“HÜCRƏLƏR”DƏN ÇIXAN “RUSBAŞLAR”IN “SƏLİB YÜRÜŞÜ” VƏ... –Və rus əsgərilə Abutalıb Səmədov kimilərin fərqi
Bir neçə gündür ki, sosial şəbəkələrdə və mətbuatda rus sülhməramlı kontingentinə aid bir hərbçinin Laçında çəkilmiş videomüraciəti geniş müzakirə olunur. Ayrı-ayrı siyasilər, ictimai fəallar və s. həmin ermənilərə dəstək müraciətini müxtəlif rakurslardan şərh edirlər.
Yenixeber.org: Lakin çoxlarımız bunu qıcıq, hiddət və narazılıqla qarşılasaq da, rus əsgərinin ermənilərə ürək-dirək verib, onların arxasında durduqlarını açıq şəkildə söyləməsində qeyri-adi bir şey yoxdur. Zatən əsrlər boyu rus əsgərinin Qafqazdakı “missiyası” hər kəsə bəllidir və bu “missiya” qətiyyən dəyişməyib.
Ancaq bununla yanaşı, adını bilmədiyimiz bu “qəhrəmanın” ermənilərə ünvanlanan sağlığında bir məqam xüsusi diqqət çəkir: “Hər şey necə olmalıdırsa, elə də olacaq. Hətta nağıllarda da xeyir şərə qalib gəlir...”
Deməli, bunun və bununla birgə Qarabağa soxulan minlərlə rus əsgərinin gözündə ermənilər xeyir, azərbaycanlılar isə şər təcəssümüdür. Onu da qeyd edək ki, Qarabağa gətirilən əsgərlər heç də adi çağırışçılar deyil, xüsusi hazırlıqlı, təcrübəli hərbçilərdir. Onların siyasi savadı və hazırlığı sıravi rus əsgərindən qat-qat yüksəkdir. Həmin videodakı hərbçi isə bəlkə də zabitdir.
Deməli, bu adam Laçında rast gəldiyi hansısa erməninin sarsaq təbliğatı yox, özünün keçdiyi “məktəb”in, ordu rəhbərliyinin onun beyninə yeritdiyi tezislərin, bir sözlə, daşıdığı “missiya”nın mahiyyəti əsasında belə danışır. Həmin “missiya” isə özünün də sarsaqladığı kimi “xeyrin şər üzərində qalib gəlməsi” olmalıdır - bu qədər açıq və sadə!
Bu, göstərir ki, o və onunla birgə Qarabağa gələn ruslar Azərbaycanın müharibədəki qələbəsini “şərin xeyir üzərində qələbəsi” kimi anlayır. Baxmyaraq ki, bütün dünya daha çox məhz onun paqonunu daşıdığı və xidmət etdiyi Rusiyanı “şər imperiyası” adlandırır.
Yeri gəlmişkən, həmin videodan qısa müddət sonra sosial şəbəkələrdə guya rus sülhməramlılarının “Yaşasın Azərbaycan” söylədiyi başqa bir video dövriyyəyə buraxıldı. Sonradan məlum oldu ki, bu köhnə video Qarabağda yox, Rusiya ərazisindəki hansısa hərbi hissədə çəkilib, onun qəhrəmanı isə Azərbaycandan olan əsgərdir və Azərbaycandakı valideynlərinə salam göndərir. Böyük ehtimalla bu videonun sülhməramlılara aid kimi təqdim olunması da təsadüfi deyildi və son zamanlar daha da aktivləşən Rusiyanın buradakı beyin mərkəzlərinin “məhsulu”dur...
Demək olar ki, Rusiya əsgərinin Qarabağa girişinə paralel olaraq, Azərbaycan mediasında və siyasi mühitində də Rusiyameylli şəxslərin, Moskvanın köləsi, agenti olan xəyanətkar şəbəkənnin “səlib yürüşü” müşahidə olunmağa başladı. Hamının tandığı Mehdiyev, Həsənov, Qafarova kimi “rusbaşlar” sanki gizli fəaliyyətə keçib, meydana “hücrələr”dəkilər buraxılıb. Musabəyovların, zülfüqarovların, namazlovların, orucların və sairlərin əslində kim olduqları ortaya çıxmağa başlayıb...
Bu mənada sadə vətəndaşların demək olar ki, tanımadığı, siyasi camiyənin və medianın isə yaddaş kitabında uzaq, tozlanmış səhifədəki bir hərif qədər xatırlaya biləcəyi Abutalıb Səmədov və digər bu kimi şəxslər üzə çıxdı.
Doğrusu, bu dəqiqə nəinki sadə vətəndaşın, jurnalistlərin arasında sorğu keçirsəniz, onun partiyasının adını media təmsilçilərinin 99 faizi dəqiq deyə bilməyəcək. Əvəzində, qısa müddətdə adamı kimlərsə az qala teleulduza çevirməkdədir.
Belə təəssürat yaranır ki, A.Səmədov dəvət olunduğu verilişlərdə Rusiyanın ölkəmizə yaratdığı təhlükələri izah etmək istəyən siyasətçiləri, ictimai xadimləri “susdurmaq” missiyası daşıyır. Özü də bu zaman Rusiyanın gərəkliyini, Azərbaycan üçün əhəmiyyətini və nəhayət, Ordumuzun Qarbağdakı irəliləyişinin bizə yaratdığı “təhlükəni”(!) isbat etmək üçün hər cür “arqument”dən istifadə edir.
