General əxlaqsızlıq məkanına niyə göz yumur?
Əvvəllər “Zirvə”, indi isə “Türkan” adı ilə məşhurlaşan əxlaqsızlıq məkı ilə bağlı generala ünvanladığımız məktuba cavab yoxdur
“Xeberinfo.com”: Əxlaqsızlıq məkanları, insan alveri ilə bağlı dövrü mətbuatda silsilə yazılar dərc olunmaqdadır. Həftədə olmasa da, ayda 2-3 belə yazılarla rastlaşmaq mümkündür. Konkret ünvan və faktların əks olunmasına baxmayaraq bu yazılara aidiyyatı orqanlar tərəfindən gözlənilən reaksiya müşahidə olunmur. Mətbuatın araşdırıb, üzə çıxardığı qanuna və əxlaqa sığmayan faktlar elə fakt olaraq da qalmaqdadır. Nə çörəyi ... çıxanlar əməllərindən əl çəkir, nə də məsul şəxslərin “tükü tərpənir”.
Elə “xeberinfo.com” da insan alverinin tüğyan etdiyi daha bir məkan (Yuva yazmırıq.) haqqında məlumatlar daxil olub. Əslində bu məlumatları yeni hesab etməmək də olar. Səbəb isə indiyə kimi bu məkan haqqında mətbuatda dəfələrlə yazıların dərc olunmasıdır. Söhbət Bakı-Sumqayıt yolunun təxminən 20-ci kim-də “Tural” və “Bərguşad” kafelərinin arasında yerləşən “Türkan” adlı məkandan gedir. Elə bil “Tural” və “Bərguşad”-ın kölgəsində gizlənib, bu məkan.
Burada vergidənyayınma faktları açıq və kütləvi şəkil alıb. Ölkə iqtisadiyyatının hazırkı durumunu nəzərə alsaq, onda bu sayaq faktlar xüsusi ilə diqqətçəkən sayılmalıdır. Biz bunla bağlı Vergilər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin cavab məktubundan məlum oldu ki, həqiqətən də bu məkanda vergidən yayınma halları var.
Bu məkanla bağlı digər məlumatlardan qısaca da olsa... Məlumata görə əvvəllər bura “Zirvə” kafesi adı ilə məşhurlaşıb. Elə bilməyin ki, kafe olaraq-dadlı və ucuz yeməkləri, yüksək xidməti ilə-əsla yox. Elə yarandığı gündən kafe adı ilə pərdələnib, əxlaqsızlıq məkanına çevrilib.
İllərdir ki, bu məkanın ünvanı məşhurdur. Məşhurluq ilk baxışdan müsbət də qarşılana bilər. Amma, ilk baxışdan... Biz redaksiyamıza daxil olmuş məlumatlarla bağlı müəyyən araşdırmalar da apardıq. Az da olsa, bəzi əmmaları öyrənə bildik. “Füzulili iki qardaşın məkanı” kimi tanınır bu ünvan. Elşən və Rafik qardaşları hər şeyi unudub, axırıncı yola əl atıblar. Bəli bunun başqa adı yoxdur: AXIRINCI YOL.
Burada analoqu olmayan insan alveri gedir. İllərdir ki, vergidənyayınma kimi, insan alveri də açıq və kütləvi şəkildə. “Xidmətçilər”in bir “görüş”ü 20-30 manat arasında dəyişir. “Xidmətçilər”in dediyinə görə bu pulun yarısı müdiriyyətə çatır. Müştəri baxımından da vəziyyət pis deyil. Fəaliyyəti uzun illər olduğundan yetərincə müştəri də toparlaya biliblər. “Xidmətçilər” öz aralarında “görüş”ü “ptiminutka” adlandırırlar. Gün ərzində isə belə “ptiminutka”ların sayı dəqiq deyil.
Diqqət çəkən məqamlardan biri də “xidmətçilər”in regional mənsubiyyəti ilə bağlıdır. Hələ bir müddət əvvəl də bu bununla bağlı mətbuatda yazılıb. Sən demə müdiriyyət bu məqsədlə “ştatnı işçilər”ini müxtəlif rayonlara ezam edir. Bu “ştatnı işçilər” də məlum kəslərin sosial durumundan sui istifadə edərək, onları işə düzəltmək adı ilə “Türkan”a gətirirlər.
Məlumata görə burada təxminən 15-ə yaxın “istirahət kabinetləri” var. Əlbəttə “istirahət kabinetləri” demək mümküsə... Antisanitariya, xəstəlik mənbəyi.
Biz mövzu ilə bağlı Vergilər Nazirliyi ilə bərabər, Daxili İşlər nazirliyinə və Sumqayıt şəhər polis idarəsinin rəisi hörmətli general Sahib Mirzəyevə də 03. 03. 2015-ci il tarixli məktub ünvanladıq. Əvvəlki ikisindən fərqli olaraq cənab general hələ də 03. 03. 2015-ci il tarixli 05/015№-li məktubumuza cavab göndərməyib. Maraqlıdır, niyə? Yoxsa, hansısa polis rəisinin “Türkan”a “krışalığ”ı ilə bağlı xəbərlər həqiqətdir. Hər-halda biz inanmaq istəmirik. Natiq
P.S. Qardaşlardan biri yeri gəldi-gəlmədi hüquq-mühafizə orqanları ilə “dostluq”larından danışır. Hətta üç ay bundan əvvəl orqanlardan birinə (Adını yazmağı uyğun bilmirik. Red.) 8000 manat “tərləmə”lərini də deyib(?)