İşğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Yenixeber.org: Nazirlik bunu niyə özəlliklə vurğulayır? Axı düşməndə digər silahlar, texnikalar da var. Niyə sırf fosfor tərkibli silah üçün nazirlik xəbərdarlıq etdi? Bunun xüsusi səbəbi var. Çünki fosforlu silahlardan istifadə qadağan edilib. Qadağan edildiyi üçün bu sinifə aid heç bir silahdan Azərbaycan istifadə etmir, amma mənfur düşmən heç bir qayda tanımır. Çünki terrorçular qanun dinləyən deyil.
Bu, ermənilərin ilk təxribatı deyil. Ağ fosfor tərkibli silahlardan ermənilər daha əvvəl də istifadə edib. Baxmayaraq ki, bu, qəti qadağan edilib. Fosfor tərkibli silahın istifadə edilməsinin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər qəbul edilib.
İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyasi qəbul edilib. Bundan başqa fosforlu bombalardan istifadəni qadağan edən Cenevrə konvensiyasının üçüncü protokolu mövcuddur. Məsələn, "Zarin” adlı fosfor silahı 2-ci Dünya müharibəsində, o cümlədən 1980-88-ci illərdə İran-İraq savaşında edilib. Bu silah 1993-cü ildə Cenevrə beynəlxalq konvensiyası ilə qadağan olunub. Sənədlərdə qeyd olunub ki, istənilən şəraitdə mülki əhaliyə olmaq etibarı ilə ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silahdan tətbiq etməklə hücum qadağan edilir. Amma buna baxmayaraq 2013-cü ildə Suriyada bu silah yenə istifadə olunub.
Nə üçün qadağan edilir?
Bu silahların əsas tərkibi, gücü və qorxulu tərəfi ağ fosfordur. Belə ki, ağ fosfor atmosferlə təmasa keçdikdə yanğın əmələ gəlir və bu zaman istilik 1300 dərəcəyə çatır. Yanğın ağ tüstü ilə müşahidə edilir və fosforun və ya oksigenlə təmasın bitməsinə qədər davam edir. Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün. Partlayışdan sonra ətrafda olan hər şeyi yandırır. Bu xüsusiyyətinə görə, bəzən yanğın yaratmaq üçün də istifadə edilir. Ağ fosforlu mərmi hətta elə bir hal yaradır ki, yaralanmış insanları xilas etmək demək olar ki, mümkün olmur. Çünki mərmilərin qəlpələrinin yaratdığı yanıqlar olduqca dəhşətli olur. İnsanın dərisi tamamilə soyulur. Mərminin qəlpələri hətta suda belə sönmür.
Fosfor məzmunlu bombaların tüstüsü belə insanı öldürə, ciddi fəsadlar yarada bilər. Məsələn, bu kimyəvi silah insan orqanizminə daxil olan kimi tez həll olur, mədə-bağırsaq sisteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir və insanda halsızlıq, tənginəfəslik yaradır. Xüsusi xəstəliyi olan şəxsləri, yaşlı insanları bu təsir belə öldürə bilər. Mülki əhalini hədəf alaraq atılan belə silahların yaradacağı nəticələr olduqca ağır ola bilər. Ermənilər terrorçu olduqlarını bu silahlardan istifadə etməklə bir daha sübut edirlər.
“Müsavat”