Erməni daşnakların yüz ildən çoxdur azərbaycanlılara, o cümlədən digər türk xalqlarına qarşı törətdiyi terror, etnik təmizləmə, soyqırımı faktlarını təsdiqləyən yeni sənəd üzə çıxıb.
Yenixeber.org: Fransız tarixçi, ekspert Maksim Qauin bununla bağlı arxivlərdə araşdırma aparıb.
O, əldə etdiyi sənədin fotosurətini teleqramda paylaşıb.
Sənəd Antantanın Ermənistandakı ali komissarı general Uilyam Haskelin teleqramından ibarətdir və Daşnaksutyun hökumətinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə faktlarını əks etdirir.
“Antantanın Ermənistandakı ali komissarı general Haskelin daşnak hökumətinin həyata keçirdiyi etnik təmizləmə siyasətindən məyus olmasına dair sənəd”, - fransız tarixçi yazıb.
General Haskel 22 yanvar 1920-ci il tarixində ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlarla bağlı teleqram göndərib.
O, teleqramında azərbaycanlılardan bəhs edərkən tatarlar ifadəsini işlədib.
General teleqramında əksini tapan faktların amerikalı zabitin şəxsən apardığı son sorğu və onun qonşu azərbaycanlılarla görüşlərindən sonra əldə etdiyi faktlardan ibarət olduğunu və doğruluğuna əmin olduğunu yazıb:
“Oxıçı (Okhittchi) vadisinin tatar (Azərbaycan) kəndləri Zəngəzur ermənilərinə müqavimət göstərmədən təslim olmuş, sakinlər qarlı dağlardan keçərək qaçmışlar; ardınca, onlar atəşə məruz qalmışlar, çoxları öldürülmüş, yaralanmış və tibbi qayğı olmadığı üçün ölmüşlər, cəmi 1590 nəfər.
Ermənilərin hücumuna məruz qalan Kığı (Kighi) vadisinin tatar (Azərbaycan) kəndi yeddi gün müqavimət göstərdi. Belə olan halda, ermənilər Gerusidən artilleriya və pulemyotlar göndərdilər, azərbaycanlıları kənd-kənd qovaraq, nəhayət, onları mühasirəyə aldılar; sağ qalanlar Ordubada və Naxçıvana qaçdılar və orada amerikalı zabit tərəfindən sorğu-sual edildilər. Tatarlar (azərbaycanlılar) iddia edirlər ki, ermənilər Ordubad və Culfanı tutmaqla bütün tatarları (azərbaycanlıları) Zəngəzurdan qovmaq məqsədi güdürlər və oradan da Naxçıvanın boşaldılmasını tələb edəcəklər. Culfalı Xəlil bəy Ordubada yola düşüblər (25 dekabr)”.
Sənəddə göstərilib ki, 3 amerikalı zabit 31 dekabrda ermənilərin İrəvandan 12 mil şimal-qərbdə, Ermənistanda böyük tatar (Azərbaycan) kəndi olan Akerə hücum xəbərini yoxlayıb: “Zabitlər kişi və qadın meyitlərini və silahla qarətdə iştirak etdiklərinə görə saxlanılan səkkiz ermənini görüblər. Bu hücumların getdikcə tez-tez baş verdiyini və Ermənistan hökumətinin tatarları (azərbaycanlıları) tərksilah etməsindən sonra meydana çıxmasını nəzərə alaraq, mən təkid edirəm ki, Ermənistan hökuməti bu hücumların təkrarlanmaması üçün təcili tədbirlər görsün. Ermənistanın hazırkı hakimiyyəti getdikcə etibara layiq olmadığını və səriştəsiz olduğunu göstərir; ərazi və təbliğat vasitələrini artırmaq istəyinin onu idarə etdiyi görünür”.