Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qarabağda status-kvonun qorunması üçün daha bir cəhd:ŞƏRH

 

Moskva dini liderləri bir araya gətirir; BMT Baş Məclisi çərçivəsində XİN rəhbərlərini görüşdürmək istəyən həmsədrlər İrəvanın saymaz davranışlarına reaksiya vermir; politoloq: “Ermənistan qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər bölgədə sülh mümkün deyil”

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın səlahiyyətlərini başa vurar-vurmaz mətbuata verdiyi açıqlama Ermənistanda geniş müzakirələrə səbəb olub. Amerikalı diplomatın münaqişənin əsas nizamlanma bəndlərini açıqlaması məhz Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sərkisyanın Soçi görüşündən dərhal sonraya təsadüf etdiyindən, bu, daha çox ajiotaj doğurub.


Yenixeber.org:Qeyd edək ki, R.Hoqlandın “Amerikanın səsi” radiosunun saytında açıqladığı nizamlanma bəndlərinə görə, Dağlıq Qarabağ ətrafında Ermənistan tərəfindən tutulmuş rayonlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Eyni zamanda bütün məcburi köçkünlərin əvvəl yaşadıqları ərazilərə qaytarılması sözügedən həll modelində əksini tapır. Bütün bunlar isə ermənilər tərəfindən hay-küylə qarşılanıb. Xüsusilə də Qarabağdakı separatçılar bu təkliflərə qəzəbli reaksiya veriblər. Erməni politoloq Arman Məlikyan (bu adam vaxtilə qondarma “DQR”in “xarici işlər naziri” vəzifəsini daşıyıb - red.) iddia edib ki, “Hoqlandın təklifi ”ərazi qarşılığında heç nə" formulundan başqa bir şey deyil. Bu, Rusiya və Azərbaycan siyasi xadimlərinin və analitiklərinin səsləndirdiyi tezislərlə eynidir. “Belə çıxır ki, ərazilər Azərbaycana ”DQR-in torpağı kimi deyil (?), sadəcə, qan tökülməsinin qarşısının alınması üçün qaytarılacaq", Məlikyan özünün facebook səhifəsində yazıb.

Separatçı qurumun daha bir nümayəndəsi Ayk Hanumyan isə problemin yeganə həllinin qondarma qurumun tanınması olduğunu bildirib. O, müharibədən öncə 4440 kv. km-lik əraziyə malik Qarabağın əvvəlki sərhədlərinə qaytarılmasının mümkünsüz olduğunu qeyd edib.


Ermənistanın təhlükəsizlik üzrə ekspertlərindən sayılan, strateji araşdırmalar mərkəzinin rəhbəri politoloq Hrant Məlik-Şahnazaryan Hoqlandın təkliflərinin artıq aktuallığını itirdiyini bildirib. Politoloq Hrant Mikaelyan isə Riçard Hoqlandın gethagetdə belə bir təkliflə çıxış etməsini təbii hesab edir. “Onun səlahiyyətləri dövründə nizamasalma prosesi ilə bağlı dəyişiklik olmayıb. Görünür, o getdikdən sonra prosesi yerindən tərpətmək üçün addım atmağa cəhd edib”. Bəzi erməni siyasət ekspertləri isə məsələyə daha təmkinli yanaşmağa üstünlük verib.


Qeyd edək ki, rəsmi Bakı danışıqlara sadiqliyini nümayiş etdirərək irəli sürülən təkliflərə müsbət reaksiya verib. Ermənistan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın vurğuladığı prinsipləri qəbul etdiyini etiraf edirsə, onda artıq substantiv danışıqlara başlamaq lazımdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın son açıqlamasını şərh edərkən deyib (Trend).


Nazir bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının Akvil, Muskoka və Los-Kabos bəyanatlarında Helsinki Yekun Aktı əsasında münaqişənin mərhələli həllinin əsas elementləri öz əksini tapıb: “Bu elementlər də yenilənmiş Madrid prinsiplərinin fundamental əsasını təşkil edir. ABŞ-dan olan həmsədr Riçard Hoqland tərəfindən də bu prinsiplər bir daha vurğulandı. Biri digərini tamamlayan bu prinsiplərin ardıcıllığında ilkin addım Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasıdır. İşğal faktının aradan qaldırılması ilə məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi təmin olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, Ermənistan münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini də yerinə yetirmir”.


