Monoetnik Ermənistanda boğulan vicdan azadlığı
Tarixən Azərbaycan dini etiqadların azad olduğu yer olub. Ölkədə atəşpərəstlikdən tutmuş islamadək bütün dinlərin nümayəndələri var. Onların ibadət yerləri dövlət və cəmiyyət tərəfindən qorunur. Hər il Atəşgaha minlərlə zəvvar ziyarətə gəlir. Bakıda İçərişəhərdə xristian dininə məxsus Müqəddəs Varfolemeyin qəbri yerləşir. Onun ziyarət edilməsinə hər cür şərait yaradılır. Bundan başqa Azərbaycanda çoxlu sayda alban, pravoslav, katolik kilsələri, yəhudi sinaqoqları var.
Yenixeber.org: Bu deməyə əsas verir ki, Azərbaycan Respublikasında dini etiqad azadlığı təmin edilib, hər bir vətəndaşın dini hsslərinə hörmətlə yanaşılır. Ölkəmizdə dini icmaların və konfessiyaların qanun çərçivəsində fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Bu gün ölkəmizdə pravoslav, katolik kilsələr, sinaqoqlar, ayrı-ayrı dini icmalar tam sərbəst şəkildə fəaliyyət göstərirlər.
Azərbaycandan fərqli olaraq Ermənistanda istər milli azlıqların, istərsə də digər dinlərin nümayəndələrinə qarşı ciddi təzyiqlər mövcuddur. Təsadüfi deyil ki, bu gün Ermənistan monoetnik dövlətdir, digər xalqların nümatəndələri təzyiqlərə məruz qalaraq bu ölkəni tərk etməyə məcbur olublar.
1990-cı ilin əvvəllərində etnik təmizləmə nəticəsində Ermənistandan 300 mindən çox azərbaycanlı qovulub, həm Ermənistanda, həm də işğal altında olan Azərbaycan ərazilərində məscidlər, dini və milli abidələr məhv edilib.
Ermənistanda Qriqoryan kilsəsinin şəksiz hökmranlığı şəraitində digər dinlərin və dini icmaların nümayəndələri daim təzyiq altında saxlanılır, onların hüquqları kobud şəkildə pozulur, dini hissləri tapdanır. Bu günlərdə Yeddinci Günün Adventistləri icmasının nümayəndələrinin silahlandırılaraq cəbhəyə göndərilməsi bunun bariz nümunəsidir.
Adventistlər müharibəni və silahlı qarşıdurmada iştirakı qəbul etmirlər. İcma üzvləri əllərinə silah götürmür, silahdan istifadə etmirlər.
Xatırladaq ki, adventizm 1831-ci ildə Amerika Birləşmiş Ştatlarında Vilyam Miller (William Miller 1782 - 1849) adlı bir fermer tərəfindən yaradılmış bir xristian - din hərəkatıdır.
Buna baxmayaraq, ciddi insan resursu çatışmazlığı ilə üzləşən Ermənistanın hərbi-siyasi rəhbərliyi hətta adventistləri belə zorla silahlandırıb cəbhəyə göndərir. Bir neçə gün öncə əsir düşmüş Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin pastoru Hovsep Sahakyan dinin inanclarının əleyhinə olaraq zorla silahlandırılıb cəbhəyə göndərilməsi bunu aydın nümayiş etdirir.
Azərbaycana əsir düşdükdən sonra Hovsep Saakyanın əsir hüquqlarına və dini inancına hörmətlə yanaşılıb. Onun kilsəyə gətirilməsi də bu humanist münasibətin bariz nümunəsidir.
Qeyd edək ki, Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç bildirib: “Məni Azərbaycanda döyüşməyə zorla göndərdilər”.
O deyib ki, 1995-ci ildə Ermənistanın Allaverdi rayonunda anadan olub. Keşişi oktyabrın 16-da Sisiandakı hərbi komissarlığa Azərbaycan ərazisi olan Qarabağda döyüşə getməyə çağırıblar. Saakyan və başqa din xadimləri də döyüşə getmək istəmədiklərini bildirsələr də, onların dediklərinə məhəl qoymayıblar. Din xadimlərinə “Kalaşnikov” avtomatı verib Ermənistan-Azərbaycan sərhədinə, Qubadlı rayonuna aparıblar. Onlar orada istehkam qurumuşlar. Bu zaman həmin əraziyə mərmi düşüb. "Sağ qaldığım üçün Allaha şükürlər etdim", - keşiş bildirib.
Bakıdakı Yeddinci Günün Adventistləri Dua Evində keçirilən görüş zamanı isə Hovsep Saakyan erməni xalqını qan tökməyi dayandırmağa çağırıb.
Azərbaycanda bütün dövrlərdə olduğu kimi, hətta müharibə şəraitində belə multikultural dəyərlərə, insan hüquqlarının təmin olunmasına sadiqliyini nümayiş etdirdi.
Azərbaycanda adventizm XlX əsrin sonlarından yayılmağa başlayıb. Çar Rusiyası dövründə Azərbaycanda adventizm əsasən molokanlar arasında yayılıb. Lakin çar müstəbid rejimi adventistləri təqib etməyə başladıqdan sonra onların rəhbərlər həbsxanaya atıldı və ya sürgünə göndərildi, digərləri isə ölkədən çıxarıldı. Buna baxmayaraq, Rusiya imperiyası dövründə Azərbaycanın ayrı-ayrı yerlərində kiçik adventist dini icmalar mövcud olub
Sovet hakimiyyəti illərində də Azərbaycanda adventistlər fəaliyyət göstərib, Keçən əsrin 80-cı illərində Bakıda adventistlərin sayı 100 nəfərə yaxın olub.
1991-ci ildə Azərbaycan xalqı dövlətçilik ənənəsini yenidən bərpa etdikdən sonra respublikamızda yaşayan adventistlər öz inanclarını qorxmadan, çəkinmədən yaşamaq və yaymaq imkanı əldə etdilər. 1980-cı illərin sonunda ölkəmizdə adventistlərin sayı 125 nəfər olduğu halda, günümüzdə onların sayı təqribən 400 nəfərə yaxındır.
Ölkəsində Saakyana edilən zülm Ermənistan hakimiyyəti üçün müqəddəs heç nə olmadığının göstəricisidir. Bu, ermənilik ideologiyasının mahiyyətidir. Onlar faşistcəsinə “hər nə varsa erməni üçün işləməlidir” prinsipi ilə fəaliyyət göstərirlər. Bu baxımdan onlar sevgi kimi müqəddəs amalı təbliğ edən xristinalığın təməl prinsipinə qarşı çıxış edirlər. Bu isə erməniliyin xristianlığa xidmətinin saxta olduğunu deməyə əsas verir. Ölkədə fərqli dinin, təriqətin nümayəndələri diskriminasiyaya məruz qalırlar.
Ermənistan hazırda monoetnik ölkədir. Saakyana münasibət isə bu respublikanın yaxın gələcəkdə bir təriqətli (yalnız qriqorian) olacağından xəbər verir. (report)