib ki, R.Əhmədov bu qərarla vətəndaşların mülkiyyət, mənzil toxunulmazlığı hüquqlarını pozub. “Maraqlı şəxslərin şikayətlərində qeyd olunduğu kimi, bu məzmunda qərardad çıxarmaqla birinci instansiya məhkəməsi bütün maddi, prosessual norma və prinsipləri pozub, maliyyə cəhətdən güclü mövqedə olan, geniş maliyyə imkanları olan “Kursus-Nizami” MTK-nın maraqlarını müdafiə edib”, – apellyasiya məhkəməsinin oktyabrın 23-də R.Əhmədov haqqında çıxardığı qərarda belə yazılıb. R.Əhmədovun 50 yaşı var və o, 14 ildir məhkəmə hakimi çalışır. Daha öncə Xətai rayon Məhkəməsində fəaliyyət göstərib. O, 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-nin rəhbəri olmuş Tağı Əhmədovun oğludur. T.Əhmədov 2024-cü il oktyabrın 18-də 76 yaşında vəfat edib…
Allah Tağı müəllimə rəhmət eləsin!
Asif MƏRZİLİ










AZ
RU
