Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Aynurə Babayeva AZƏRTAC – Azərbaycan Dövlət Teleqraf Agentliyinin, ya da AzTV-nin rəhbəri olmaq istəyib. Dediyinə görə, bundan ötrü Məlahət Əsgərova adlı şəxsə 125 min manat pul da verib.
Yenixeber.org: Məlumata görə, indi həmin şəxs artıq bir il olar dələduzluq ittihamıyla həbsdədir. M.Əsgərova xeyli adamdan işə düzəltmək adıyla pul alıb, onları aldatmaqda suçlanır. A.Babayeva o adamlardan, sadəcə biridir.
İttihama görə, M.Əsgərova bir başqa zərərçəkəndən oğlunu Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) işə düzəltmək adıyla 50 min manat alıb.
A.Babayevaya gəlincə, bu elmlər doktoru AZƏRTAC və ya AzTV rəhbəri olmaqdan ötrü pul verməsinin səbəbini izah edərkən deyib ki, vəzifə təklifi qarşı tərəfdən gəlib. Hətta öncə təklifə “yox” cavabı verdiyini iddia edir. Amma, ancaq, lakin… M.Əsgərova onu hədələdiyindən onunla razılaşmağa məcbur qalıb.
“Verdiyim pulları banklardan kredit götürmüşəm”
A.Babayeva əlavə edib ki, AzTV və ya AZƏRTAC-a rəhbər təyin olunmağın qiymətinin 150 min manat olduğu deyilsə də, o, 20 min, 30 min, 26 min, 17 min və s. olmaqla, bir neçə dəfəyə, toplam 125 min manat pul verib. Pulun bir bölümü də Prezident Administrasiyasının yanında alınıb: “Məndən pulu alanda Məlahət Əsgərovanın yanında Hafiz adlı bir nəfər olurdu. Deyirdi ki, sürücüsüdür. O da ona “xanım” deyirdi. Bütün bunlar məni inandırdı. Sonralar başa düşdüm ki, məni aldadır. Verdiyim pulları banklardan kredit götürmüşəm, hələ də ödəyirəm”.
M.Əsgərova özünü təqsirli bilsə də, A.Babayevaya hədə-qorxu gəlməsi haqda qarşı tərəfin dediklərinin doğru olmadığını söyləyir. Onun sözlərinə görə, əksinə, elmlər doktorunun özü yaxşı işə düzəlmək istədiyini deyib, bu məsələdə kömək istəyib, verməyə pulu olduğunu deyib: “Bundan bir neçə gün sonra metronun “İçərişəhər” stansiyasının yanında onunla görüşdük. Dedi ki, AZƏRTAC-a sədr vəzifəsinə işə düzəlmək istəyir. Mən də dedim ki, tanışım bu məsələni həll edə bilər”.
M.Əsgərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə təqsirli bilinib, ona 7 il həbs cəzası kəsilib.(AzPost)