Məsələn, bu adamı studiyaya çağırıb, Rusiyanı canı-dildən dəstəkləmək üçün pərvazlandıran “Space” telekanalının efirində ağ yalanlar danışmasına şərait yaradan aparıcı onun dediklərinə heç bir kontur-arqument qoymadı. Adam deyir ki, müharibənin gedişində Makron və digərləri Azərbaycanın ölkə başçısına təzyiq göstərərək “dayan” desələr də, Putin bunu etməyib.
Əgər bu iddiadan xəbəri olsaydı, elə Putinin özü də Səmədovun dediklərinə təəcüblənərdi. Çünki Rusiya prezidenti özü etiraf edib ki, dəfələrlə müharibəni dayandırmağa çalışıb. Və nəhayətdə Azərbaycan Ordusunun tam qələbəsinə kimin imkan vermədiyi də hər kəsə bəllidir - təzyiqin, “dayan” deməyin buynuzumu olur?
Rusiyanın hərəkətlərinə, sülhməramlıların gəlişinə haqq qazandırmaq üçün həmin bu partiya sədri hətta həddin aşaraq Azərbaycanı Serbiya, Qarabağı Kosova, Azərbaycan Prezidentini isə Slobodan Miloşeviçlə eyniləşdirir. Xatırladaq ki, Miloşeviç serb qoşunları Kosovaya daxil olduğu üçün beynəlxalq tribunala cəlb edilmiş, Serbiya NATO tərəfindən bombalanmış, nəticədə Kosovadan çəkilməli olmuşdu. Kosovanınsa müstəqilliyi bir çox ölkələr tərəfindən tanınmışdı. İndi Azərbaycanı həmin dövrün hərbi cinayətlər törətmiş Serbiya rejimi, Qarabağı isə Kosovo ilə müqüayisə etmək nə dərəcədə doğrudur və bu, kimlərə xidmət edən yanaşmadır? Bu müqayisə kimlərinsə siyasətdə “peşka” belə olmayan birinin diliylə, ağzıyla Azərbaycana hədə-qorxu gəlmək, onu qorxutmaq cəhdi deyilmi?
Doğrusu, bu cür müqayisəyə heç erməni mətbuatında, erməni siyasətçilərinin çıxışlarında belə hər deyən rast gəlinmir...
Ancaq təəccüblüdür ki, bu cür çıxışlara lazımı reaksiya verilmir, dövlətə və dövlət başçısına qarşı yolverilməz fikirlər işlədən, “boyunun ölçüsünü aşan” iddialarla çıxış edənlər məsuliyyətə cəlb olunmurlar...
Bu cür vəziyyət onları daha da cəsarətləndirir, durmadan Rusiyanın maraqlarına xidmət edən açıqlamalar, müsahibələr verirlər, cəmiyyəti qıcıqlandırır, hakimiyyət və xalq arasında ucurum yaratmağa çalışırlar. Çünki işğaldakı ərazilərimizi ordumuzun rəşadəti , minlərlə gəncimizin şəhadəti hesabına azad etdiyimiz halda, hansısa şərəf yoxsulu siyasətçi, deputat çıxıb bunu Moskvanın icazəsi ilə bağladıqda, insanlarımızda haqlı olaraq narazılıq yaranır. Həm də o fikirlərin sahiblərinə qarşı deyil, onlara deputat, partiya rəhbəri statusu verən hökumətə qarşı...
Moskvanın da istədiyi və burdakı şəbəkəsinə tapşırığı məhz budur - xalqla dövlət, hakimiyyət arasında uçurum yaratmaq və bölgədə öz maraqlarını reallaşdırmaq imkanı əldə etmək...
Əlbəttə, Rusiyanın Qarabağa gəlişi, üçtərəfli razılaşmanın hansı zərurətdən irəli gəldiyi, Azərbaycanın hansı seçimlər qarşısında qaldığı və s. barədə cəmiyyətdə aşağı-yuxarı reallığa uyğun müəyyən təsəvvür formalaşıb. Və heç kim Rusiyanın açıq düşmən obrazının yaradılması, Azərbaycanın böyük güclərin döyüş poliqonuna çevrilməsi və s. buna bənzər perspektivlərin tərəfdarı deyil.
O da məlumdur ki, Azərbaycan Gürcüstan və Ukrayna ilə oxşar problemi yaşasa da, Rusiyayla açıq konfrantasiyaya getməyib, daha balanslı siyasət aparıb. Nəticədə də Rusiya həmin ölkələrdən fərqli olaraq, Azərbaycanla qarşı-qarşıya dayanmayıb. Lakin unutmayaq ki, Moskva Azərbaycanın yanında da olmayıb və deyil!
Hazırda Qarabağda tutduğu mövqelərə və davranışlarına baxanda isə belə təəssürat yaranır ki, Rusiya yanımızda olmaması bir yana, qarşımızdakına açıq dəstək və qayğı göstərir, onu dirçəldir və üstümüzə qalxmasına şərait yaradır.
Bunu bizdəki “rusbaşlar” da görməmiş deyillər. Ancaq bunu gərə-görə Rusiyanın “əvəzolunmazlığından” dəm vururlarsa, deməli məqsədləri başqadır və məlum videodakı rus əsgəri onlardan daha səmimidir, nə istədiyini və nəyə, kimə qulluq etdiyini də gizlətmir...
“azpolitika”