Türkiyədə saxlanılan 6 rus casusu: əmr verən şəxsin adı və hədəfi bilindi -DETALLAR
Türkiyə kəşfiyyatının aylardır təqibi ilə davam edən ikili casusluq əməliyyatında 15 MOSSAD və 6 Rusiya casusu bir-birinin ardınca yaxalanıb. Rus casusların hədəfinin Türkiyədə yaşayan “Abdülhakim” adlı çeçen müxalifətçinin olduğu bildirilib.
Yenixeber.org: “Sabah” xəbər verir ki, ötən həftələrdə İstanbul və Antalyada Rusiya Federasiyasına işləyən 4-ü rus, biri ukraynalı və 1-i özbək olmaqla 6 casusun Türkiyədə çeçen müxalifətçini hədəf seçərək sui-qəsd planlaşdırdığı üzə çıxıb.
Müəyyən edilib ki, casuslar Türkiyədə yaşayan çeçen müxalifləri təqib edərək və fotoşəkil çəkərək hədəflərinə sui-qəsd etmək istəyiblər. Bu şəxs müxaliflər tərəfindən Suriyada Əsədə qarşı vuruşan və tez-tez Türkiyədə olan bir şəxsdir.
MİT-in oktyabrın 7-8-də həyata keçirdiyi əməliyyatlar nəticəsində həm MOSSAD casusları, həm də adı çəkilən 6 nəfərlik casus şəbəkəsinin üzvləri saxlanılıb. Məlum olub ki, casuslar əldə etdikləri məlumat və sənədlər əsasında fəaliyyət göstərib, təlimatlandırıldıqları xarici dövlətə və ya kəşfiyyat bölməsinə xidmət etməyi planlaşdırıblar.
Əldə edilən məlumatlara görə, 6 nəfərlik casus şəbəkəsinin lideri 33 yaşlı Bislan Rasayev iki nəfərdən sui-qəsd sifarişi alıb. Bunlardan birincisi Çeçenistan prezidenti Ramazan Kadırovun əmisi oğlu, İnterpol tərəfindən axtarılan və Dumada deputat olmuş Adam Delimxanovdur. İkinci ad isə Delimxanovun sui-qəsdlərdə subpodratçı kimi istifadə etdiyi və 2004-cü ildən Avropada müxalif çeçen vətəndaşlarına qarşı 4 sui-qəsdin təşkilatçısı olmuş Kazbek Dukuzov olub.
Rasayevin sui-qəsd cəhdlərində istifadə olunacaq silah və sursatları İŞİD terrorçularından “Əbubəkir” kod adlı Abdulla Abdullayevdən almağı planlaşdırdığı müəyyən edilib. Şübhəlilərin evlərində aparılan axtarış zamanı lazer, səsboğucu və məsafəölçən durbin tapılıb. Silahlar Abdullayevin evindəki hamamın tavanındakı gizli şkafdan çıxıb.
İstanbul Prokurorluğu və İstanbul Terrorla Mübarizə Şöbəsi MİT-in məlumatları əsasında şübhəlilər barəsində araşdırmaya başlayıb. İlk növbədə Rasayevi silah-sursatla təmin edən Abdullayev və onu səfərlərində müşayiət edən Əmir Yusupov, Rövşən Əhmədovun və qohumu olan iki şəxsin qaldığı yerləri müəyyənləşdiriblər.
Rasayevin Antalyada qalması ilə bağlı kəşfiyyat məlumatı var idi, lakin onun dəqiq yeri müəyyən edilənə qədər əməliyyat həyata keçirilməsi barədə əmr olmayıb. Çünki Rasayevin eyni gündə yaxalanmamaq üçün tez-tez ünvanını və yaşadığı hoteli dəyişdiyi müəyyən edilib. Lakin o, MİT-dən qaça bilməyib.
Hazırladı Mürtəza, (“Hurriyyet”)