Gürcüstanda azərbaycanlıların həbsi:nə baş verir?
Zəlimxan Məmmədli: “Soydaşlarımızı narkotikə və dini cərəyanlara meylli kimi göstərməyə çalışırlar”
Yenixeber.org: Bir neçə gündür ki, Tiflisin azərbaycanlılar sıx yaşadığı Poniçala qəsəbəsində Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən əməliyyatlar keçirilir. Belə ki, Gürcüstan Daxili İşlər Nazirliyinin 12 avqust tarixində yaydığı məlumatda qeyd olunur ki, iki qardaş - 1989-cu il təvəllüdlü Nazim Cəfərov və 1976-cı il təvəllüdlü Mahir Cəfərov narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub. Təqsirləndirilən şəxslərin sistematik olaraq narkotik vasitələri satdıqları müəyyən olunub. Saxlanılan şəxslərin evində aparılan axtarış zamanı 33 bağlama heroin müsadirə olunub. APA-nın xəbərinə görə, həbs olunanların qohumları və qonşuları bu ittihamın əsassız olduğunu bildiriblər.
Ailə üzvü Samrat Cəfərovun sözlərinə görə, narkotik vasitə qardaşlarını şərləmək məqsədilə evə atılıb. O, DİN-i qardaşlarını azad etməyə və müstəqil ekspertiza təyin etməyə çağırıb. Saxlanılan şəxslərin yaxınları baş verənlərin qonşularla mövcud münaqişə ilə bağlı olduğunu istisna etmirlər.
Qəsəbədə avqustun 16-da növbəti əməliyyat da keçirilib. Bu dəfə isə narkotik vasitələrin satışı və saxlanılmasında şübhəli bilinən Faiq Hüseynov adlı şəxs saxlanılıb. Faiq Hüseynovun da qohumları ittihamları əsassız adlandırıblar. Ümumilikdə isə son günlər adıçəkilən qəsəbədə həyata keçirilmiş xüsusi əməliyyatlar nəticəsində 5 nəfər saxlanılıb. Saxlanılanlar arasında olan Nazim və Mahir Cəfərov qardaşları ilə bağlı məhkəmə həbs qəti imkan tədbiri seçib.
“Yeni Müsavat”a danışan “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib ki, bu hadisə ilə bağlı araşdırma aparıb, daha dəqiq məlumat əldə etməyə çalışırlar: “Poniçala qəsəbəsində azərbaycanlılar çoxluq təşkil edir. Bu qəsəbə Rustavi ilə Tiflisin arasındadır. Bir növ şəhər mühitinin içərisində olan qəsəbədir. Burada müxtəlif zamanlarda narkotik ticarəti ilə bağlı məsələlər gündəmə gəlib, insanlar həbs ediliblər. Hətta bəzi hallarda dini zəmində qarşıdurma elementləri də müşahidə olunub. Hər-halda, mən Gürcüstanın indiki hakimiyyətindən ifrat yanaşmanı gözləyirəm. Bəzi hallarda bizim soydaşlara əski sovetlər zamanında olduğu kimi üstdən aşağı baxırlar. Yaxud da soydaşlarımızı narkotikə və dini cərəyanlara meylli kimi təqdim etməyə çalışırlar. Ola bilər ki, ayrı-ayrı epizotik hallar baş versin. Ancaq bir nəfər cinayətkarı götürüb, onun əməllərini bütün soydaşlarımızın adına şamil etmək yanlışdır. Gürcüstanda demokratik islahatlar oldu və qanunlar işlədi. Qanun da işləyəndə vətəndaş rahat olur. Ancaq son zamanlar həm rüşvət, həm də digər qanunsuzluqlarla bağlı xeyli siqnallar gəlir. İndiki hakimiyyət demokratik dəyərləri nisbətən pozmağa meylli görünür. Bütün hallarda bizim toplum olaraq bir araya gəlib, təşkilatlanmaq, Avropaya doğru inkişaf edən Gürcüstanın yanında yer almaq kimi təşəbbüslərimizin qarşısını alma cəhdləri müşahidə edilir. Bunu birbaşa olaraq cəmiyyətimizin fəaliyyətində də hiss edirəm. Ən azı mədəni tədbirlərimizdə insanların sivil formada bir araya gəlməsini istəmirlər. Bu yetərli olmur, bizim tədbirləri qadağan edirlər. Həmçinin bizim milli məzmun daşıyan tədbirlərimizin yerinə gürcü mahiyyətli tədbirlər salırlar. Məsələn, hakimiyyətin nümayəndələri deyirlər ki, türk, elat sözünü işlətməyin. Bu il bizə Elat bayramımızı keçirməyə imkan vermədilər. Onun yerinə gürcü bayramı keçirdilər. Bunun özü çox şeydən xəbər verir. Bir azlıq olaraq orada mədəniyyətimizi nümayiş etdirmək, toplanmaq, sevinmək imkanlarımızı əlimizdən almaq cəhdləri var. Bayraq olmamalı, aborigenlik haqqında danışmaq olmaz kimi anti-türk düşüncələri indiki hakimiyyətin içərisində yer alıb”.
