QARAGÖL MÜBAHİSƏSİ: ERMƏNİLƏRİN İDDİALARININ ƏSASI VARMI? –Mütəxəssislərin rəyləri
“Sovet hərbi xəritələri də təsdiqləyir ki, Qaragöl gölü və ətrafı Azərbaycanın suveren ərazisidir”
Yenixeber.org: Mayın 12-də Azərbaycan-Ermənistan sərhədində, Qaragöl ətrafında yaranmış gərginlik diplomatik müstəvidə qızğın müzakirə predmetinə çevrilib. Bu gün Ermənistanın Xarici işlər naziri Armen Ayvazyanın təşəbbüsü ilə məsələ Düşənbədə Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatının (KTMT) iclasında da müzakirə edilib. Ancaq müzakirələr Ermənistanin məyus olması ilə nəticələnib.
Bunu Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, bununla belə, müvafiq məsləhətləşmələr davam edir.
KTMT Katibliyi təşkilatın baş katibi Stanislav Zasın sözlərindən sitat gətirən bir açıqlama yayıb. Belarus generalı faktiki olaraq Rusiyanın mövqeyini təsdiqləyib. Açıqlamada bildirilib ki, KTMT vəziyyətin inkişafını həyəcanla və diqqətlə izləyir, eyni zamanda “Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan tərəfləri arasında başlayan danışıqları” alqışlayır.
Məlumdur ki, Ermənistan Azərbaycan hərbi təcavüzdə ittiham edərək, bu təşkilatdan hərbi yardım istəyib. Amma KTMT-nin lideri Rusiya rəsmi İrəvanın iddialarını qəbul etməyərək, hadisəni sərhəddə demakrasiya və delimitasiya fəaliyyətləri ilə izah edib. Bu, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.
Xatırladaq ki, Prezident İlham Əliyev və Xarici işlər naziri Ceyhun Bayramov KTMT üzvü olan ölkələrin rəhbərləri ilə əlaqə saxlayaraq Ermənistanın təxribatçı, yalan informasiyası barədə onları bilgiləndirib, Qaragöl ətrafında baş verən hadisənin gerçək mahiyyəti barədə məlumat veriblər..
Ekspertlər bu təşkilatın Azərbaycana qarşı hər hansı bəyanat qəbul etməyəcəyi qənaətindədirlər. Çünki qurumun iki üzvü - Qazaxıstan və Qırğızıstan Azərbaycanla Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasında təmsil olunurlar və əməkdaşlığı gücləndirmək üçün vahid strategiya müəyyən ediblər.
Qaragöl ətrafında yaranan gərginliyin mahiyyəti təhrif edilməklə bərabər onun Ermənistana məxsus olması barədə informasiyalar dövriyəyə buraxılır. Ermənistan rəsmiləri də çıxışlarında onu tirajlamağa çalışırlar. Bəs gerçəklik nədən ibarətdir?
İlk növbədə qeyd edək ki, Qaragölün və ətrafının tarixən Azərbaycana aid olduğu mübahisə doğurmur. Elə gölün adına baxdıqda bunu görmək mümkündür. Ermənilər də bunu bilir, əlbəttə. Sadəcə sovet hakimiyyətinin tarixi Azərbaycan torpaqları olan Zəngəzur kimi Qaragöl gölünü və ətraf ərazilərin də müəyyən hissəsini ermənilərə verdiyinə dair yalan iddialarla çıxış edir. Ancaq Azərbaycan bu iddiaların yalan olduğunu sübut edəcək sənədlərə malikdir.
Azərbaycan Milli Elmlər Akademiyasında coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov bildirib ki, həm Azərbaycan, həm də Ermənistanın sovet hakimiyyəti illərindəki xəritələrində sərhədlər dəqiqliklə göstərilib və aralarında heç bir fərq yoxdur.
Onun sözlərinə görə, sərhədlər keçmiş SSRİ-nin Geodeziya və Kartoqrafiya İnstitununun hazırladığı hərbi topoqrafik xəritələrə əsasən müəyyənləşir: "Amma bu xəritələr kütlə üçün əlçatan deyil, ancaq dövlət qurumları, icazəsi olan şxslər ondan istifadə edə bilərlər. Bu səbəbdən mən də xəritədəki qeydləri olduğu kimi açıqlaya bilmirəm. Amma deməliyəm ki, sərhəd xətti Qaragölün elə hissəsindən keçir ki, su səthinin daha çox hissəsi Azərbaycan tərəfə düşür. Bu xəritəni hansısa iddialarla dəyişmək qeyri mümkündür. Ona görə də Azərbaycan demakrasiyanın bu xəritə üzrə aparılmasını təklif edir".
M.İsmayılov daha sonra bildirdi ki, Qaragölün suyundan istifadə məsələsi ilə bağlı hələ Sovet dövründə mübahisələr olub: "Ermənilər iddia edirlər ki, gölün suyundan Gorusda təsərrüfatların suvarılmasında istifadə ediblər. Amma bu yalandır, çünki Qaragölun su ehtiyatları oludqca məhdudur. Suyun keyfiyyəti də o qədər yaxşı deyil, vulkanik kraterdə əmələ gəlmiş dağ gölüdür".
Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədindəki gərginlik qərb təhlilçilərinin də diqqətindədir. Amerikalı təhlilçi Pol Qobl Qarabağ münaqişəsinin artıq yeni miqyas aldığını yazıb.
“Son 25 ildə döyüşlər Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində gedirdi... İndi isə hər iki tərəfdən toqquşmaların dövlət sərhədinə keçməsi, kövrək atəşkəsi qanlı sonluqla bitirməsi təhlükəsi var”, – məqalədə deyilir.
Ermənistan iddia edir ki, Azərbaycan hərbçiləri onun ərazisinə doğru bir neçə kilometr irəliləyib. Azərbaycan isə sadəcə, demarkasiya işi aparıldığını, hərbi qüvvələrin mövqelərini tutduğunu bildirir.
Müəllif sərhəd məsələsinin üç səbəbdən indi ortaya çıxdığını yazır. Birincisi, Ermənistan və Azərbaycan qüvvələri hazırda üzbəüz dayanıblar.
İkincisi, Moskva özəlliklə Zəngəzur vilayətindən sərhədlərarası nəqliyyat xəttinin açılmasına çağırır.
Üçüncü məsələ isə Türkiyənin Cənubi Qafqazdakı nüfuzudur.
Azərbaycanın istədiyi Zəngəzur dəhliz açılarsa, Türkiyənin Azərbaycan və Orta Asiya ilə quru əlaqəsi yaranacaq ki, Ermənistan, Rusiya və İran bundan narahatdır.
Təhlilçi sərhədin demakrasiya və delimitasiyasının təkcə Zəngəzurda deyil, başqa yerlərdə də həddən artıq çətin olacağını qeyd edir. Çünki onların ümumi istifadə edəcəyi xəritə yoxdur, ortalıqdakı iki sovet xəritəsi azı 30 illikdir.
Pol Qobl bildirib ki, Ermənistan sovet dövrü hazırlanmış topoqrafik xəritələrdə Qaragölün 80 faizi onun ərazisinə düşdüyünü iddia etsə də, Azərbaycanın ortaya qoyduğu sovet hərbi xəritələrində həm gölün böyük hissəsi, həm də hərbçilərin irəlilədiyi yerlər məhz Azərbaycanın suveren ərazisidir.
Qeyd edək ki, mütəxəsislər sərhədlərin məhz hərbi xəritələr əsasında müəyyənləşdirildiyini bildirirlər. Yəni, Qaragöl gölü və ətrafının Azərbaycanın suveren ərazisi olduğu mübahisə predmeti deyil!