E.Məmmədyarov bildirib ki, Ermənistan tərəfi bu prinsiplərin yeni olmadığını və onları qəbul etdiyini etiraf edirsə, onda artıq təfərrüatları müzakirə etmək üçün substantiv danışıqlara başlamaq lazımdır. Münaqişənin həlli ilə yaranacaq əməkdaşlıq imkanlarından erməni xalqı faydalana biləcək: “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, həmsədr ölkələrin dövlət başçıları səviyyəsində qəbuledilməz hesab olunan status-kvonun dəyişdirilməsi, münaqişənin tezliklə həlli və regionda davamlı sülhün təmin olunması üçün ciddi danışıqlara hazırdır”.


Ermənistan hakimiyyəti hələ ki geniş müzakirəyə səbəb olan təkliflərə neqativ münasibət açıqlayıb. Xarici işlər naziri Edvard Nalbəndyan amerikalı həmsədrin yeni bir şeyi söyləmədiyini bildirib. Amerika Erməni Milli Komitəsi Hoqlandın bəyanatını hiddət və qəzəblə qarşılayıb, “qəbuledilməz olduğunu” bildirib. Erməni jurnalist İosif Kubatyan isə “Reqnum”da yazdığı məqaləsində amerikalı həmsədrin çıxışının təsadüfi olmadığını bildirib. Onun sözlərindən belə anlaşılır ki, son günlərdə Ermənistanın Avropa Birliyi və NATO ilə münasibətlər qurması Rusiyanı əsəbləşdirib və Moskva Ermənistanı Azərbaycan üçün daha yumşaq olan varianta razılaşmağa məcbur edib. Ancaq görünür, bu ölkənin fəlakətə doğru getdiyini anlayanlar da az deyil. Bu, keçmiş həmsədrin təkliflərinə verilən normal reaksiyalardan da görünür.


Erməni politoloq, İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan deyib ki, ətraf rayonların qaytarılması ermənilər üçün “ağrılı məsələdir”, lakin bunsuz sülh mümkün deyil. “Hoqlandın açıqladığı sənəddə ətraf rayonların qaytarılması prinsipi əksini tapıb ki, bu da erməni tərəfində ağrılı qarşılanır. Lakin biz başa düşməliyik ki, hansısa konstruktiv həll yolu tapmaq üçün bu məsələ həlledici əhəmiyyət kəsb edir” - ekspert deyib. 

Əslində irəli sürülən təkliflərdə Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin vacibliyinin qeyd olunması işğalçıya ən böyük güzəştdir. Hoqlandın sözlərinə görə, bu dəhliz elə geniş olmalıdır ki, daşımaların təhlükəsizliyini təmin etsin, amma bütün Laçın rayonunu əhatə edə bilməz. Düzdür, referendum məsələsi heç bir halda qəbulolunmazdır. Ancaq Bakı mərhələli həll yoluna üstünlük verməklə gələcəkdə tərəfləri qane edəcək hansısa ortaq variantın qəbulunu da mümkün sayır. 

Vurğuladığımız kimi, Hoqlandın açıqladığı prinsiplərə əsasən işğal altındakı ətraf rayonlar üzərində Azərbaycanın suverenliyi bərpa edilməli, o cümlədən dəhliz çıxılmaqla Laçın rayonu da qaytarılmalıdır. Dağlıq Qarabağın yekun statusu isə qarşılıqlı anlaşma və nəticələri hər iki tərəf üçün hüquqi əhəmiyyətə malik olan referendumla müəyyən edilməlidir. 

Amerikalı diplomatın açıqlamasının BMT Baş Assambleyasının gələn ay keçiriləcək sessiyası ərəfəsində ortaya çıxması da maraqlıdır. Xəbər verildiyi kimi, həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərini sessiya çərçivəsində görüşdürmək istəyirlər. Prezident Pitinlə S.Sərkisyan arasında keçirilən Soçi görüşündən sonra geniş müzakirəyə səbəb olan bu sənəd-layihəyə Rusiyanın reaksiyası isə hələ bəlli deyil. İstənilən halda təəccüblüdür, İrəvanın əsas kimi qəbul etdiyi prinsiplər Ermənistanda niyə hay-küylə qarşılanır? 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, adətən amerikalı həmsədrlər səlahiyyətlərini başa vurmaq ərəfəsində sözün düzünü deyirlər. “Onsuz ermənilər anlayırlar ki, Dağlıq Qarabağın ətrafını boşaltmalıdırlar.

