AZƏRBAYCAN DİASPORU:HANSI ÖLKƏDƏ DAHA GÜCLÜDÜR?– Reallıqlar və inkşaf prespektivləri
Müasir dövrdə diaspor amili dövlətçiliyin inkşafında mühüm yerlərdən birini tutur. Dünya təcrübəsi göstərir ki, diaspor və lobbiçilik fəaliyyəti güclü olan dövlətlər beynəlxalq arenada öz xeyrlərinə qərarlar qəbul etdirə, həmçinin başqa dövlətlərin onlara qarşı loyal münasibətlər sərgiləmələrinə nail ola bilərlər.
Yenixeber.org: Diaspora fəaliyyətinin genişlənməsi dövlətin dünyadakı nüfuzunun və təsir imkanlarının da artması deməkdir. Qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib.
Bütün dünya dövlətləri kimi Azərbaycanda diaspor fəaliyyətini gücləndirməyə və inkşaf edirməyə çalışır. Müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub.
Bu səbəbdən də Heydər Əliyev tərəfindən Azərbaycanda milli diaspor fəaliyyətinin təməli qoyulub. Prezident İlham Əliyevin dövründə də diaspora fəaliyyətinə böyük diqqət göstərilib. Nəticədə 2008-ci ildə İlham Əliyevin sərəncamıyla Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu komitənin əsas vəzifəsi Azərbaycan həqiqətlərini - Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq hüquqla tanınan, tarixi torpaqlarının işğal edilməsi, milyonlarla soydaşının və vətəndaşının qaçqın və köçkünə çevrilməsi, Xocalı soyqırımı kimi faktları dünya ictimaiyyətinə çatdırmaqdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan diasporu yeni yaradılmasına baxmayaraq, sürətlə böyüyür və inkşaf edir. Hazırda Azərbaycanın dünyanın 65 müxtəlif ölkəsində 570 diaspor təşkilatı fəaliyyət göstərir.
Son statistik məlumatlara əsasən, dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 10 milyonunun mühacirətdə olduğu bildirilir. Ölkə sərhədlərindən kənarda məskunlaşan soydaşlarımız zaman-zaman müxtəlif problemlərlə qarşılaşsalar da, hər zaman öz milli mənsubiyyətlərini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlayıblar.
Azərbaycanlıların dünyada yayılma coğrafiyasına və genişliyinə görə ən böyük diasporası Avropa qitəsində yerləşir. Son məlumatlara görə, Avropada məskunlaşan azərbaycanlıların sayı 4 milyona yaxındır. Türkiyə və Rusiyada ümumilikdə 2,5 milyon azərbaycanlının yaşadığı bildirilir.
Ukraynada, Belarusda, Almaniyada, Böyük Britaniyada, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada, Polşada, İspaniyada, Avstriyada, Albaniyada və Finlandiyada məskunlaşan azərbaycanlıların sayı isə ümumilikdə 1 milyon nəfərdir. Təkcə Çexiyada 25 mindən çox azərbaycanlının yaşadığı bildirilir.
Digər Qərb ölkələrində məskunlaşan azərbaycanlıların sayı isə müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasında dəyişir. Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan azərbaycanlıların əksəriyyəti Türkiyədən və Cənubi Azərbaycandan köç edən soydaşlarımızdır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransada məskunlaşan azərbaycanlılar isə Cənubi Azərbaycandan, eləcə də ölkəmizdən köçənlərdir.
Azərbaycan çoxluq təşkil etdiyi reginlardan biri də Amerika qitəsidir. Burada Azərbaycan diasprunun 1 milyondan artıq nümayəndəsinin olduğu bildirilir. Azərbaycanlılar əsasən, ABŞ, Argentina, Braziliya, Kanada və Meksikada məskunlaşıblar. Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti Cənubi Azərbaycandan miqrasiya etmiş insanlardır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim azərbaycanlının bu qitəyə axını, diasporun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə müsbət təsir göstərib.
Azərbaycan diasporunun üçüncü böyük hissəsi isə Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeş, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minə, İraqda isə təqribən bir milyona çatır.
Afrika qitəsində məskunlaşan azərbaycanlıların sayı - Misir və Əlcəzairdə yüz min, Sudanda 17 min nəfərdir. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı deyilir.
Statistikadan da aydın olur ki, ölkə hüdudlarından kənarda Azərbaycan diasporunun təsir imkanları kifayət qədər böyükür. 2020-ci ildə baş verən Tovuz hadisələri və İkinci Qarabağ Müharibəsi dövründə də biz bunun şahidi olduq. Həmin ərəfələrdə Ermənistanın işğalçı siyasətinə qarşı Azərbaycan diasporunun təşkilatçılığıyla dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirildi.
Bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız iştirak etdi və işğalçıların beynəlxalq ictimaiyyəti çaşdırmaq planları iflasa uğradı. Onu da qeyd edək ki, Avropada təşkil olunan aksiyalara qardaş Türkiyə Respublikasınındiaspor təşkilatlarıda böyük dəstək göstərdilər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının 5-ci Qurultayında çıxış edərkən bildirib ki, Komitə qarşıdakı problemləri aradan qaldırmaq üçün diaspor təşkilatları arasında koordinasiyanın gücləndirilməsinə çalışacaq: “Gələcək fəaliyyət proqramımızda əsas yeri milli dövlətçiliyimizin intibah dövrü – Zəfər mərhələsində Azərbaycan diasporunu Qarabağın dirçəlişi prosesinə cəlb etmək tutur. Məqsəd dünya azərbaycanlılarının, soydaşlarımızın və həmvətənlərimizin, habelə Azərbaycana dost münasibət bəsləyən diasporların nümayəndələrinin diqqət və qayğısının Qarabağın quruculuğuna yönəlməsi, ayrı-ayrı dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diasporunun birbaşa və dolayısı ilə iştiraka sövq edilməsi, müxtəlif ölkələrdə böyük biznes imkanlarına malik azərbaycanlıların bura - Ana Vətənə sərmayə qoymasıdır”.
Müasir dövrün tələblərini nəzərə alaraq, Azərbaycan diasporu da yeni reallıqlara uyğunlaşmaq üçün gələcəyə hesablanmış addımlar atmalıdır. İlk növbədə Azərbaycanın diplomatik nümayəndəliklərində diaspor məsələləri inkşaf etdirilməli, həmçinin vahid diaspor strategiyası müəyyən olunmalı, qeyri-hökumət təşkilatlarıyla əlaqələr genişləndirilməli və diaspor nümayəndələrinin Azərbaycan biznesinə təşviq edilməsi üçün layihələr hazırlanmalıdır. Cəmiyyətimiz bundan sonra da, diaspor təşkilatlarıyla birlikdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etməlidirlər.
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda hazırlanmışdır. “Azpolitika”