Z.Məmmədli bildirib ki, əgər soydaşlarımızın fəaliyyətini əvvəllər müxtəlif gizli formalarla əngəlləməyə çalışırdılarsa, artıq bu, açıq şəkildə edilir: "Deyirlər ki, Borçalı sözünü dilinizə gətirməyin. Bu çox yanlış düşüncədir. Hətta gürcü ziyalıları da açıq şəkildə Borçalı sözündən istifadə edirlər. Siyasi hakimiyyət orada hansısa mənalar axtarır ki, bu da onların topluma olan münasibətindən irəli gəlir. Ona görə də borçalıların orada hazırkı vəziyyəti yaxşı sayılmır. Bunu Azərbaycanda da nəzərə almalıdırlar. Əgər indi nəzərə alınmasa, çətin olacaq. Kimsə qanun pozursa, tutub cəzasını versinlər. Ancaq onun mədəniyyətini nümayiş etdirməsini yasaqlamaq nə qonşuluğa, nə demokratiyaya, nə də dövlətlərarası münasibətlərimizə yaraşan hal deyil. Fərman Ceyranov məsələsində də hesab edirəm ki, siyasi çalar var. Borçalı kökənli iş adamının Tiflisin mərkəzində 20 milyon investisiya qoyaraq bir cazibə qüvvəsi yaratması, müəyyən dairələrin maraqlarına uyğun deyil. Bundan başqa bizim seçkilərdə namizəd olan Əhməd İmamquliyevin halal bir formada parlamentdə gedən yolunu bağladılar. 75 faiz səslə qalib olan Əhmədi, 10 gün sonra 25 faiz səslə məğlub etdilər. Hər-halda biz hesab edirik ki, Gürcüstanın indiki hakimiyyəti, Saakaşvilinin qoyduğu demokratik təməlləri pozmağa meyllidir".
Zəlimxan Məmmədli bildirib ki, hazırda əsas problemlərdən biri də təhsil məsələsidir: “Təhsillə bağlı əsas problemlərdən biri pedaqoji kadrların çatışmazlığıdır. Azərbaycanın təhsil sistemi o pedaqoji kadrların hazırlanmasında hələ funksiyasını tamamilə bitirməyib. Gürcüstanın ali təhsil müəssisələrində isə kifayət qədər yaşlı nəsillərdə milli kadrların hazırlanma problemi var. Saakaşvili dövründə aparılan islahatlar bizim üçün sərfəli idi. Avropa modelini tətbiq etdilər və bizim məktəblərdə oxuyan uşaqlar bir il hazırlıq kursuna getdikdən sonra gürcü dilini öyrəndilər. Artıq bizim Gürcüstanın universitetlərində təhsil alan 2 mindən çox tələbəmiz var. Ancaq onların işlə təminatı, milli kimliklərini itirmədən Gürcüstanın içərisində aparıcı mövqe daşıması üçün işlər görülməlidir. Ümumi götürən biz milli məktəblərin saxlanılmasının tərəfdarıyıq, ancaq gürcü dilinin öyrənilməsi üçün dövlət daha böyük səylər göstərməlidir. Bunu da milli məktəbləri bağlayaraq etmək, bizim mərkəzi bağlamağa bənzəyir. Hər-halda milli məktəblər orada bizim milli auramızı, özgürlüyümüzü saxlamaq, tariximizi bilmək baxımından çox önəmlidir. İnsanlar var ki, gürcü məktəbini bitiriblər və 30 il keçib, hələ də azərbaycanca danışmağı bacarmırlar. Təfəkkür baxımından da millilikdən uzaqdırlar. Gürcüstanın təhsil haqqında qanununa görə də milli azlıqların öz dillərindən təhsil alma hüquqları tanınır. Bu hüquqa dəyməmək lazımdır”.
Əli RAİS