Həmin bölgələr onlara, sadəcə danışıqlarda alver predmeti olaraq lazımdır” deyən ekspert amerikalı həmsədr Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün faktiki “mərhələli həll” planının yerinə yetirilməsinin vacibliyini bildirməsi günün reallığıdır: «Ermənistan qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər bölgədə sülh mümkün deyil. Əslində bunu Ermənistanda da anlayırlar və təsadüfi deyil ki, ara-sıra Dağlıq Qarabağ ətrafındakı rayonları nə vaxtsa boşaltmaq məcburiyyətində qalacaqlarını etiraf edirlər. Sadəcə, İrəvan bu rayonları qeyd-şərtsiz boşaltmaq istəmir, bu rayonlardan şantaj predmeti kimi istifadə edir, yəni deyirlər ki, əvvəlcə Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendumun tarixi bilinməlidir və məhz bundan sonra rayonlar boşaldıla bilər. Bu, bizə sərf etmir. Biz Dağlıq Qarabağın, o cümlədən Şuşanın itirilməsi hesabına Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razı ola bilmərik. Dağlıq Qarabağ ətrafındakı rayonların ermənilərin əlində şantaj predmeti olmasından çıxarılması üçün həmin rayonların hərbi yolla azad olunmasına ehtiyac var. Məsələ burasındadır ki, erməni separatçıları Ağdam, Füzuli və digər rayonlarımızdan bufer zonası kimi istifadə edir, bununla Dağlıq Qarabağ ərazisinin təhlükəsizliyini təmin edirlər. Ağdam, Füzuli və digər rayonları azad etsək, Xankəndindəki rejimin təhlükəsizliyi ortadan qaldırılacaq. Belə olan halda danışıqlarda diktə edən tərəf biz olacağıq".


E.Şahinoğlu xatırlatdı ki, erməni separatçılarının vaxtilə üç məqsədi olub: “Birinci məqsədi Şuşanı işğal etmək olub ki, Xankəndi üzərindəki təhlükə sovuşsun. İkinci Laçını işğal etmək istəyiblər ki, Ermənistanla birbaşa əlaqələri olsun. Üçüncü məqsədləri Dağlıq Qarabağ ətrafındakı rayonların işğalı olub ki, özləri üçün bufer zonası yaratsınlar. Təəssüf ki, erməni separatçıları 1990-cı illərin əvvəllərində hər üç məqsədinə çatıblar. İndi bizim qarşımızdakı birinci məqsəd separatçıları bufer zonasından məhrum etməkdir. Bu, danışıqlar masasında əlimizi xeyli gücləndirəcək və bəlkə də sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək”.


Maraqlıdır, hazırda Qarabağ məsələsi ilə bağlı Rusiya və Amerikanın yanaşmasında fərq varmı, yoxsa onlar ortaq layihəni dəstəkləyir? E.Şahinoğlu: “Amerikalı diplomatlar ”mərhələli həll" planını dəstəkləyirlər, rusiyalı diplomatlar isə erməni separatçılarının mövqeyindən çıxış edərək statusun da müəyyənləşməsini vacib sayırlar. Fərq bundadır. Nəticənin olması üçün hansısa dövlət Ermənistana təzyiq etməlidir. Heç bir dövlət İrəvana təzyiq etmir, ona görə də durduğu yerdə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq".

Politoloq Nyu-Yorkda gözlənilən XİN başçılarının görüşündən fayda gözləmir. Onun fikrincə, “hər dəfə nəticəsiz başa çatan görüşlərdən biri olacaq”.

Bu arada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun Ermənistana səfər etməsi, prezidenti Serj Sərkisyan və digər rəsmi şəxslərlə görüş planlaşdırması da diqqət çəkir. Hər halda, Dağlıq Qarabağ məsələsi bu görüşlərdə aparıcı mövzu olacaq. 

Amerika görüşünə paralel olaraq dini liderlərin görüşü də planlaşdırılır. Belə ki, sentyabrın 8-də bütün ermənilərin katalikosu 2-ci Qaregin və Qafqaz müsəlmanlarının Şeyxi Hacı Allahşükür Paşazadə görüşəcək. Görüş Moskva və bütün Rusiyanın patriarxı Kirillin vasitəçiliyi ilə təşkil olunacaq. 

İrəvanın davranışları, hətta Hoqlandın güzəştli təkliflərinə verdiyi etinasız münasibət ondan xəbər verir ki, istənilən səviyyədə aparılan danışıqlar, sadəcə, böyük müharibə riskini minimuma endirməyə xidmət edir. Bu isə Ermənistana hava və su kimi lazımdır...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam