Məmurların oğurladıqları milyardları necə qaytarmaq olar? -“Xüsusi mexanizm hazırlamaqla...“
Vətən Müharibəsi başa çatdıqdan sonra rüşvətxor və korrupsioner məmurların həbsi yenidən gündəmə gəlib. Bəzi ekspertlər hesab edirlər ki, həbs edilməyən indiki və sabiq məmur-oliqarxların əlində 10 milyard manatdan çox vəsait var. Ümumi qənaət isə bundan ibarətdir ki, həmin vəsaiti dövlət büdcəsinə qaytarmağın ən asan yolu bu adamları həbs etməkdən keçir.
Yenixeber.org: Maraqlıdır, məmurları həbs etməklə onların xalqdan oğurladıqları vəsaiti dövlət büdcəsinə geri qaytarmaq mümkün ola bilər?
Məsələni şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli hazırda məmurların sahib olduğu varidatın rəqəmsal olaraq hansısa bir formada ifadə edilməsinin çətin olduğunu vurğulayıb:
“Bunun hesablanması, araşdırması aparılmalıdır. Söhbət milyardlardan gedə bilər, burada təəccüblü heç nə yoxdur, çünki korrupsiya uzun illərdir idarəetmənin tərkib hissəsi kimi fəaliyyət göstərir. Əsasən də, büdcə korrupsiyası çoxlu sayda məmurların varlanmasına səbəb olub. Amma onu da bilmək lazımdır ki, məmurların korrupsiya yolu ilə əldə etdiyi vəsaitin çox cüzi hissəsi Azərbaycandadır. Böyük bir hissəsi ölkədən illərdir çıxarılıb. Hətta beynəlxalq monitorinq qruplarının araşdırmaları da var ki, Azərbaycandan son 20 ildə ən azı 40 milyard dollara yaxın pul çıxarılıb. Bu, onu göstərir ki, məmurların əldə etdiyi vəsaitin böyük bir hissəsi Azərbaycanda deyil. Azərbaycanda çox zaman onlar daşınmaz əmlak və müxtəlif biznes strukturları saxlaya bilirlər. Amma bu, dəryada bir damladır”.
Ekspert qeyd edib ki, hətta həbs olunmuş məmurların əllərində olan vəsaitin dövlət büdcəsinə keçirilməsi üçün də xüsusi bir mexanizm lazımdır:
“Dövlət özünü Robin Hud kimi apara bilməz ki, vəsaiti onların əllərindən alıb büdcəyə keçirsin. Bunun bir qanuni əsası, məhkəmə qərarı olmalıdır. Məhkəmədə sübutlar təqdim edilməlidir. Çox ciddi prosedurlara söykənərək bu addımlar atılmalıdır. Amma daha məntiqli olardı ki, ölkənin, biznesin, idarəetmənin sağlamlaşdırılması üçün birdəfəlik maliyyə amnistiyası məsələsi gündəmə gəlsin. Başqa yol yoxdur, dünyanın,- Şərqi Avropa, keçmiş postsovet ölkələrinin və Baltikyanı ölkələrin,- timsalında biz bunu gördük ki, maliyyə amnistiyası, reabilitasiya haqqında qanun qəbul olunmadan sağlamlaşdırma tədbirlərinin görülməsi mümkünsüzdür”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, ölkədə yeni bir mühitin yaranması, məmur biznesinə son qoyulması və ölkənin əlavə bir maliyyə mənbəyinə çıxış əldə etməsi üçün maliyyə amnistiyasının çox sərt qaydalarla həyata keçirilməsi vacibdir:
“Həmin amnistiyadan əldə olunacaq vəsaitin birbaşa dövlət büdcəsinə köçürülməsinin əleyhinəyəm. Çünki bu, hökuməti tənbəlləşdirəcək, əlavə vəsait əldə etdikdən sonra öz işlərini normal görməkdə müəyyən problemlər yaşanacaq. Ona görə də xüsusi Prezidentin sərəncamı ilə Tərəqqi Fondu yaradılmalıdır. Bu vəsaitlər həmin fonda köçürüldükdən sonra həm işğaldan azad olunmuş torpaqlarda istifadə olunmalı, həm də ancaq sosial məsələlərə, məsələn, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, kiçik və orta sahibkarlığa faizsiz kreditlərin verilməsinə xərclənməlidir. Dediyim kimi, birbaşa büdcəyə köçürülsə, hökumət öz işini görməkdə tənbəlləşəcək. Necə ki uzun illərdir neft pulları büdcənin böyük bir hissəsini təşkil edirdi deyə, hökumət bəzi sahələrdə islahatları ildən-ilə gecikdirirdi, indi birdən-birə əlavə 5-10 miyard vəsaitin büdcəyə daxil olması, hökumətin bəzi addımlarda daha ləng davranmasına səbəb ola bilər. Ona görə də ayrıca büdcədən kənar dövlət fondunun yaradılması həm də sosial ədalətin bərpasının bir elementinə çevrilə bilər. Obrazlı desək, xalqdan oğurlananlar yenidən xalqa qaytarıla bilər”.