Yenixeber.org: “Kvant Apokalipsisi” narahatlığı bu ilin əvvəlində çinli tədqiqatçıların akademik məqaləsində kvant kompüterinin (Google və IBM tərəfindən hazırlanmaqda olan yeni texnologiya) insanların və qurumların onlayn təhlükəsizliyini təmin edən şifrələmə üsullarını sındıra biləcəyini deməsiylə ortaya çıxıb.
"Sectigo" kibertəhlükəsizlik firmasının eksperti Tim Kallan xəbərdarlıq edib ki, hətta artıq mövcud olan kvant kompüterləri də bir gün “bu gün istifadə etdiyimiz şifrələmə üsullarını deşifrə edə bilər”. Kallanın xəbərdarlığı Çikaqo Universitetinin tədqiqatçılarının sındırıla bilməyən kvant internet üzərində işlədiklərini elan etməsindən qısa müddət sonra gəlib.
Hazırda kompüterlər informasiyanı qorumaq üçün açıq açar kriptoqrafiyası adlanan sistemdən istifadə edirlər. Bu halda, mobil telefonlar kimi cihazların iki açarı var: açıq açar və gizli açar.
Tədqiqatçıların fikrincə, mobil telefonunuzla əlaqə saxlamağa çalışan başqa bir cihaz mesajı şifrələmək üçün telefonunuzun açıq açarından istifadə edir və mesajı uzun nömrəyə çevirir. Bu problem daha sonra orijinal mesajı aşkar etmək üçün telefonunuzun şəxsi açarı ilə açılır.
Kallan bildirib ki, belə hal adi kompüterlər üçün demək olar ki, mümkün deyil və bunun reallaşdırılması üçün təxminən 300 trilyon il lazımdır . Lakin mütəxəssislər kvant cihazlarının qısa müddət ərzində bütün növ parolları deşifrə edə biləcəyini qeyd ediblər. Adi kompüterlər "0" və ya "1"i təmsil edən elektron və ya optik impulslardan istifadə edir, kvant maşınları isə "0, "1" və ya hər ikisi "1" və "0" olaraq təyin oluna bilən işıq hissəciyi olan fotonlardan istifadə edir.
Beləliklə, bir kvant kompüteri bütün mümkün həlləri bir yerdə kodlaya bilər. Sonra bu həllər bir-birini ləğv edərək daha sonra düzgün kombinasiyanı ortaya qoyur.
" Kvant kompüterlərinin təkamülü məlumatların təhlükəsizliyinə ciddi təhlükə yaradır. Onların nəhəng emal gücü bank hesabının təfərrüatlarından tutmuş tibbi qeydlərə və dövlət sirlərinə qədər hər şeyi üzə çıxararaq, şifrələməni sürətlə poza bilər. Bu ssenari o qədər narahatedicidir ki, ekspertlər bunu “Kvant Apokalipsisi” adlandırırlar ”, Kallan vurğulayıb.
Kvant kompüterləri eyni vaxtda '1', '0' və ya hər iki rəqəmi ehtiva edən 'qubit'lərdən istifadə etdikləri üçün "klassik kompüterlərdən" milyonlarla dəfə sürətli olacaqlar.
Kallan kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən Q-Day olaraq da adlandırılan bu ssenaridə dünya sirlərinin kifayət qədər güclü kvant kompüteri olan hər kəs üçün açıq olacağını ifadə edib. “Bayden administrasiyası müdafiəni qorumaq üçün kvant hücumuna qarşı keçən il təhlükəsizliyi yeniləməyi planladıqlarını açıqlayıb. Görə bilərsiniz ki, hökumətlər bundan narahat olmağa başlayıblar", ekspert əlavə edib.
Kvant kompüterlərinin hazırlanması hələ başlanğıc mərhələsindədir. Hazırda inkişaf etdirilənlər arasında IBM-in 2021-ci ildə təqdim etdiyi 400 kubit tutumu olan və artıq olduqca güclü olan "Osprey" kompüteri var. Lakin çinli tədqiqatçılar bildirirlər ki, hətta 378 kubitlik nisbətən kiçik kvant kompüteri də güclü şifrələməni poza bilər.
"Tədqiqatçıların şifrələməni sındırdıqları ilə bağlı son iddia bizi "kvant apokalipsisi"nin çoxdan gəlib-gəlmədiyini düşünməyə dəvət edir. Deyəsən, bu sualı real həyatda sınaqdan keçirərək cavablandıracaq IBM kimi kifayət qədər güclü kvant kompüterinin sahibinə ehtiyacımız olacaq", Kallan deyir. O, son olaraq belə bir irəliləyişin nə qədər davam edəcəyinin bəlli olmadığını vurğulayıb və bildirib ki, mütəxəssislər "Kvant Apokalipsisi"nin yaxın 8-20 il ərzində baş verə biləcəyini proqnozlaşdırırlar. (azvision)
Dünyanı gözləyən “Kvant Apokalipsisi” təhlükəsi -Şifrələnmiş bütün məlumatlar sındırılacaq?!
“Kvant Apokalipsisi” internet bankçılıqdan tutmuş dövlət sirlərinə qədər hər şeyi məhv edə bilər. Tədqiqatçılar bildiriblər ki, çox yaxın gələcəkdə fəlakət baş verə bilər. Bəs bu "Kvant Apokalipsisi" nədir və bəşəriyyəti nə gözləyir?